Azerbaycan Milli Meclisi Iran - Wikipedia
Bu məqalə İran Azərbaycanındakı Milli Məclis haqqındadır. Azərbaycan Respublikasının Milli Məclisi üçün Milli Məclis (Azərbaycan) səhifəsinə baxın. |
Azərbaycan Milli Məclisi (آذربایجان میللی مجلیسی) — İran Azərbaycanında milli azadlıq və demokratik hərəkatın qələbəsi nəticəsində yaradılmış, Azərbaycan Milli Hökumətinin ali qanunverici orqanı.
Azərbaycan Milli Məclisi | |
---|---|
آذربایجان میللی مجلیسی | |
Ümumi məlumatlar | |
Növü | təkpalatalı parlament |
Təsis tarixi | 12 dekabr 1945 |
Ləğv olunma tarixi | 14 iyun 1946 |
Tarixi
redaktəAzərbaycan Milli Məclisi 12 dekabr 1945-ci ildə Təbrizdə çağırılmış, 14 iyun 1946-cı ilədək fəaliyyət göstərmişdir. Azərbaycan Milli Məclisinin I sessiyasında Azərbaycan Milli Hökumətinin tərkibini təsdiq etmiş, Ali məhkəmənin sədri, Baş prokuroru təyin etmişdir. Azərbaycan Milli Məclisi siyasi, ictimai və mədəni həyatı demokratik əsaslarla qurmaq və iqtisadiyyatı yüksəltmək məqsədi ilə 100-ə yaxın qanun və qanun qüvvəli qərar qəbul etmişdir. Bunlara xalq qoşunlarının yaradılması, dövlət torpaqlarının və milli azadlıq hərəkatına qarşı çıxan şəxslərin torpaqlarının kəndlilərə pulsuz paylanması, Azərbaycan dilinin fars dili ilə yanaşı rəsmi dövlət dili elan edilməsi, onun bütün idarə, müəssisə və məktəblərdə işlədilməsi, əncümənlərin yaradılması, Azərbaycanın şəhər və kəndlərinin qədim adlarının bərpa olunması, qadınlara seçki hüququ verilməsi, 8 saatlıq iş günü, təbii sərvətlərin xalq mülkiyyəti elan edilməsi, seçki qanunu və s. var. Azərbaycan Milli Hökuməti ilə İran hökuməti arasında 13 iyun 1946-cı ildə bağlanan müqaviləyə görə, Azərbaycan Milli Məclisi Azərbaycan Əyalət Əncüməninə çevrilmişdir.[1]
İstinadlar
redaktə- ↑ Азәрбајҹан Милли Мәҹлиси // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 161–162.