Asiya Istehsal Usulu - Wikipedia
Asiya istehsal üsulu - Marksizmdə kapitalizməqədərki dövrdə Asiya ölkələrində mövcud olmuş ictimai quruluşun xüsusiyyətlərini ifadə etmək üçün işlədilən termin [1].
Ümumi məlumat
redaktəKarl Marks tərəfindən təsvir edilmiş ardıcıl ictimai-iqtisadi formasiyaları keçən cəmiyyətin inkişafının sistemində Qədim Şərqin ölkələrində mövcud olmuş "Asiya istehsalat üsuluna" da toxunulur. Bu halda dövlət, həmçinin torpaq sahibkarı kimi çıxış edərək, ondan asılı olan bilavasitə istehsalçılara qarşı durur. Karl Marks dörd istehsalat üsulu seçdi - Asiya, Antik, feodal və burjuaziya - və onlara uyğun olan formalaşmaları. Sonra, Karl Marksın davamçılarının əməklərində, birinci ictimai formasiya kimi quldarlıq göstərilirdi.Cəmiyyətin tarixi inkişafının xüsusi dövrü kimi Asiya istehsalat üsulu mövcud olması qəbul edilirdi.
Tarixi səciyyəsi
redaktəŞərqdə dövlətin təsərrüfat həyatını tənzimləməsi ilə formalaşan istehsal üsuludur ki, burada dövlət torpaq üzərində tam olaraq hakimiyyətə sahibdir. Təsərrüfatda, istehsalda bu cür münasibətləri ilk dəfə olaraq Karl Marks şərh etmişdir ki, o da bunu Asiya istehsal üsulu, yaxud da Asiya despotizmi olaraq qeyd edir. Belə ki, orta əsrlərdə Avropada hakimiyyət nə qədər avtoritar səciyyə daşısa da, torpaq üzərində xüsusi mülkiyyət qalmaqda idi və bu da cəmiyyətə müəyyən dərəcədə azadlıq verir, insanların imkanlarını genişləndirirdi.O dövrdə kənd icmaları, monastrlar torpaq üzərində hakimiyyətə malik idilər və onların işinə qarışmaq imkanlarından məhrum idi. Ancaq Şərqdə vəziyyət fərqli idi. Dövlət torpaqların əsas hakimi hesab olunurdu. Ayrı-ayrı şəxslər torpaqda işləsələr də, ondan istifadə etsələr də, torpağın sahibi dövlət hesab olunurdu. Maraqlıdır ki, təsərrüfatda və istehsalatda bu cür münasibətlərin formalaşması şərq xalqlarının dünyagörüşü, etiqad etdikləri dinlər və müxtəlik təlimlərlə əlaqədar idi. Məsələn, islam şərqində Allah bütün torpaqların hakimi hesab olunurdu və xəlifə, sultan onun yerdəki nümayəndələri olaraq qəbul olunduğundan, xəlifənin bu torpaqlara sahiblik etməsi tamamilə normal hesab olunurdu və kimsə etiraz edərsə,sanki Allaha qarşı üsyan etmiş kimi olurdu. Yaxud da Çində imperator bütün torpaqların hakimi idi və məlumdur ki,Çin 2000 il ərzində konfutsiçiliyin təsiri altında olmuşdur. Burada konfutsiçiliyin nüfuzu buna şərait yaradırdı. Konfutsiçilikdə xüsusi avtoriteti olan şəxsə ondan aşağı olan təbəqə itaət etməli idi və bu həmin təlimin başlıca prinsipi hesab olunurdu. Buna görə də, xalq imperatoru bütün torpaqların əsas sahibi kimi qəbul etməyə məcbur idi. Həmçinin çar Rusiyasında da, bu cür istehsal üsulu hökm sürməkdə idi. Hakimiyyət kilsə tərəfindən müqəddasləşdirilmiş, çar bütün torpaqların qanunu sahibi qəbul edilmişdi. Çox maraqlıdr ki, Sovet hakimiyyətinin əsas ideologiya olaraq qəbul etdiyi marksizm bütün cəmiyyət sferalarında tətbiq edilsə də, Marksdan ağızdolusu danışılsa da, Marksın məhz "Asiya istehsal üsulu" həmişə kölgədə qalmış, araşdırılmamışdı.Səbəb isə sadə idi, çünki Sovet hakimiyyəti dövründə istehsal münasibətləri Marksın "Asiya istehsal üsulu"na yaxın idi.Bu sahədə tədqiqat aparanlar ciddi təzyiqlərə, təqiblərə məruz qalır, hətta repressiyalardan belə yan keçə bilmirdilər. Məhz buna görə də SSRİ dağılana kimi Marksın bu baxışları gizlədilmiş, Sovetlər dağıldıqdan sonra, arxivdən yavaş-yavaş üzə çıxarılmağa başlamışdı.[2]
Antik mədəniyyətlə müqayisəsi
redaktəİctimai əmək bölgüsünün meydana gəlməsi, istehsal vasitələrinin təsərrüfat həyatında müəyyənedici rola malik olması, qul əməyinin mənimsənilməsi prosesi ictimai inkişafın iki yolunu müəyyən etdi. Bunların biri cəmiyyətin həyatında ictimai əməyin təşkilinin üstün rola malik olması ilə, ikincisi isə, müxtəlif ailələrin istehsal vasitələrinə və qullara görə mülkiyyətlərinin inkişafı ilə əlaqədardır. Məhz bununla əlaqədar olaraq tarixdə iqtisadi inkişafın, o cümlədən "siniflərin" meydana gəlməsinin iki üsulu fərqləndirilir. Bunlardan birini Asiya istehsal üsulu, digərini isə antik istehsal üsulu kimi fərqləndirirlər. Bununla əlaqədar olaraq bəzi hallarda Qədim dünya dedikdə, Şərq və Asiya ölkələri, Antik dünya dedikdə isə Qədim Yunanıstan və Qədim Roma nəzərdə tutulur. Lakin bir ümumi cəhət vardır ki, ictimai inkişafda, təsərrüfatçılığın təşkilində, siniflərin əmələ gəlməsində, dövlətin idarə olunmasında, insanların istehsal vasitələrinə və əməyinə görə davranış və fəaliyyət qaydalarının müəyyənləşdirilməsində nəticə etibari ilə eyni iqtisadi fikirlər söylənilmişdir. Məhz bununla əlaqədar olaraq, qədim dünya dedikdə, istər-istəməz uzaq keçmişdə mövcud olmuş olduqca dəyərli fikirləri, mövcud dövrü dolğun əks etdirən elmi [3]mülahizələri vəhdət şəklində şərh etmək ehtiyacı əmələ gəlir. Ona görə də Antik dövrün iqtisadi fikirlərini, analoji olaraq Qədim dövrün fikirləri kimi də qəbul etmək olar.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ "İzahlı və ikidilli lüğətlər". 2022-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-27.
- ↑ "Sözaltı sözlük". 2021-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-30.
- ↑ "Kollektiv sayt". 2022-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-27.