Ari - Wikipedia
Arılar — uçan həşaratlar ailəsinə aiddir. Dünyada 20 mindən artıq arı növü vardır. Antraktidadan başqa dünyanın istənilən yerində rast gəlinir.
Arı | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Ranqsız: Yarımsinif: Budaq: İnfrasinif: Ranqsız: Dəstəüstü: Dəstə: Ranqsız: Yarımdəstə: Fəsiləüstü: Klad: Anthophila |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
İşçi arının ömrü 50 gün olur. 17–18 günlükdə arılar artıq bala çıxarırlar. Qüvvəsi, yəni işçi arı sayı çox olan arı ailəsi ildə 35–40 kq təmiz bal verə bilir.
Arı ailəsi 3 qrupa bölünür:
- Ana arı
- Erkək arı
- Dişi və ya işçi arı
Onlar 15 km-ə qədər yol qət edə bilirlər. Arı 15 km məsafədə yaxşı şirə taparsa, qayıdıb o biri arılara qəribə hərəkətlərlə xəbər verirlər
Arılar həm də yaxşı şirə olan yeri hiss edirlər, həm də onlara qulluq edən insanı tanıyırlar.
Arı ailəsi
redaktəArı ailəsi – pətəkdə və ya təbii yuvalarda toplum halında yaşayan bir ana, on minlərlə işçi və minlərlə erkək arıdan (yaz-yay dövründə) ibarət bal arısı koloniyası. Bal arıları ailə halında yaşayan həşəratlar qrupuna daxildir. Bu arılar təklikdə yaşayıb çoxala bilmədiklərinə görə onlar üçün "ailə" məfhumu bioloji təsərrüfat vahidi kimi qəbul edilmişdir. Yazın axırında əmələ gələn erkək arılar yayın sonunadək yaşayıb payızda ölürlər. Qışlamaya yalnız ana və işçi arılar qalır. Ana arının qoyduğu mayalanmış yumurtadan işçi və ana arılar, mayalanmamış yumurtadan isə erkək arılar çıxır. Ana arının şan qovuqcuqlarına qoyduğu yumurtadan 3 gündən sonra sürfələr əmələ gəlir. 5–6 günlük sürfələr şan qovuqcuqlarının üzərini mum təbəqəsi ilə örtür. Bu sürfələr möhürlü sürfələr adlanır. Arı ailəsində yaşından (hətta gün hesabı ilə) asılı olaraq ayrı-ayrı fərdlər arasında iş bölgüsü gedir. Arı ailəsi iki qrupa (pətək və uçuş arılarına) ayrılır. Pətək arıları təmizləyici, yemləyici və keşikçilərdən, uçuş arıları kəşfiyyatçı və məhsul toplayanlardan ibarətdir. Hər Arı ailəsinin arısı başqa ailənin arılarını qoxusuna görə tanıyır və pətəyə girməyə imkan vermir. Ana arının tam inkişaf edərək yumurtadan çıxması dövrü 16, işçi arılarınkı 21 gün, erkək arılarınkı 24 gündür. Arı ailəsində arıların sayı mövsüm ərzində dəyişir. Yazda və payızda 15–20 min, yayda 70–100 min və daha çox olur. Payızda onların sayı azalır. Arı ailəsi mövsüm ərzində havadan və balverən bitkilərin zənginliyindən asılı olaraq 50–60 kq-adək, bəzən daha çox bal verə bilir.
Maraqlı xüsusiyyəti
redaktə- Bir pətəyin arıları digər pətək arılarını ora buraxmırlar. Hər bir pətəyin qabağında keşikçi arılar olur.
- Pətəyin içərisində müəyyən qruplar olur ki, digər arıların çöldən gətirdikləri xortumundakı şirəni, bəzən isə ayaqlarındakı çiçək yarpaqlarını, bəzi vaxtlarda isə gətirdikləri suyu yerbəyer etməklə məşğul olurlar. Su arıların balalamasında vacib rol oynayır.
- Qış aylarında arılar pətəkdə qalırlar. Əgər bayırda 15 dərəcədən aşağı istilik olarsa, arılar çölə çıxmağa meyilli deyillər.
- Arılar arasında işsiz arı ola bilməz. Əgər xəstə arı olarsa, o artıq işə yaramadığı üçün onun qanadlarını yonub pətəkdən bayıra atırlar.
Arı ailəsindəki fərdlər və arının anatomik quruluşu
redaktəErkək arının yumurtadan çıxmasından tam inkişafına qədər olan dövr 24 gün çəkir. Erkək arı ana arı ilə cütləşən zaman onun tənasül aparatı və daxili orqanlarında bir hissəsi qırılıb ana arının tənəsül orqanında qaldığı üçün erkək arı cütləşmədən 3–4 saat sonra ölür. Erkək arının tənəsül orqanı ana arının tənəsül orqanında olan zaman onun toxumu ana arının toxum qəbuledici kisəsinə tökülür. Bu toxum bir necə milyon spermatozoiddən ibarət olur. Ana arı qovuqcuqdan çıxdıqdan 6–8 gün sonra ilk bələdləmə ucuşuna, 12–14-cü gün isə cütləşmə ucuşuna çixir. Çünki bu vaxt cinsi yetişkənliyə çatir. Ümumiyyətlə erkək arılar öz ailəsinə çox da bağlı olmurlar. Onlar çox asanlıqla bir ailədən digər ailəyə köçürlər. Sentyabr-oktyabr aylarında ailədə erkək arıların olması yaxşı hal deyildir. Çünki bu o deməkdir ki, ya ana arı cütləsmə zamanı itmişdir yaxud da ana mayalanmamış qalmışdır.
Erkək arı uçuş zamanı çoxlu enerji sərf edir. Ona görə də onun yemə ehtiyacı çox olur. Müəyyən edilmişdir ki, 1kq erkək arının əmələ gəlməsinə və onun 2–3 ay yaşamasına 15–20 kq bal lazımdır. Bundan başqa hər bir erkək arının yetişməsi üçün sərf edilən yem işşi arının yetişməsi üçün sərf edilən yemdən 4 dəfə artıqdır. Buna görə də arıcılar erkək arı yetişməsini məhdudlaşdırmaq və ya onları məhv etmək üçün ciddi tədbirlər görürlər.
Erkək arının yetişməsi ancaq mayalanmamış ana olan yerdə və yüksək məhsuldarlığı ilə fərqlənən ailələrdə zəruridir. Belə bir sual ortaya çıxa bilər: madam ki, ananın mayalanması üçün 7–8 erkək arı kifayətdir, onda nə üçün ailədə yüzlərlə erkək arı yetişir. Bu onunla izah edilir ki, ana arı pətəkdə deyil, açıq havada mayalanır, havada isə ana arı müxtəlif təhlükələrlə qarşılaşır. Arıyeyən quşlar ananı məhv edir, külək onu müxtəlif əşyalara çırpıb qanadlarını qırır, yaxud uzağa uçaraq aza bilir.
Ümumiyyətlə uzunmüddətli uçuş ana arı üçün təhlükəlidir. Buradan aydın olur ki, erkək arının çox olması ana arı ilə tez görüşməyə imkan yaradır. Ana arı havada nə qədər qısa müddətdə qalarsa, onun ölüm qorxusu da bir o qədər azalar. Arı bala verən zaman erkək arı ilə ana arının görüşməsi və ya mayalanması üçün ən yaxşı şərait yaranır.
Arıların xarici bədən quruluşu
redaktəArıların xarici bədən quruluşunun öyrənilməsi damazlıq işi üçün böyük əhəmiyyətə malikdir. Arının bədəni xaricdən kutikula deyilən sərt təbəqə ilə örtülüdür . Bu örtük arının xarici skelet rolunu oynamaqla daxili orqanlarını xarici mühitin təsirindən qoruyur. Kutikulanın üzəri çoxlu tükcüklərlə örtülü olur. Bu tükcüklər bədəni təmizləyir və hiss orqanı işini yerinə yetirir. Arıların bədən quruluşu bütün həşaratlar üçün səciyyəvi olan üç əsas hissədən: baş, döş və qarıncıqdan ibarətdir.
Baş
redaktəArının baş hissəsinin üzəri bərk xitin təbəqəsi ilə örtülü qutunu xatırladır. Başın yan tərəfindən bir cüt iri mürəkkəb gözlər bir neçə min xirda gözcüklərdən ibarətdir. Başın üst hissəsində əlavə olaraq üçbucaq şəklində yerləşən üç sadə göz də vardır. Erkək arıların mürəkkəb gözləri daha güclü inkişaf etmisdir. Bu da cütləşmək üçün ananı tez tapmağa və dalınca uçmağa ona böyük köməklik gösrərir. Başın qabaq hissəsindən bir cüt seqmentli bığcıqlar uzanir. Bu bığcıqlarda qoxu orqanları yerləşir. Arıların ağız aparatının mürəkkəb çıxıntıları üstdən aşağı sallanıb dodaqların üzərini örtür. Yan tərəfdə yerləşən iki xitin çənə qüvvəli əzələlərlə hərəkətə gətirilir. Bu çənə vasitəsilə arılar şan qovuqcuğunun qapağını gəmirib açır, şan hörərkən mumu əzişdirir, başqa həşaratı tutur, zibili pətəkdən çıxarır, çiçəyin tozcuğunu çeynəyir, kağızı, parçanı və ağacı gəmirir. Uzanmış iki aşağı çənə və alt dodaq birlikdə xortumu təşkil edir. Aşağı çənələr bir-birinə yaxınlaşdıqda boru əmələ gətirir ki, bunun da vasitəsilə şirəni və suyu sorur. Hər bir aşağı çənə əsas uzun çıxıntıdan və xarici dilimdən ibarətdir. Xortumun içərisində dilcik vardır.
Arılar dilin qaşıqvari hissəsilə duru yemi və şirəni yalayır və sorur. Dilin üzəri nazik tükcüklərlə örtülü olmaqla çoxlu xitin həlqələrdən ibarətdir. Bu həlqələrin köməyilə dil müxtəlif istiqamətlərə əyilə bilir. Arıların xortumunun uzunluğu onun cinsindən asılı olaraq müxtəlifdir. Belə ki, orta rusiya arılarının xortumunun uzunluğu 5,4mm-dir. Ən uzun xortumlu arılar Boz Qafqaz arılarıdır. Onların xortumunun uzunluğu 6,8 mm-dir. Respublikamızın Qabaqtəpə arı populyasiyasının xortumunun uzunluğu 7,2 mm-dir.
Döş
redaktəArının döş yissəsi bir-birinə sıx birləşmiş dörd həlqədən ibarətdir. Hər həlqə də özlüyündə üç hissədən- bel tergitindən, qarın sternitindən və pleyrit qatından ibarətdir. Döş həlqələrinin yuxarı seqmentlərinə isə üç cüt buğumlu ayaq birləşir.
Qanadlar
redaktəArıların qabaq qanadları uzun, arxa qanadları isə qısa olur. Hər bir qanad uzununa və köndələn damarlar torundan ibarətdir. Bu torlu damarlar isə bir-birilə nazik şəffaf pərdə ilə birləşirlər. Qanadın belə quruluşu onun yüngüllüyünü və davamlılığını təmin edir. Sakit vaxtda qanadlar bel uzunu yığılır. Uçuş vaxtı qabaq qanadlar qarmaqçıqlar vasitəsilə arxa qanadlarla birləşib bütöv bir qanad yaradır. Qanadlar döşün güclü əzələlərinin köməyilə hərəkətə gətirilir. Uçuş zamanı arılar qanadlarını saniyədə 200–240 dəfə hərəkət etdirirlər.
Ayaqlar
redaktəArıların üç cüt buğumlu ayağı olur. Hər bir ayaq beş buğumdan: ləyən(ayağın döşə birləşdiyi yer), burma (bud oynağı), bud, diz və beş buğumlu pəncədən ibarətdir. Pəncənin axırıncı buğumunda kiçik caynaq və bunların da arasında yastıca olur. Ayaqlar çiçək tozu toplamaq, bədəni çirkdən təmizləmək və şan hörmək üçün uyğunlaşmışdır. Qabaq ayaqlar tüklərlə örtülü olub bədənin ön hissəsini və bığları təmizləyir. Bədənin başqa hissələrini təmizləmək üçün arxa ayaqların içəri tərəfində pəncənin birinci buğumunda fırça vardır. Dizlə pəncənin birinci buğumu arasında tozcuq tikancığı yerləşir ki, bunun vasitəsilə arılar sayrım (arının ağız suyu ilə isladılmış çiçək tozu) hazırlayırlar. Orta ayaqların içəri tərəfində isə iynəyəbənzər çıxıntı vardır ki, bunun da köməyilə də çiçək tozcuğunu arxa ayaqlarda olan səbətciyə yığırlar. Səbətcik hər tərəfdən möhkəm uzun tüklərlə əhatə olunmuşdur. Ana və erkək arılarda səbətcik olmur.
Qarıncıq
redaktəİşçi arının qarıncığı bir-birilə birləşmiş hərəkətli altı buğumdan, erkək arının qarnı isə yeddi buğumdan ibarətdir. Buğumlar bir-birilə nazik elastik pleyrit qatı ilə birləşir. Hər bir paycığın qabaq hissəsi qonşu paycığın arxa hissəsinin altına keçir. Ona görə də qarıncıq cox hərəkətli olub, uzanıb genişlənə bilir. Qarınçığın daxilində bağırsaqlar, ürək, ifrazat, tənəffüs, cinsiyyət və mühafizə orqanları yerləşir. Arının qarıncığı 10–15% genişlənir və 5–7% uzana bilir. Bu xüsusiyyət tənəffüs, şirə gətirən zaman və qışlama dövründa bağırsağa çoxlu kal kütləsi toplandıqda boyük əhəmiyyət kəsb edir. Qarının 3,4,5 və 6-cı paycıqlarında mum aynacıqları yerləşir. Bu aynacıqların altından nazik mum lövhəcikləri çıxır. Ana və erkək arılarda mum vəziləri yoxdur. Ana və işçi arıların qarıncıqlarının ucunda sancma tikanı olur.
Sancma tikanı (neştər)
redaktəSakit vaxtı sancma tikanı qarının içərisinə yığılır. Bu müdafiə üçündür. Sancma aparatı bir-birilə birləşən üç nazik hissədən ibarətdir ki, onun da əsasını qlaf təşkil edir. Qlafda dişcikləri geriyə doğru iki tikan olur. Qlafın və tikanın icərisində boru yerləşir. Sancma zamanı böyük və kiçik zəhər vəzilərinin əzələləri sıxılır və zəhər sancılan sahəyə daxil olur. Arı sancarkən neştərini insan və heyvanın bədəninə keçirir və onu geriyə çəkib çıxara bilmir, neştər bağırsağın bir hissəsilə qırılıb qaldığı üçün arı tezliklə ölür.
Arı pətəyi
redaktəPətəyin hazırlanması çox böyük möcüzədir. Düzgün, bir-birindən fərqlənməyən altıbucaqlı xanalardan ibarət olan pətəklər arılar üzərində təcəlli edən sonsuz ağlın təkcə bir nümunəsidir.
Pətək eyni anda 2–3 arı tərəfindən yuxarıdan aşağıya doğru hörülür. Ayrı-ayrı hörülən hər bir hissə yanlara doğru genişləndirilərək digər pətəklərlə birləşdirilir. Bu proses mükəmməl hesablanmış və nizamlı şəkildə həyata keçirilir. Pətəyin iki-üç müxtəlif hissənin birləşməsi ilə əmələ gəldiyini ayırd etmək mümkün deyil. Fərqli uclardan başlayaraq hörülən pətəklər elə simmetrikdir ki, yüzlərlə xanadan və müxtəlif hissələrdən ibarət olmasına baxmayaraq, ortaya bütöv pətək çıxır. Üstəlik, bu pətəkdə heç bir birləşmə izinə rast gəlinmir.
Bu onu göstərir ki, arılar pətəyi qurmaq prosesinə təsadüfən deyil, başlanğıc və birləşmə nöqtələri arasındakı məsafəni hesablayaraq başlayırlar. Bal arılarının hazırladıqları pətəyin bütün xanaları eyni ölçülü olur.
İndi isə kiçik bir təcrübə ilə arıların pətəyi hörməsini yamsılamağa çalışaq. Bu təcrübəni apararkən onu da nəzərə alaq ki, təcrübəni aparan şüurlu, müəyyən bir ağıla sahib insandır. Arılar isə şüursuz varlıqlardır. Bir vərəqdə bir neçə küncdən başlayaraq altıbucaqlılar çəkin və səhifənin ortasında bu altıbucaqlıları birləşdirməyə çalışın. Lakin elə edin ki, heç bir birləşmə nöqtəsi bilinməsin. Ən əsası da bunu xətkeş və pərgardan istifadə etmədən və heç bir hesablama işi aparmadan etməyə çalışın. Bunun çox çətin olduğunu, hətta mümkün olmadığını görəcəksiniz. Üstəlik bu təcrübənin bir deyil, üç-dört nəfərlə həyata keçirildiyini düşünsək, bu prosesin nə qədər çətin olduğu daha yaxşı başa düşərik.
Pətək ayrı-ayrı hazırlanmış hissələrdən ibarətdir. Yəni pətək bir nötqədən başayaraq hazırlanmır. Hər bir arının müstəqil hazırladığı hissələr bir-biri ilə birləşdirilir. Eyni anda fərqli yerlərdə hazırlanan hissələr birləşdirildikdə də heç bir iz qalmır. Xanaların birləşmə nöqtələri ilə üst üstə düşən altıbucaqlılar yarımçıq qalmaz. Həmçinin fərqli genişlikdə olduqları halda bir-birindən fərqli hündürlükdə və ya uyğunsuz xanalar olmur. Arılar xanaları o qədər mükəmməl şəkildə birləşdirirlər ki, pətək tam hazır olduqdan sonra birləşmə yerlərini müəyyən etmək mümkün olmur.
Şəkillər
redaktəİstinadlar
redaktəMənbə
redaktəƏdəbiyyat
redaktə- Q. Sultanlı. Arıçılıq. Bakı: 2001, 332 səh.
Xarici keçidlər
redaktə- Həşaratlar
- Yaz arıları Arxivləşdirilib 2009-06-15 at the Wayback Machine