Aydin Efendiyev - Wikipedia
Aydın Əfəndiyev (Əfəndiyev Aydın Məmməd oğlu; d. 25 noyabr 1938. İlisu, Qax rayonu, Azərbaycan SSR, SSRİ) — Rusiya alimi, Texnika elmləri doktoru, professor (1992). N.İ.Vavilov adına Saratov Dövlət Aqrar Universitetinin ASK müəssisələrinin enerji təminatı kafedrasının professoru. “SSRİ ali təhsil əlaçısı” (1985).
Aydın Əfəndiyev | |
---|---|
Əfəndiyev Aydın Məmməd oğlu | |
Doğum tarixi | |
Doğum yeri | İlisu, Qax rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elmi dərəcəsi | Texnika elmləri doktoru |
Elmi adı | professor |
Təhsili | Azərbaycan Texniki Universiteti |
Həyatı
redaktəƏfəndiyev Aydın Məmməd oğlu 1938-ci il noyabrın 25-də Azərbaycan Respublikasının Qax rayonunun İlisu kəndində anadan olub. 1960-cı ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universiteti) “avtomobil nəqliyyatının istismarı” ixtisası üzrə bitirib. 1960-1964-cü illərdə təyinatla Qazaxıstan SSR-in Cənubi Qazaxıstan regional idarəsindəki nəhəng avtonəqliyyat müəssisəsində işləyib və böyük mexanik vəzifəsindən baş mühəndis vəzifəsinədək yüksəlib. A.Əfəndiyev 1965-ci ildə Daşkənd Politexnik İnstitutunda mühəndis-tədqiqatçı, 1966-1970-ci illərdə V.İ.Lenin adına Xarkov Politexnik İnstitutunun daxili yanma mühərrikləri kafedrasının aspirantı, böyük elmi işçisi olub. 1970-ci ildə Özbəkistan KP MK-nın dəstəyi ilə bu respublikanın Təhsil Nazirliyi tərəfindən Xarkovdan geri çağırılaraq Buxaraya, əvvəlcə DaşPİ-nin filialının, sonradan yeni texniki ali məktəbin açılması üçün göndərilib.[1]
O, 1970-1977-ci illərdə dosent, mexanika kafedrasının müdiri, DaşPİ filialı direktorunun tədris və elmi işlər üzrə müavini, 1975-1985-ci illərdə 1977-ci ildə fəaliyyətə başlayan Buxara Texnoloji İnstitutunun kənd təsərrüfatı maşınları kafedrasının müdiri və gecə-qiyabi təhsil üzrə prorektoru vəzifələrində işləyib. A.Əfəndiyev bu institutun açılmasının əsas təşkilatçılarından biri olub. “Özbəkqazsənaye” trestinin nəqliyyat müəssisələri, “Buxaraqazsənayetikinti”, “Buxarairtikinti” və digər trestlərlə real istehsalat məsələlərinin həllinə dair aparılan fasiləsiz elmi əməkdaşlıq 1985-1988-ci illərdə A.Əfəndiyevə texnika elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya işini tamamlamağa imkan verib. 1991-ci ildə o, Sankt-Peterburq Dövlət Aqrar Universitetində iki ixtisas - “İstilik mühərrikləri” və “Kənd təsərrüfatı texnikasının istismarı, təmiri və bərpası” üzrə doktorluq dissertasiyasını müdafiə edib. 1992-ci ilin yanvarında ona professor elmi adı verilib. 1988-1996-cı illərdə A.Əfəndiyev Buxara Texnoloji İnstitutunun istilik texnikası və istilik energetika qurğuları kafedrasının müdiri və institutun elmi işlər üzrə prorektoru işləyib. 1996-2002-ci illərdə nəqliyyat vasitələrinin istismarı kafedrasının müdiri olub.
1988-ci ildən indiyədək professor A.Əfəndiyevin elmi fəaliyyəti qeyri-ənənəvi və bərpa olunan energetika texnologiyaları və vasitələrinin hazırlanması, həmçinin kənd təsərrüfatı və istehsalat müəssisələrinin üzvi tullantılarından alternativ qaz və maye yanacağının əldə edilməsi ilə bağlıdır. O, 200-dən çox elmi əsər, o cümlədən 4 monoqrafiya və 8 dərs vəsaiti dərc etdirib, 4 müəlliflik şəhadətnaməsi, 3 patent alıb. A.Əfəndiyev tərəfindən 2 doktor və 5 elmlər namizədi hazırlanıb. 2005-ci ildə üzvi tullantılardan bioqaz emalı zamanı alınan ekoloji təmiz biogübrələrin keyfiyyətinin texniki şərtləri işlənib. Özbəkistan ali məktəblərində kiril əlifbasından latın qrafikasına keçid və rus dilində (qeyri-dövlət) məşğələlərə rəsmi qadağa qoyulması səbəbindən A.Əfəndiyev 2002-ci ildə Özbəkistanı tərk etmək məcburiyyətində qalır. N.İ.Vavilov adına Saratov Dövlət Aqrar Universiteti rektorunun dəvəti ilə KTMEİ–də yeni ixtisas - “müəssisələrin enerji təminatı” üzrə laboratoriya bazasının, təhsil prosesinin və kadr hazırlığının təşkili üçün Saratova köçür.
A.Əfəndiyev 2002-ci ildən idarəçilikdən imtina edərək N.İ.Vavilov adına SDAU ASK-nın müəssisələrin enerji təminatı kafedrasının professoru və 2005-ci ildə özü tərəfindən yaradılan “Biotexnoloji proseslərin qeyri-ənənəvi və bərpa olunan mənbələri və avtomatlaşdırılması” kafedralararası elmi-tədqiqat laboratoriyasının müdiri vəzifəsini tutur.
Təltif və mükafatları
redaktə1985-ci ildə A.Əfəndiyevə “SSRİ ali təhsil əlaçısı” fəxri adı verilib. 2014-cü ildə o, Saratov DAU-nun “Ən yaxşı monoqrafiya” müsabiqəsinin qalibi olub. Onun “Bioqaz. Texnologiyalar və avadanlıqlar” işi 2-ci yerə layiq görülüb.
İstinadlar
redaktə- ↑ Bağıyeva, Mətanət. Xaricdə yaşayan azərbaycanlılar. Qısa bioqrafik məlumat kitabçası (PDF) (az.). Bakı: "Papirus NP". 2016. ISBN 978-9952-8299-1-4. 2017-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-21.