Atciliq Idmani - Wikipedia
Atçılıq idmanı – atların iştirakı ilə həyata keçirilən yarış idman növü. Olimpiya idman növlərindən biri.
Azərbaycanda atçılıq idman növü ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 18 mart tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Atçılıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 may tarixli Fərmanı var[1].
Tarixi
redaktəAtçılıq idmanı ilk dəfə 1900-cü ildə yay Olimpiya oyunlarının proqramına daxil edilmişdir.
Stokholmda keçirilən V Yay Olimpiya Oyunlarından bəri atçılıq idmanı bütün Yay Olimpiya Oyunlarında iştirak edir. 10 ölkədən idmançılar Stokholmda təmsil olundu: Böyük Britaniya, Belçika, Almaniya, Danimarka, Norveç, Rusiya, ABŞ, Fransa, Çili və İsveç.
İsveç atçıları at təliminə görə qızıl, gümüş və bürünc olmaqla üç medal qazandılar, Millətlər Kubokunda maneələri aşmağa və üç növ idman məşqindən ibarət yarışa görə qızıl medal qazanan ilk komanda oldu.[2].
Atçılıq idmanına daxil olan anlayışlar
redaktə- Arena – atçılıq idmanı üzrə yarışların keçirilməsi üçün meydan;
- Banket – marşrutu çətinləşdirmək üçün istifadə olunan torpaq bəndi;
- Coker – atçılıq idmanı üzrə xüsusi yarışın adı;
- Derbi – atçılıq idmanı üzrə xüsusi yarışın adı;
- Konkur – maneələri dəfetmə üzrə yarışın adı[3];
- Git – konkurda yarışın bir mərhələsi;
- Ovçu konkuru – atçılıq idmanı üzrə xüsusi yarışın adı;
- Jerd – dəf ediləcək maneənin bir hissəsi;
- Marşrut – hərəkət trayektoriyası;
- Kalabaska – jerdləri maneə üzərində saxlamaq üçün kronşteyn;
- Kurs dizayner – konkurda marşrut tərtibçisi;
- Manej – konkur üzrə yarışların keçirilməsi üçün bağlı və ya açıq meydança;
- Stoyka – maneənin bir hissəsi; sponsor maneələri – reklam xarakterli məlumat yerləşdirilən maneələr;
- Boks - atın saxlandığı yer;
- Korda-yüyənə bağlanmış uzun ip.
İdman atlarının təlimi
redaktəTəlim prosesində cins idman atlarının xüsusi keyfiyyətlərinin aşkar edilməsi və təkmilləşdirilməsi qaydalarına riayət edilməlidir. Onların yarışlara hazırlıq səviyyəsini yüksəltmək üçün təlim prosesi düzgün və səmərəli təşkil edilməlidir.
Atın ilkin hazırlığı minilməmiş atı sistematik və məqsədyönlü təlim etməkdən ibarət olmalıdır. Təlimin əsas məqsədi minilməmiş atlara elə keyfiyyət və xüsusiyyətlərin aşılanması olmalıdır ki, gələcəkdə onların yarışlarda iştirakı zamanı təhlükə törənməsin və hazırlıq səviyyəsinin təkmilləşdirilməsinə şərait yaradılsın. İlkin təlim prosesində və sonrakı inkişaf dövründə atların mövcud irsi xüsusiyyətləri nəzərə alınmalıdır. At ətraf mühiti qoxulamaq vasitəsilə yeni şəraitə uyğunlaşmalı və bundan sonra təlim prosesinin ilkin mərhələsi başlanmalıdır.
Cins idman atlarının təlimi zamanı ucadan danışmaq və qışqırmaq qadağandır. Eşitmə və görmə qabiliyyəti vasitəsilə yaddaşda qalmış hisslərindən atın təlimində səmərəli istifadə edilməlidir. Günün müxtəlif vaxtlarında atın psixoloji durumunun müxtəlif olması amili təlim prosesində nəzərə alınmalıdır. Təlim zamanı əsas məqsədlərdən biri də tələsik və ehtiyatsız hərəkətlərlə atın sinir sistemini gərginləşdirməməkdən ibarət olmalıdır. İlkin hazırlıq mərhələsində atların qamətinin düzgün formalaşdırılması və impulsivliyinin normal inkişafına xüsusi diqqət yetirilməlidir. Məşqlərdə atlara sürət və dözümlülük, hərəkət və maneələrin dəf edilməsi texnikası öyrədilməlidir. Buna nail olmaq üçün məşqlər planlı, məqsədyönlü və mərhələlər üzrə aparılmalıdır. Atların altı yaşı tamam olduqdan sonra onlar daha çətin proqramlarla təlim edilməlidir.
İllik məşq planını tərtib edərkən atların idmanda olduğu müddəti nəzərə almaq lazımdır. İlkin hazırlıq mərhələsində yüngül hərəkətlər öyrədilir. Sonrakı məşğələlər zamanı məşqin intensivliyi tədricən artırılmalıdır. Hazırlıq mərhələsinin uzunmüddətli olduğunu nəzərə alaraq, müəyyən nəzarət testləri keçirilməlidir. Nəzarət testləri əvvəlki həftələrdə yerinə yetirilmiş hərəkətlərin toplusundan ibarət olmalıdır. Bu proses zamanı nəzərəçarpacaq nöqsanlar tədricən aradan qaldırılmalı və təkmilləşdirilməlidir. Hər məşqin məqsədi məşq yükünün ümumi planı üzərində qurulmalıdır. Hazırlıq hissəsinin məzmunu atın əzələsi, temperamenti və vərdişlərinin formalaşdırılmasına yönəldilməlidir.
Məşqin hazırlıq hissəsinin vaxtı hər bir at üçün fərdi şəkildə müəyyən edilir. Burada atın hazırlıq səviyyəsi və göstəriciləri nəzərə alınmalıdır. Hazırlıq hissəsinin əsas məqsədi qısa müddətdə və yorğunluq hissi başlamazdan əvvəl optimal nəticə əldə etməkdən ibarət olmalıdır. Məşqin əsas hissəsində növbəti hərəkətlərin öyrədilməsinə başlayarkən, əvvəlki məşqlərdə yerinə yetirilmiş və təkmilləşdirilmiş hərəkətlər təkrar edilir. Məşq zamanı atla ünsiyyətdə çətinliklər yarandıqda, onların aradan qaldırılması üçün müəyyən işlər görülməlidir. Məşqin tamamlayıcı hissəsinin əsas məqsədi atların sinir sisteminin və daxili orqanlarının funksional vəziyyətinin normal hala qaytarılmasından ibarət olmalıdır.
Yadda saxlamaq lazımdır ki, at hər hansı şəraitin dəyişməsini olduqca həssaslıqla qəbul edir. Buna görə də birinci gün onu sakit buraxmaq, sonrakı 4-5 gün isə ancaq yüyənlə gəzdirmə k və saxlandığı boksla tanış etmək lazımdır. Ata əvvəlcə yalnız bir adam qulluq etməlidir. At boksa öyrəşdikdən sonra mehtərdən başqa onunla daimi məşqçi də ünsiyyətdə ola bilər.
Atı yəhər və yüyənə alışdırdıqda, refleks nəzəriyyəsindən istifadə edilməlidir. Birinci ünsiyyət «mehtər - yem» formasında olmalıdır. Atın ona tanış olmayan əşyaları yemlə bağlı xoş təəssüratla qarşılaması və yadda saxlaması üçün mehtər yəhəri, yəhəraltı örtüyü, yüyəni və digər ləvazimatları atın boksuna yemlə birlikdə gətirməlidir. Bu ünsiyyətin tədricən və daimi vərdişə çevrilməsi ilə at yəhərə və digər əşyalara öyrəşdirilməlidir. Bir neçə gündən sonra qarınaltı kəməri bağlamaq və tədricən onu lazım olan həddə qədər sıxmaq lazımdır. Bütün bu proseslərdən sonra yüyənlə atın ümumi tanışlığına başlanmalıdır. Daha sonra atların təlimi atın yüyəninə bağlanmış ip – korda ilə ehtiyatla və tədricən tanışlıqla davam etdirilməlidir.
At miniciyə etibar etməyə öyrədilməlidir. Bu məqsədlə atın yanına gedərkən, minici özü ilə yerkökü və ya çörək parçası götürməlidir. Sığallamaqla da atı sakitləşdirmək lazımdır. Məşq prosesi baytar həkimi tərəfindən nəzarət altında saxlanılmalıdır.
Atın məşqçisi məşqdən sonra onun boksuna getməli və atın vəziyyətini müşahidə etməlidir. At özünü adi davranışından fərqli aparırsa, bunun həddindən artıq yorulma əlaməti olduğu nəzərə alınmalıdır. Əgər at həm də yemdən imtina edirsə, deməli o, tamamilə haldan düşmüşdür. Məşqçi atın sağlamlığını daim nəzarət altında saxlamalıdır.
Atlarla birinci məşq yalnız mütəxəssis tərəfindən aparılmalıdır. İlkin mərhələdə atın düzgün hərəkət texnikasını formalaşdırmaq məqsədilə onu düz xətt istiqamətində gəzdirmək lazımdır. Məşğələlər zamanı at öz məşqçisinin səsinə, toxunmasına vərdiş etdirilməli, ona tədricən etibar etməyə başlamalı və özünün otlaqda olan sərbəst hərəkətlərini yenidən bərpa etməlidir. Bu məşğələdə at itaətə öyrədilməli və məşqin sonunda o, verilən tapşırığı daha tez mənimsəməlidir.
Sonrakı məşq radiusu 10 metr olan dairə boyunca aparılmalıdır. Məşqçi daim dövrənin mərkəzində olmalıdır. Məşqlər manejdə və ya məşq üçün ayrılmış xüsusi yerdə keçirilməlidir. İlkin məşqlər zamanı qamçıdan istifadə etmək qadağandır. İp atın yüyəninin orta halqasına bağlanır. Məşqçi atla bir neçə dövrə etdikdən sonra tədricən əlindəki ipi boşaldır. Məşğələ zamanı atın hətta minimal uğuru ona çərəz verməklə qiymətləndirilməlidir. Növbəti məşqlər artıq açıq sahədə aparılmalıdır.
Dairə üzrə məşqdə minici qamçıdan istifadə etməklə atı mahmıza və qırmanca öyrətməlidir. Atın cilova öyrəşdirilməsi yüyənə bağlanmış uzun ip vasitəsilə həyata keçirilməlidir. Korda ilə işləyərkən vacib vasitələrdən biri məşqçinin səsi olmalıdır. Kordanın hərəkətləri ilə yanaşı, ona həmahəng olaraq, bir tonda səslə də eyni əmrlər verilməlidir. Qısa vaxtda at ən yüngül təsirlə tələb olunanları yerinə yetirməyə öyrədilməlidir.
At korda ilə sərbəst hərəkət etməyə və cilova öyrəşibsə, onda onu minicinin çəkisi ilə tanış etmək lazımdır. Minicinin çəkisi yüngül olmalı və o, yəhərdə möhkəm otura bilməlidir. Atın belinə birinci oturma cəhdindən əvvəl onu hər iki istiqamətdə korda ilə gəzdirmək lazımdır ki, o, yorulsun və dayanmanı yüngüllük kimi qəbul etsin. Bundan sonra minici ləng hərəkətlərlə əllərinə dayaq verərək, yəhərin üzərinə uzanmalıdır. At yəhərin üzərində uzanan minicini sakit qəbul edirsə, onda minici sağ ayağını ehmalca atın belindən aşıraraq, yəhərdə oturmalıdır. Minici ata minəndən sonra köməkçi ona üzəngini verməlidir. Sonra köməkçi ovcundakı vələmiri ata göstərərək tədricən geri çəkilməlidir ki, at onun ardınca hərəkət etsin. Bu mərhələdə minici cilovu əlinə almamalı və passiv halda atın hərəkətlərinə göz qoymalıdır. At yortma yerisə keçirsə, minici müvafiq vəziyyəti almalıdır. At minicini üstündən atmaq istədikdə, minici dizlərini ata sıxıb, əlləri ilə atın boynuna bağlanmış kəmərdən yapışmalıdır.
Atın minici altında birinci hərəkətləri düz xətt üzrə, daha sonra tədricən sol tərəfə yönəlməlidir. Bir dəfə dayanmaq şərti ilə, bir neçə dövrə etmək kifayətdir. Bu zaman atı sığallamaq, ona çərəz vermək və onunla xoş, sakitləşdirici tonda danışmaq lazımdır. Cilovla tanışlıq üçün də, həmçinin, kordadan və əmrlərdən istifadə edilməlidir.
Növbəti hazırlıq mərhələsinin məqsədi atın təbii görkəmini bərpa etməsindən ibarət olmalıdır. Atın sərbəst hərəkətləri ilə əzələlərin boşalması təmin edilməlidir. Cilovun uzunluğu elə olmalıdır ki, minicinin atla əlaqəsi çox sadə olsun. At dəhnəyə dirənməməli və öz təbii tarazlığı vəziyyətində olmalıdır. At çaparağa keçmək istəyirsə, buna bir az imkan vermək lazımdır.
Bu mərhələ ilə cins idman atlarının ibtidai hazırlığı başa çatır. Oyunlara və yarışlara hazırlıq mərhələsində isə təlim prosesi əsasən tapşırıqların qismən mürəkkəbləşdirilməsi istiqamətində davam etdirilməlidir.
Yarışların əsas şərtləri
redaktəAt-idmançı cütlüyü maneələrdən tərtib olunmuş marşrutda sınaqdan keçirilir. Bu sınaqda atın sərbəstliyi, idman bacarığı, sürət keyfiyyəti və maneələri dəf edərkən idmançının ustalığının nümayişi tələb olunur.
İdman maneələrinin dağılması, atın itaətsizliyi, vaxt normasını aşma və sair kimi hallar ciddi texniki səhvlər hesab olunur.
Yarışın növündən asılı olaraq, az cərimə xalı qazanan, marşrutu daha tez başa çatdıran və ən yüksək müsbət xallar qazanan idmançı qalib sayılır.
Yarışlar bir və ya bir neçə gitdən ibarət ola bilər.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "«Cins idman atlarının təlimi və at idmanı yarışlarının keçirilməsi Qaydaları»nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİN QƏRARI" (PDF). 2017-06-07 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-04-13.
- ↑ К предстоящим XVI Олимпийским играм Arxivləşdirilib 2018-05-01 at the Wayback Machine (rus.)
- ↑ Konkur Arxivləşdirilib 2013-04-24 at the Wayback Machine Beynəlxalq atçılıq idmanı federasiyası Arxivləşdirilib 2018-03-22 at the Wayback Machine saytında