Azerbaycan Pediatrlar Assosiasiyasi - Wikipedia
Azərbaycan Pediatrlar Assosiasiyası — (APA) 100 ilə yaxındı səhiyyə sahəsində fəaliyyət göstərir. Assosiasiya ölkədə bu sahənin həkimlərinin böyük tarixə dayanan peşəkar birliklərindən biridir.
Azərbaycan Pediatrlar Assosiasiyası | |
---|---|
Azərbaycan Pediatrlar Assosiasiyası | |
Yaranma tarixi | 1930 |
Yarandığı yer | Bakı |
Qurucusu | Əməkdar elm xadimi, professor Əbülfəz Qarayev |
Prezident | Dosent, Tibb üzrə fəlsəfə doktoru Təranə Tağızadə |
Pediatrlar Assosiasiyası |
Tarixi
redaktəAPA-nın yaranması tarixi 1930-cu ildə Bakı Dövlət Universitetinin tibb fakültəsinin bazası əsasında təsis edilən Azərbaycan Tibb Universitetinin yaranması ilə eyni tarixi dövrə təsadüf edir. Assosiasiya müxtəlif illərdə müxtəlif adlar altında fəaliyyət göstərib.
Təşkilata uzun illər ilk azərbaycanlı pediatr, Azərbaycanda ana və uşaqların sağlamlığının mühafizə sisteminin yaradıcısı, Əməkdar elm xadimi professor Əbülfəz Qarayev rəhbərlik edib. Əbülfəz Qarayev 1938-ci ildən 1952-ci ilə qədər əvvələr Azərbaycan Uşaq Həkimləri Cəmiyyəti kimi tanınan indiki Azərbaycan Pediatrlar Assosiasiyasının sədri olub.[1][2] Sonrakı tarixi dövrdə assosiasiyanın fəaliyyətinə tanınmış ictimai xadim, "Şöhrət" və "Şərəf" ordenli, Azərbaycan Milli Elmlər Akademiyasının və Rusiya Elmlər Akademiyasının akademiki, Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Adilə Namazova rəhbərlik edib. O, 1972-ci ildə keçirilən Azərbaycan Pediatrları Qurultayında Azərbaycan Pediatrlar Cəmiyyətinin sədri seçilib. Hazırda Azərbaycan Pediatrlar Assosiasiyasının sədri vəzifəsini Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağızadə icra edir.
Eyni zamanda, akademik Ədilə Namazovanın Ümumdünya Pediatrlar Cəmiyyətinin sədri, professor İhsan Doğramacı ilə sıx dostluq əlaqələri Azərbaycan Pediatrlar Assosiasiyasının beynəlxalq tədbirlərdə ölkəmizi təmsil etməsinə əlverişli zəmin yaradıb.[3]
Fəaliyyəti
redaktəAssosiasiyanın əsas məqsədləri sırasında pediatriya sahəsində elmi-praktik problemlərin həllinə kömək, profilaktika, diaqnostika və müalicə məqsədilə müasir, yüksək effektiv texnologiyaların uşaqların sağlamlığının qorunması praktikasına daxil edilməsi və digər vəzifələr durur. Assosiasiya uşaqların sağlamlığının mühafizəsi istiqamətində dövlət siyasətini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü fəaliyyətini həyata keçirir, xarici və beynəlxalq təşkilatlarla əməkdaşlığını davam etdirir, uşaq sağlamlığı ilə bağlı ixtisaslaşmış qurum və təşkilatların işindən bəhrələnir, onlarla təcrübə mübadiləsi edir. Azərbaycan Pediatrlar Assosiasiyasının devzi Azərbaycan pediatriya məktəbinin şərəfli ənənələrini qorumaq, bu ənənələri elmi və praktik fəaliyyətində inkişaf etdirərək tətbiq etmək, yüksək peşəkarlıq, əsl humanizm və uşaqlara sonsuz məhəbbətdir. Azərbaycan Pediatrlar Assosiasiyası loqosu dairəvi formadadır. Loqonun kənarları boyunca "Azərbaycan Pediatrlar Assosiasiyası" sözləri yazılıb. Loqonun mərkəzində isə uşaqlarla əl-ələ verib dairə qurmuş həkim təsviri verilib. 2025-ci ildə ölkəmizin tibb ictimaiyyəti Azərbaycan Pediatrlar Assosiasiyasının təsis edilməsinin 95 illik yubileyini təntənə ilə qeyd edəcəkdir. Azərbaycan Pediatrlar Assosiasiyası fəaliyyətində respublikamızda dövlət-uşaq siyasətinin həyata keçirilməsi, uşaqların hüquqlarının müdafiəsi, ana, uşaq və yeniyetmələr arasında reproduktiv sağlamlıqla bağlı maarifləndirmə və digər tədbirlərin təşkilinə xüsusi əhəmiyyət verir. Assosiasiya uşaqlarla bağlı səhiyyə-sağlamlıq perspektivlərinin müəyyənləşdirilməsində, bu istiqamətdə müvafiq qərar və sərəncamların, dövlət proqramlarının icrasında, ictimai müzakirələrdə fəal iştirak edir.[4] Azərbaycan Pediatrlar Assosiasiyasının rəsmi pediatrlar.az veb-saytı da fəaliyyət göstərir.[1]
Beynəlxalq əlaqələr
redaktəÖtən müddət ərzində Assosiasiya Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi başda olmaqla, UNESCO, Beynəlxalq Pediatrlar Assosiasiyası, Avropa Pediatrlar Assosiasiyası, MDB Ölkələrinin Pediatrları Federasiyası, Rusiya Pediatrları İttifaqı, və digər əlaqəli beynəlxalq və yerli təşkilatlarla cəmiyyətin həssas təbəqəsi olan, diqqət və qayğıya ehtiyac duyan uşaqların fiziki və əqli sağlamlığına qayğı məqsədli bir sıra layihələrin, tədbirlərin həyata keçirilməsində aparıcı rol oynayıb. Dəfələrlə Assosiasiya sözügedən təşkilatlarla fəal və səmərəli əməkdaşlığa görə təltif olunub, təşəkkür məktubları alıb.
2023-cü ildə Azərbaycan Pediatrlar Assosiasiyasının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş 41-ci Milli Qurultayı keçirilib. Beynəlxalq Pediatriya Assosiasiyası (IPA) öz fəaliyyət tarixində ilk dəfə olaraq Azərbaycan Pediatrlar Assosiasiyasına, eləcə də qurultay iştirakçılarına və spikerlərə IPA-nın loqosu, möhürü və IPA prezidentinin imzası əlavə olunmuş sertifikatı təqdim edib.[5][6][7][8][9] Assosiasiya uşaqlara göstərilən tibbi yardımın təşkilini daha da yaxşılaşdırmaq və təkmilləşdirmək, elmi sübutlara əsaslanan müalicə üsulları, profilaktik müayinə mədəniyyəti, sağlam həyat tərzinin təbliğinə xidmət və ümumulikdə sosial xarakterli dövlət proqramlarına töhfə vermək məqsədilə seminar və konfranslar təşkil edir. Xüsusilə Qarabağ münaqişəsindən əziyyət çəkmiş uşaqlara və onların ailələrinə tibbi, eləcə də sosial-psixoloji dəstək tədbirlərinin, tibbi aksiyaların təşkili Assosiasiyanın diqqət mərkəzindədir.
Assosiasiya tərəfindən təşkilatın rəhbərliyinin eləcə də üzvlərinin iştirakçısı olduğu beynəlxalq tədbirlərdə ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına, pediatriyanın ixtisaslaşmış istiqamətləri üzrə sağlamlıq problemlərinin öyrənilməsinə dair əldə etdikləri yeniliklərin ölkəmizdə yerli mütəxəssislərlə mübadiləsi məqsədilə treninqlər təşkil edilir. Bundan əlavə, Azərbaycan Pediatrlar Assosiasiyasının Azərbaycanda tibbi bioetikanın tibbi təhsil sistemində tədrisi fəaliyyətində uzun illərə dayanan təcrübəsi var. 2000-ci ildən başlayaraq UNESCO-nun tədris proqramı əsasında ATU-nun yuxarı kurs tələbələri ilə bioetikaya dair təcrübi məşğələlər aparılır, mühazirələr təqdim edilir, tədris vəsaitləri hazırlanır.
Azərbaycan Pediatriya Jurnalı
redaktə2022-ci ildən etibarən Azərbaycan Pediatrlar Assosiasiyasının mətbu orqanı olan, Azərbaycan səhiyyəsində, pediatriya sahəsində bu adda ilk jurnal – "Azərbaycan Pediatriya Jurnalı" APA və "Uptodate İn Medicine" tibb nəşrləri tərəfindən birgə dərc edilir. Jurnalın pediatriyajurnali.az adlı veb-səhifəsi fəaliyyət göstərir. "Azərbaycan Pediatriya Jurnalı"nın məqsədi uşaq sağlamlığı və xəstəliklərinin diaqnostikası, təqibi, müalicəsi, yeni tədqiqat sahələrinin yaradılması və klinik yanaşma kimi mövzularda istiqamət vermək və yeni tədqiqat sahələrinin yaradılmasına vasitəçilik etməkdir. Nəşrin əsas məqsədi beynəlxalq səviyyədə pasiyentlərin xeyrinə olan səmərəli, uyğun və sübuta əsaslanan klinik praktika barədə məlumatlandırmaqdır. Jurnalın auditoriyasını bütün səviyyələrdə təhsil almış tibb tələbələri, tibb və cərrahiyyə rezidentləri, yeni ixtisaslı mütəxəssislər, təcrübəli tibb mütəxəssisləri və ictimai səhiyyə mütəxəssisləri təşkil edir. Bundan əlavə, jurnal oxuculara öz təcrübələrini zənginləşdirməyə, həmçinin qlobal miqyasda uşaq sağlamlığı və xəstəlikləri ilə bağlı problemləri təkmilləşdirmək üçün tədqiqata əsaslanan bilik və təcrübələri paylaşmağa imkan verir. Qeyd edək ki, "Azərbaycan Pediatriya Jurnalı"nın təsisçisi və baş redaktoru Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, MDB Ölkələrinin Pediatrları Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağızadədir. Elmi nəşr olan bu jurnal üçün ISSN 2960–1487 Beynəlxalq Standart Seriya Nömrəsi alınıb və rəqəmsal indeksləşmə sistemində DOI 10.28942 identifikatoru ilə yerləşdirilib. Həmçinin jurnal UNESCO-nun Kommunikasiya və informasiya sektorunun "ROAD – Açıq istifadəli elmi jurnallar reyestri"nə daxil edilib. İldə 4 dəfə nəşr olunan jurnalda Azərbaycan, ingilis və rus dillərində məqalələr dərc edilir. Azərbaycan Pediatrlar Assosiasiyası ictimai birlik kimi dövlət siyasətini rəhbər tutaraq, milli genefondumuzun qorunmasına yönəlmiş fəaliyyətini uğurla davam etdirir.[10]
Xarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ 1 2 "Azərbaycan pediatrlar assosiasiyasının rəsmi veb saytı". 2024-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-12.
- ↑ İlk azəbaycanlı pediatr, Əməkdar elm xadimi, professor Əbülfəz Qarayev Arxivləşdirilib 2020-04-28 at the Wayback Machine — https://anl.az Arxivləşdirilib 2024-02-03 at the Wayback Machine
- ↑ "Tağızadə, Təranə. Tibb tarixinə adını əbədi həkk etdirən azərbaycanlı qadın / İki sahil.- 2021.- 9 sentyabr.- S.9". 2024-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-12.
- ↑ AZƏRBAYCAN PEDİATRLAR ASSOSİASİYASI Arxivləşdirilib 2024-02-12 at the Wayback Machine — diaspora.info Arxivləşdirilib 2024-02-12 at the Wayback Machine
- ↑ Azərbaycan Pediatrlar Assosasiyasının 41-ci Milli Qurultayı keçirilib Arxivləşdirilib 2024-02-12 at the Wayback Machine — https://sia.az Arxivləşdirilib 2024-02-12 at the Wayback Machine
- ↑ Pediatrlar Assosiasiyasının 41-ci qurultayı keçirildi Arxivləşdirilib 2024-02-12 at the Wayback Machine (teleqraf.com)
- ↑ Azərbaycan Pediatrlar Assosiasiyası dəyirmi masa keçirilib (respublika-news.az)
- ↑ Bakıda Azərbaycan Pediatrlar Assosiasiyasının Milli Qurultayı keçirilib — video
- ↑ "Azərbaycan Pediatrlar Assosasiyasının 41-ci Milli Qurultayı keçirilib — iki sahil TV". 2024-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-12.
- ↑ "Azərbaycan Pediatriya Jurnalı haqqında (pediatriyajurnali.az)". 2024-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-12.