Arif Emrahoglu - Wikipedia
Məmmmədov Arif Əmrah oğlu (Arif Əmrahoğlu; 28 oktyabr 1954, Ağqula, Marneuli rayonu – 19 iyul 2014, Bakı) — ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi.
ARİF ƏMRAHOĞLU | |
---|---|
Arif Əmrah oğlu Məmmədov | |
Doğum tarixi | 28 oktyabr 1954 |
Doğum yeri | |
Vəfat tarixi | 19 iyul 2014 (59 yaşında) |
Vəfat yeri | |
Elm sahələri | ədəbiyyatşünas, tənqidçi, tərcüməçi |
Elmi dərəcəsi | filologiya elmləri namizədi |
Həyatı
redaktəArif Əmrahoğlu 1954-cü il oktyabrın 28-də Gürcüstanın Marneuli rayonunun Ağqula kəndində anadan olmuşdur. Orta məktəbi Ermənistanın Noyemberyan rayonu Ləmbəli kəndində bitirmişdir (1972). Əmək fəaliyyətinə Sumqayıt şəhərində tikinti idarəsində maşinist köməkçisi kimi başlamışdır (1972–1973). ADU-nun filologiya fakültəsində təhsil almışdır (1973–1978). Zaqafqaziya komsomol məktəbini bitirmişdir (1977). Azərbaycan EA Ədəbiyyat İnstitutunun XIX əsr Azərbaycan ədəbiyyatı şöbəsində baş laborant, kiçik elmi işçi (1979–1986), institutun Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin elmi işçisi (1986–1989), Azərbaycan EA-nın Ədəbiyyat muzeyinin elmi işlər üzrə direktor müavini (1989–1993), Prezident Aparatında milli siyasət şöbəsində (1993–1997) işləmişdir. Azərbaycan Yazıçılar Birliyinin katibi (1997–2014), Bakı Dövlət Universitetinin müəllimi (1997–2014) olmuşdur.
Ədəbi fəaliyyətə erkən başlamışdır. İlk mətbu hekayəsi "Axali Marneuli" qəzetinin 8 mart 1974-cü il tarixli sayında dərc edilmişdir. Klassik və müasir Azərbaycan nəsrinin bədii axtarışları, sənətkarlıq məsələləri ilə ardıcıl məşğul olmuşdur. "Klassik Azərbaycan nəsrində təhkiyə məsələləri (XIX əsrin ikinci yarısı)" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Onun ədəbi-tənqidi, elmi məqalələrində bədii ədəbiyyatın poetik özünəməxsusluğunun, təhkiyə probleminin tədqiqi başlıca yer tutur. "Klassik Azərbaycan nəsrinin poetikası" mövzusunda tədqiqat üzərində işləmişdir, fəal ictimaiyyətçi olmuşdur. M.F.Axundovun "Seçilmiş əsərləri"ni tərtib edib Moskvada rus dilində, A.P.Çexovun üçcildlik "Seçilmiş əsərləri"ni, dünya xalqlarının mif və əfsanələrini Azərbaycan dilində çap etdirmişdir. Bədii tərcümə ilə ardıcıl məşğul olmuşdur.
19 iyul 2014-cü ildə Bakı şəhərində vəfat etmişdir.[1]
Əsərləri
redaktə- Nəsrin poetikası (XIX əsrin II yarısı). Bakı: Elm, 1990, 136 səh.
- Sözə inam sabahımızdır. Bakı: Nurlan, 1999, 60 səh.
- Epik sözün bədii gücü. Bakı: Elm, 2000, 211 səh.
İstinadlar
redaktə- ↑ "Arif Əmrahoğlu da dünyasını dəyişdi". 2014-07-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-19.