Aleksandr Kazimbey Siyasetci - Wikipedia
Aleksandr Lvoviç Kazımbəy (rus. Алекса́ндр Льво́вич Казембе́к, or Казем-Бек; fr. Alexandre Kasem-Beg; 2 fevral 1902 – 21 fevral 1977) — Mladorossi hərəkatının banisi, jurnalist, pedaqoq.
Aleksandr Kazımbəy | |
---|---|
Doğum tarixi | 2 (15) fevral 1902 |
Doğum yeri |
|
Vəfat tarixi | 21 fevral 1977 (75 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, publisist, universitet müəllimi[d], jurnalist, ilahiyyatçı, tarixçi, dosent |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMüasir dövrdə Aleksandr Lvoviç Kazımbəyi yalnız rus mühacirətinin ictimai-siyasi fəaliyyət tarixi ilə məşğul olan mütəxəssislər, bir də rus pravoslav kilsəsinin ayrı-ayrı nümayəndələri tanıya bilərlər. XX əsrin 30-cu illərində isə o, Avropadakı Rusiya siyasi mühacirətinin kifayət qədər populyar və parlaq simalarından biri idi. Geniş erudisiyası, natiqlik məharəti, yüksək təbəqə ilə əlaqələri və nəhayət, şəxsi xarizması onu yeni Rusiya tərəfdarlarının - "Mladorossiya" təşkilatının qurucularından birinə və şəksiz liderinə çevirmişdi.
Atasının işi ilə əlaqədar Aleksandr hələ kiçik yaşlarında Rusiyanın müxtəlif bölgələrində (Kazan, Tula, Kaluqa, Revel, Vilno), həm də Qərbi Avropa ölkələrində (Fransa, İtaliya, İsveçrə, Almaniya, Avstriya-Macarıstan və s.) olmuşdu. Mükəmməl ev və gimnaziya təhsili nəticəsində ingilis, alman və fransız dillərinə dərindən yiyələnmişdi.
Rusiyanın Birinci dünya müharibəsinə qoşulduğu ilk günlərdə ata - Lev Kazımbəy cəbhəyə yollanmışdı. Anası isə Sarskoe Selodakı hərbi lazaretlərdən birinə rəhbərlik edirdi. 13-14 yaşlı Aleksandr Kazımbəy müharibənin bütün dəhşət və çıxılmazlıqlarını həmin dövrdə dərk etmişdi. İkinci dünya müharibəsinin də müsibətlərini öz taleyində yaşayandan sonra o, 1949-cu ildə yazırdı:
"Dünya müharibəsi öz xarakter və mahiyyətinə görə əsl dünya inqilabıdır. Həm də bəşəriyyət tarixində ağla gətirilməsi mümkün olmayan ən dəhşətli, ən sarsıdıcı, ən dağıdıcı inqilab…"
16-17 yaşlı yeniyetmə ikən Aleksandr Kazımbəy də Ağ ordunun sıralarında müharibənin dəhşətlərini yaşamışdı. Bolşeviklərin qələbəsinin labüd xarakter aldığı 1920-ci ildə valideynlərilə birlikdə mühacirətə yollanmışdı. İstanbulda, Salonikdə (Yunanıstan), Belqradda yaşamışdılar. Gimnaziya təhsilini Yuqoslaviya paytaxtında başa vurmuşdu. 1923-cü ildə rus mühacirətinin əsas mərkəzlərindən sayılan Münhenə gəlmişdi. Yerli universitetdə təhsil aldığı dövrdə tələbə hərəkatının fəallarından biri kimi tanınmış, Münxendəki Rus Monarxistləri Klubuna rəhbərlik etmişdi. 1925-ci ildə Parisdə, Sorbonna universiteti yanında Ali siyasi və sosial elmlər məktəbini bitirmişdi. Eyni ildə Fransa paytaxtında onun rəhbərliyi altında daha çox Mladorossiya adı ilə tanınan "Gənc Rusiya İttifaqı" yaradılmışdı. Həm ideoloji istiqaməti, həm də təşkilati mükəmməlliyi baxımından bu İttifaq həmin dövrdə Avropada Rusiyanın güclü siyasi mühacirət qurumlarından biri idi.
Mühacirət nümayəndələri arasında ümidsizlik və depressiya əhvali-ruhiyyəsinin hökm sürdüyü şəraitdə belə inamlı, nikbin təşkilatın meydana gəlməsi çox önəmli idi. Bu elə bir dövr idi ki, vətənlərini, bütün keçmiş və gələcəklərini itirmiş adamlar hətta Rusiyanın sonraki mövcudluğuna da inanmaq istəmirdilər. Kütləvi etinasızlıq, laqeydlik, tale ilə barışmaq əhvali-ruhiyyəsi mühacirlərin arasında geniş yayılmışdı. Rus mühacirətinin ilk şairlərindən olan Georgi İvanov həmvətənlərinin bu düşkün əhvalını şeirlərinin birində ustalıqla əks etdirmişdi:
Xoroşo, çto net tsarya,
Xoroşo, çto net Rossii.
Xoroşo, çto Boqa net
Tolko joltaya zarya…
Mladorosslar isə mühacir həmvətənlərini hansı siyasi rejimin və hakimiyyətin idarəçiliyi altına düşməsindən asılı olmayaraq, Rusiyanı sevməyə, onun gələcəyinə inanmağa və bu gələcək uğrunda mübarizə aparmağa səfərbər edirdilər. Aleksandr Kazımbəy 1928-ci ildə Rusiyadakı dəyişikliklərdən sarsılanları hər şeyə ayıq nəzərlərlə baxmağa çağıraraq yazırdı:
"Dağıdıcı, gözlənilməz, coşqun inqilab bütün rus axtarışlarının son qayəsidir. Bu inqilabdan sonra rus həyatının yeni forması öz qəlibinə düşəcəkdir. Bu artıq başqalarından əxz edilməyəcək; təbii, Rusiyanın öz məqsəd və məzmununa uyğun bir forma olacaqdır. İndi dizinə döymək və ah-vay etmək vaxtı deyil. İşə başlamaq, zəhmət çəkmək zamanıdır".
Gənclərin ittifaqı 1934-cü ildə Aleksandr Kazımbəyin liderliyi ilə hakimiyyətə iddialı siyasi təşkilata - Gənc Rusiya Partiyasına (GRP) çevrilmişdi. Siyasi şüarlarının eklektikliyinə görə ilk vaxtlar mladorossları o qədər də ciddi qüvvə saymırdılar. Amma hamının belə düşündüyünü də söyləmək düzgün olmazdı. Məsələn, hələ ilkin təşəkkül mərhələsində məşhur rus filosofu N.Berdyayev mladorossları Rusiya mühacirətinin mənəvi-siyasi həyatının diqqətəlayiq və maraqlı hadisələrindən biri kimi səciyyələndirmişdi.
A.Kazımbəydən başqa qurumun rəhbərliyinə D.Qoradevski (ideoloq), N.Arsenyev, G.Butakov, K.Elita-Velçkovski, S.Zenkovski, A.Lvov, S.Obolenski və başqaları daxil idilər. Partiyanın Parisdə, Berlində, Praqada, Nyu-Yorkda, hətta Latın Amerikası və Asiya ölkələrində yerli şöbələri və tərəfdarları, habelə tələbə-gənclər, qadınlar, kazaklar, idmançılar qolları da fəaliyyət göstərirdi.
Mladorosslar XX əsrin 20-30-cu illərinin dəbdə olan ideologiyaların - faşizm və bolşevizmin təsirindən kənarda qala bilməmişdilər. Partiyanın üzvləri tünd göy rəngli yarımhərbi forma geyinirdilər. Bir-birlərini sağ əllərini başları üzərinə qaldıraraq teatral isterika ilə üç dəfə "Qlava! Qlava! Qlava!" (burada "başçı", "rəhbər", "lider" mənasında-V.Q.) çağırışı ilə salamlayırdılar. Mixail Kellaqın Oksford universitetində yayımlanan "Faşizmin Rusiya kökləri" ("The Russian roots of nazism") kitabında "prins Mirzə Kazım Bəyin" hələ 20-ci illərin sonunda Almaniyada siyasi səhnəyə can atan faşistlərlə əlaqə yaratdığı iddia olunur.
Lakin bu bənzərlik daha çox zahiri xarakter daşıyırdı. Ən azı faşizmin irqçilik ideyaları A.Kazımbəyə və həmfikirlərinə tamamilə yad idi. Onlar Rusiyanın gələcəyini ölkədəki bütün millətlərin qarşılıqlı anlaşma şəraitindəki birgəyaşayışı kimi təsəvvür edirdilər. Mladorosslar öz ideyalarını Parisdə çap etdirdikləri "Mladorossı", "Mladorosskaya iskra", "K molodoy Rossii" (ikinci adı "Bodrost" idi-V.Q.) kimi mətbu orqanlar vasitəsi ilə yayırdılar.
Gənc Rusiya Partiyası qarşısına əslində yerinə yetirilməsi mümkün olmayan vəzifə - əkslikləri və ziddiyyətləri barışdırmaq məqsədi qoymuşdu. Partiya mütləqiyyət ideyasına əsaslanan cəmiyyət quruculuğunu, federal imperiya ideyasını və bütün sahələrdə dövlət nəzarətinin tətbiqini siyasi sahədə özünün əsas şüarları elan etmişdi. Qurumun yaydığı ilk bəyannamədə deyilirdi: "Rus dövlətçiliyinin süqutu, rus xalqının fəlakətləri müxtəlif yollarla insani birgəyaşayışın, dinin, ailənin, vətəndaşlığın və nəhayət, dövlətin əsaslarını dağıdan məhvedici elmi təlimlərin yayılması və həyata keçirilməsi ilə bağlıdır". Təbii ki, bu "dağıdıcı", "məhvedici" elmi təlimlər sırasında ilk yeri Rusiyada çox eybəcərliklə tətbiq olunan marksizm-leninizm tuturdu. Mladorosslar islah olunmuş mütləqiyyət vasitəsi ilə rus cəmiyyətini yenidən öz məhvərinə qaytarmağı düşünürdülər.
Qarşısına qoyduğu məqsədlərə çatmaq üçün GRP xaricdəki rus gənclərinin maarifləndirilməsini və onları tarixi vətənlə bağlayan əlaqələrin daha da möhkəmləndirilməsini mühüm şərtlərdən sayırdı. Qəbul edilmiş məramnamədə "Rusiyaya sədaqətli olan gənc qüvvələrin qardaşcasına birliyi, onların Vətənin xilası və dirçəldilməsi uğrunda mübarizlər kimi hazırlanması, sıralarından dövlət, ictimai və özəl sahələrdə çalışacaq əsl mütəxəssislərin yetişdirilməsi, rus gəncliyinin pravoslav dininə hörmət, vətənə məhəbbət, sərt intizam və cəngavərlik ruhunda tərbiyə edilməsi" partiyanın əsas vəzifələri kimi müəyyənləşdirilirdi.
1935-ci il Gənc Rusiya Partiyasının şöhrətin zirvəsində olduğu dövr sayıla bilər. Aleksandr Kazımbəy Vətənə xidmət etmək istəyən və simasını, şəxsiyyətini itirmədən ölkəyə qayıtmaq ümidi ilə yaşayan rus siyasi mühacirlərinin sevimlisinə çevrilmişdi. Onun çıxışları hər dəfə böyük auditoriya toplayırdı. Buraya yalnız mladorosslar deyil, digər siyasi partiya və cəmiyyətlərin nümayəndələri də gəlirdilər. Şahidlərdən biri Parisdə keçirilən bu səs-küylü toplantıları belə xatırlayırdı: "Sen-Didyedəki nəhəng zal ağzına qədər dolmuşdu. Elə təəssürat yaranırdı ki, indiyə qədər rus mühacirəti arasında gənclərin toplaşdığı belə kütləvi tədbir keçirilməyib. Çoxsaylı iştirakçıların içərisində demək olar ki, bütün siyasi partiyaların və təbəqələrin, yaşlıların və cavanların, ən çox da cavanların təmsilçilərini görmək mümkün idi".
Aleksandr Kazımbəy canlı və parlaq nitqləri ilə auditoriyanı ələ almağı, onu istədiyi səmtə yönəltməyi yaxşı bacarırdı. GRP-nin tədbirlərindən birində iştirak edən keçmiş mühacir Roman Qul sonralar öz xatirələrində yazırdı: "Qonaqlardan ilk gələn Gənc Rusiya Partiyasının lideri Aleksandr Lvoviç Kazımbəy oldu. O, nitq söyləməyə başlamamış, iyirmi nəfərə qədər gənc səhnədə sıra ilə düzüldü. Liderləri səhnəyə qalxanda sağ əllərini əski romalılar kimi başlarının üzərinə qaldıraraq "Qlava! Qlava! Qlava!" - deyə qışqırdılar. Məncə, bu, o qədər də ağıllı hərəkət sayılmamalı idi. Amma, deyəsən, Kazımbəyin xoşuna gəlirdi. Kazımbəy orta boylu, təndürüst bədən quruluşu olan xoş simalı adam idi. Sifətində onu şərqlilərə bənzədən cizgilər vardı. Salamlaşdıqdan sonra mən penzalı Kazımbəylərdən (haqqında bir qədər aşağıda söhbət gedəcək Mirzə Əbdülsəttarın - Mirzə Məhəmmədəli Kazımbəyin kiçik qardaşının nəsli-V.Q.) olub-olmadığını soruşdum. Onlarla əminəvəsi olduğunu, özünün isə Qazanda doğulub boya-başa çatdığını dedi. Nitqində bəzi cəfəng mladoross şüarlarına təsadüf edilsə də, Kazımbəy yaxşı tərbiyə görmüş və kifayət qədər ağıllı adam təsiri bağışlayırdı".
Mladorosslar, imperiyanın süqutu ilə nəticələnməsinə baxmayaraq, 1917-ci il Rusiya inqilablarının (fevral və oktyabr-V.Q.) qaçılmazlığı fikrini dəstəkləyirdilər. Bolşevik ideologiyasına düşmən münasibət bəsləsələr də, Rusiyanın böyük dövlət kimi qorunub saxlanmasında, rus xalqının dünya miqyasında mövqe və maraqlarının təmin olunmasında sovet rəhbərliyinin xidmətlərini təqdir edirdilər. Onların fikrincə, radikallığı ilə seçilən Oktyabr inqilabı ilk növbədə köhnə tipli monarxiyanın aradan qaldırılması və yeninin doğulması üçün zəruri idi. Mladorosslar daha da irəli gedərək proletariatı yeni mütləqiyyətin istinad nöqtəsinə çevirməyi özlərinin əsas vəzifələrindən biri adlandırırdılar.
Aleksandr Kazımbəy və həmfikirləri sadəlövhcəsinə güman edirdilər ki, yalnız fəhlə, kəndli və əsgər sovetlərinin siyasi iradəsinə əsaslanan, hakimiyyəti qismən də olsa, xalq nümayəndələri ilə bölüşən rus monarxı ölkəni bolşevik zülmündən qurtara bilər. Təbii ki, bu da onların ilk baxışdan bir qədər qeyri-ciddi görünən "Çar və Sovetlər" şüarını ortaya atmalarına gətirib çıxarmışdı. Mladorossların fikrincə, yerli sovetlər vasitəsi ilə ölkə idarəçiliyində iştiraka cəlb olunan xalq kütlələri Mütləqiyyət, Milliyyətçilik və Sosializm prinsipləri əsasında rus çarının hakimiyyətini təmin etməli və onu legitimləşdirməli idilər.
Sosial-iqtisadi sahədə də mladorosslar bir sıra kiçik dəyişiklik və istisnalarla bolşeviklərin "təcrübəsindən" yararlanmaq istəyirdilər. Əlbəttə, bu zaman öz proqramlarının gözünə müəyyən qədər liberalizm qatmağı da yaddan çıxarmırdılar. İqtisadiyyat planlı aparılmalı, dövlət istehsala nəzarət etməli, genişmiqyaslı sosial layihələr işlənib həyata keçirilməli idi.
Kazımbəyin "yeni Rusiya" qurmaq istəyən partiyası dini, milli və irqi ayrıseçkilikləri qətiyyətlə rədd edir, ölkənin tərkibinə daxil olan bütün millətlərin mədəni-mənəvi haqlarını tanıyırdı. Mladorosslar gələcək Rusiyanı "federal imperiya-dövlətlər ittifaqı" şəklində təsəvvür edirdilər. Bu ittifaq imperiyanın tərkibinə könüllü şəkildə daxil olan xalqların iradəsi əsasında tarixi tale oxşarlığı, mənəvi yaxınlıq və iqtisadi maraqların ümumiliyi zəminində formalaşmalı idi.
Göründüyü kimi, A.Kazımbəyin həmfikirləri əslində Stalinin sərt idarəçilik və çoxsaylı qurbanlar bahasına qurduğu hazır siyasi sistemə sahib çıxmaq istəyirdilər. Bir şərtlə ki, Stalin özü ortada olmasın. Lakin bolşeviklərin lideri öz yerində kifayət qədər möhkəm oturduğu üçün xaricdəki opponentlərinin bu boşboğazlıqlarına yalnız bığaltı gülümsəməklə reaksiya verirdi. Eyni zamanda Avropanın mərkəzində, könüllü şəkildə sovet rejiminin təbliğatçısı kimi çıxış edən mütəşəkkil qüvvə ilə əlaqələr yaratmağın və lazım gələndə onlardan "beşinci dəstə" kimi yararlanmağın da mahiyyət etibarilə heç bir ziyan gətirməyəcəyini başa düşürdü.
Məsələnin ən maraqlı tərəfi Aleksandr Kazımbəyin imperator ailəsinin üzvlərini də əslində hər cür reallıqdan məhrum olan bu ideyanın nə vaxtsa həyata keçməsinin mümkünlüyünə inandırması idi. Doğrudur, bu məsələdə Romanovların itirəcəkləri heç bir şey yox idi. Onlar da hakimiyyətdən uzaqlaşdırılmış bütün siyasi rejimlər kimi "Bəlkə də qaytardılar" xülyası ilə yaşadıqlarından bolşeviklərin devrilməsi ilə bağlı ən fantastik layihələri də dəstəkləməyə hazır idilər.
Amma təbii ki, Kazımbəyin Romanovlar evinin başçısı, böyük knyaz Kirill Vladimiroviçlə dostluğunun əsasında yalnız belə merkantil maraqlar dayanmırdı. Rusiyanın mühacirətdəki imperatoru Kirill Romanov Aleksandr Lvoviçi ilk növbədə dərin ağlına, yüksək mədəniyyətinə və şəxsiyyətinin bütünlüyünə görə dəyərləndirirdi. Onların on ilə yaxın davam edən dostluğu heç bir qaramsar hadisə ilə ləkələnməmişdi. Aralarında həmişə qarşılıqlı hörmət və anlaşma olmuşdu. Aleksandr Kazımbəy Rusiya taxt-tacına iddia edən Kirill Romanovun ən yaxın çevrəsinə daxil idi.
Məhz bu səbəbdən də sovet xüsusi xidmət orqanları onun şəxsiyyəti və fəaliyyəti ilə yaxından maraqlanırdılar. 30-cu illərdə SSRİ-nin casus şəbəkəsi bütün Avropa ölkələrini bürümüşdü. Həm də sovet çekistləri bu sahədə tək çalışmırdılar. Kommunist əqidəli Avropa vətəndaşları, yaxud əllərini hər şeydən üzmüş bəzi mühacirət nümayəndələri də onların yaxın köməkçiləri idilər. Təbii ki, sovet kəşfiyyatı SSRİ-yə rəğbəti ilə seçilən, bir sıra hallarda isə özünü hətta "ikinci sovet partiyası" adlandıran mladorossların yanından da sakit ötüb keçə bilməzdi. Odur ki, partiyanın rəhbəri Aleksandr Kazımbəyi əməkdaşlığa cəlb etmək üçün bir sıra cəhdlər göstərilmişdi. 1937-cu ildə o, atasının Paj korpusundakı kursant yoldaşı, keçmişdə qraf, sonralar isə sovet generalı olan Aleksey İqnatyevlə görüşüb danışıqlar aparmışdı.
A.İqnatyev həmin dövrdə Sovet İttifaqının Fransa paytaxtındakı Ticarət Nümayəndəliyində işləyirdi. Amma onu ticarət yox, tamamilə başqa məsələlər, ilk növbədə Parisdəki rus mühacirəti maraqlandırırdı. Mladorossların rəhbəri ilə görüşdən əsas məqsəd də bu sahədə məlumat toplamaq idi. Adətən həmin görüşü A.Kazımbəyin sovet xüsusi xidmət orqanları ilə əməkdaşlığının başlanğıcı sayırlar. Mladoross liderinin anadan olmasının 100 illiyi münasibətilə 2002-ci ildə "Reliqiya" jurnalında böyük məqalə çap etdirən akademik V.Nikitin həmin şübhələrin tamamilə zəminsiz olduğunu göstərərək yazırdı: "Aleksandr Kazımbəyin DTK tərəfindən ələ alınması barəsində rus mühacirətinin müəyyən dairələrində yayılan uydurmaların heç bir əsası yox idi".
Bu artıq bizim günlərdə verilən qiymətdir. Həmin dövrdə isə Sovetlərlə əlaqə yaratmaq təşəbbüsünün mühacirət dairələrində nə qədər kəskin reaksiya doğurduğunu sübut etməyə ehtiyac yoxdur. Mühacirət dairələrində mladorossların rəhbərini Sovet İttifaqına işləməkdə suçlayan səslər eşidilməyə başlanmışdı. Yuxarıda da qeyd etdiyim kimi, 30-cu illərdə mühacirətdəki Romanovlarla sıx əlaqələrə malik olan A.Kazımbəy həm də tacsız Rusiya imperatoru sayılan böyük knyaz Kirill Vladimiroviçin xarici siyasət məsələləri üzrə məruzəçisi idi. A.İqnatyevlə görüş haqqındakı məlumat mühacirət nümayəndələri arasında yayıldıqdan sonra o, 1937-ci il avqustun 8-də "Bodrost" qəzeti vasitəsi ilə Kirill Vladimiroviçdən tutduğu vəzifədən azad olunmasını xahiş etmişdi. A.Kazımbəy bu addımının səbəblərini "öz hərəkətləri ilə Hökmdarı ciddi məsuliyyət qarşısında qoymaq istəməməsi" ilə əlaqələndirmişdi.
Kirill Vladimiroviç xüsusi reskript yayaraq A.Kazımbəyin fəaliyyətini və şəxsiyyətini yüksək qiymətləndirdiyini bildirmişdi. Eyni zamanda xahişini yerinə yetirərək istefasını qəbul etmişdi. Bunun ardınca Aleksandr Kazımbəy könüllü şəkildə GRP rəhbərliyindən də uzaqlaşmışdı. Onun siyasi səhnədən çəkilməsi partiyadakı tənəzzülü daha da gücləndirmişdi. Bütünlükdə, İkinci dünya müharibəsi ərəfəsində Avropa dövlətlərinin, eləcə də mühacirət nümayəndələrinin mladorosslara marağı xeyli azalmışdı. Alman ordularının Parisi işğal etməsi ilə partiya fəaliyyətini tamamilə dayandırmalı oldu. Bir çox mladorosslar öz yerlərini Fransa Müqavimət Hərəkatının iştirakçıları sırasında tapdılar. 1942-ci ildə isə GRP özünü buraxdığını bəyan etdi. Onun bütün üzvlərinə "müharibə şəraitində olan Vətənə münasibətdə vətənpərvərlik borclarını istədikləri şəkildə yerinə yetirmək sərbəstliyi verildiyi" elan olundu.
Bütün bu proseslərdə Aleksandr Kazımbəyin sovet xüsusi xidmət orqanları ilə əməkdaşlığının nə dərəcədə rolu olmuşdu? Mənbələr sualı birmənalı şəkildə müsbət cavanlandırmağa əsas vermir. Bir məsələ aydındır ki, Aleksandr Kazımbəy öz əqidə yoldaşlarına xəyanət etməmişdi. Amma əlaqələrin uzun müddət sürməsi də təkzibolunmaz faktdır. Ümumiyyətlə, 30-cu illərin ikinci yarısından etibarən Gənc Rusiya Partiyasının artıq sovet kəşfiyyatının çətiri altında işləməsi çoxlarında şübhə doğurmurdu. SSRİ xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Aleksandr Sokolovun da xatırladığı kimi, SSRİ DTK-da mladoross partiyasının proqram və fəaliyyətinin təhlili ilə bağlı çoxsaylı dosyelər vardı və sonralar gənc kəşfiyyatçıların hazırlanması işində onlardan tədris materialları kimi istifadə edirdilər. Bununla bir sırada A.Sokolov xatirələrində partiya başçısının "sovet casusu" və ümumiyyətlə casus olması fikrini qətiyyətlə rədd edirdi.
İkinci dünya müharibəsinin başlanması minlərlə siyasi mühacir kimi Aleksandr Kazımbəyin həyatında da dəhşətli izlər buraxmışdı. Müharibə ərəfəsində o, Parisdə rus siyasi mühacirətinin tanınmış nümayəndələrinin iştirakı ilə "dəyirmi masalar" təşkil edirdi. Bu toplantılardan məqsəd yaxınlaşan təhlükə qarşısında mühacir qüvvələrin faşist Almaniyasına qarşı mübarizədə vahid cəbhədə birləşdirilməsi idi. Antisovet mövqeyi ilə seçilən Fransa hökumətinin qərarı ilə 1940-cı ilin iyulunda Aleksandr Kazımbəy və həmfikirləri həbs olunmuşdular.
Fransa ilə Amaniya arasında barışıq əldə edildikdən sonra mladorossların keçmiş liderinin həyatına real təhlükə yaranmışdı. Onu hər an faşistlərə təhvil verə bilərdilər. Akademik V.Nikitinin yazdığına görə, antifaşist fəaliyyətinə görə nasistlər hətta Aleksandr Kazımbəyin başına 100 min marka qiymət qoymuşdular. Fransanın nüfuzlu adamlarının və Senat üzvlərinin yardımı ilə onu həbs düşərgəsindən çıxarmaq və ABŞ vizası ilə təmin etmək mümkün olmuşdu. Artıq Fransada qalmaq təhlükəli idi. Avropanın od içərisində olduğunu görən Kazımbəy 1940-cı ilin payızında ABŞ-a - San-Fransiskoya mühacirət etmək qərarına gəlmişdi. Burada o, tezliklə rus mühacirətinin populyar mətbu orqanlarından biri - "Novaya zarya" qəzetinin köşə yazarı kimi məşhurlaşmışdı.
Aleksandr Kazımbəy sonralar əsas fəaliyyət sahəsinə çevrilən publisist yaradıcılığa 20-ci illərin axırlarında başlamışdı. 1928-ci ildə Parisdə çap olunan "Gənc Rusiyaya" ("K molodoy Rossii") kitabının "İlk nəticələr", "Mladorosslara məktub", "Yeni mütləqiyyətçilik" hissələri onun qələmindən çıxmışdı. "Sovet Avropasına, yoxsa Gənc Rusiyaya doğru?" (Paris, 1931), "Yeni mütləqiyyətçilik" (Nyu-York, 1936), "Bonapartizm faktı qarşısında" (Paris, 1938), "Yollar və məqsədlər" (Şanxay, 1939) kimi məqalələr toplularının tərtibçiləri və müəllifləri sırasında da A.Kazımbəyin adına rast gəlinir.
Təxminən 25 ilə yaxın müddət ərzində Aleksandr Kazımbəy "Mladorosskaya iskra", "Bodrost", "Mladoross", "Novıy put", "Vernıy put", "Naşa oborona", "Novaya zarya", "Russkiy qolos", "Novoe russkoe slovo", "Rossiya", "Svet" kimi mühacir nəşrlərinin səhifələrində yüzlərlə məqalə, oçerk və publisistik yazı dərc etdirmişdi. Bu yazılar onu Birləşmiş Ştatların "tanınmış sovetoloqlarından biri"nə çevirmişdi. Lakin eyni mövzuya müraciət edən həmkarlarından fərqli olaraq A.Kazımbəyin sovetoloji məqalələri yalnız qərəz və təhriflər üzərində, inkarçılıq zəminində qurulmamışdı. Burada məntiqi polemika və dərin analitik araşdırmalar daha mühüm yer tuturdu.
Xüsusən İkinci dünya müharibəsi illərində onun publisist fəaliyyəti mündəricə və əhatə dairəsi baxımından geniş xarakter almışdı. Həqiqi rus vətənpərvəri kimi Aleksandr Kazımbəy rus xalqının faşizmə qarşı mübarizəsinə öz töhfəsini verməyə çalışırdı. Bolşevik liderləri ilə barışmasa da, Rusiyanın bu müharibədən qalib çıxması müəllifin çoxsaylı məqalələrinin əsas leytmotivini təşkil edirdi. Bir sıra siyasi mühacirət təmsilçilərindən fərqli olaraq, A.Kazımbəy kəmfürsətçilik mövqeyi tutmamışdı. Əksinə o, rus mühacirətini Almaniyaya qarşı mübarizədə Rusiya, Fransa və Böyük Britaniyanın yanında olmağa çağırırdı.
1944–1954-cü illərdə Aleksandr Kazımbəy əvvəlcə ABŞ-nın məşhur Yel universitetində rus dili dərsləri aparmış, sonrakı dövrdə isə Konnektikut kollecində rus dili və ədəbiyyatı kafedrasına rəhbərlik etmişdi. Pedaqoji fəaliyyətlə bir sırada 40-cı illərin sonundan etibarən ilahiyyatla da yaxından maraqlanmağa başlamışdı. Bu dövrdə A.Kazımbəy Amerikadakı rus Patriarxat Ekzarxlığının "Yedinaya tserkov" ("Vahid kilsə") jurnalının daimi müəlliflərindən idi. Jurnalda çap olunan maraqlı məqalələrindən biri "Puşkinin dini yolu" adlanırdı. Rus Pravoslav kilsəsinin Şimali və Cənubi Amerikadakı ekzarxı mitropolit Boris (Vika) tez-tez Aleksandr Lvoviçin siyasi və hüquqi xarakterli məsləhətlərindən faydalanırdı. Nəhayət, o, nüfuz və təcrübəsi əsasında rus kilsəsinin Amerikadakı mülkiyyətinin qorunmasında əvəzsiz xidmətlər göstərmişdi.
İkinci dünya müharibəsi başa çatdıqdan sonra Aleksandr Kazımbəy tarixi vətəninə qayıtmaq haqqında ciddi şəkildə fikirləşirdi. Onun Rusiyaya gedən yolu da ünlü rus səyyahı Afanasi Nikitin kimi Hindistandan keçmişdi. Bu hadisənin maraqlı tarixçəsi var: 1953-cü ildə Hindistanın baş naziri Cəvahirləl Nehrunun bacısı Rameşvari Nehru ABŞ-nın Konnektikut kollecində təcrübə keçirdi. Xanım Nehru rus dili kafedrasının müdiri A.Kazımbəyin nənəsinin Hindistanda son dərəcə böyük məhəbbətlə anılan L.N.Tolstoyun qohumu olduğunu öyrəndikdən sonra onu öz ölkəsinə, rus dili kursları açmağa dəvət etmişdi. Beləliklə, 1954-cü ildən keçmiş Mladoross liderinin həyatının Hindistan dövrü başlanmışdı.
Nyu-Dehliyə gəldikdən bir müddət sonra A.Kazımbəy buradakı səfirlik vasitəsilə sovet rəhbərliyinə müraciət edərək SSRİ-yə qayıtmaq və vətəndaşlıq almaq istədiyini bildirmişdi. Maraqlıdır ki, otuz ildən çox mühacirətdə yaşamasına baxmayaraq o, heç bir ölkənin vətəndaşı deyildi. Hər hansı bir dövlət qarşısında öz üzərinə təəhhüd götürməmişdi. A.Kazımbəy əvvəlki illərdə də Vətənə qayıtmaqla bağlı təşəbbüslər göstərmişdi. Lakin ağ mühacirətin tanınmış simalarından biri olduğu, Avropa və Amerikada yaxşı tanındığı üçün onun SSRİ-yə buraxılmasından müəyyən qədər ehtiyatlanmışdılar.
Sovet İttifaqına qayıtmaq üçün inadla çalışdığı dövrdə "yanlış da bir naxışdır" prinsipi ilə A.Kazımbəyi dolayısı yolla əcdadlarının vətəni Azərbaycanla bağlayan qəribə bir təsadüf də olmuşdu. 1955-ci ildə Berlində vaxtilə Gəncə üsyanının rəhbərlərindən biri olmuş siyasi mühacir Cahangirbəy Kazımbəy (Kazımbəyov) müəmmalı şəkildə öləndə Nyu-Yorkda çıxan "Novoe russkoe slovo" qəzeti soyad eyniliyinə görə onu Aleksandr Kazımbəylə qarışıq salmışdı. Qəzetin 22 yanvar 1955-ci il tarixli sayında, birinci səhifədə "Aleksandr Kazımbəyin müəmmalı qətli" adlı yazı verilmişdi. Ertəsi gün xronika bölməsində dünənki xəbərin yanlış olduğu bildirilmişdi. Yanvarın 24-də isə "Novoe russkoe slovo" yenidən mövzuya qayıdaraq "Kazımbəy öldürülmüşdür, lakin Aleksandr Lvoviç yox!" - adlı yazı çap etmiş və baş verən hadisənin mahiyyətini açıqlamışdı.
Üç illik intizardan sonra A.Kazımbəy Sovet İttifaqına 1957-ci ildə, G.Malenkovun şəxsi icazəsi ilə qayıda bilmişdi. Şübhəsiz, belə bir icazənin verilməsi Sov.İKP-nın 1956-cı ildə keçirilən və Stalinin şəxsiyyətinə pərəstişi kəskin şəkildə pisləyən XX qurultayından sonra mümkün ola bilərdi. Əslində, nisbətən gec qayıtmaq özü də A.Kazımbəy üçün düşərli olmuşdu. Çünki sovet rəhbərliyinin vədlərinə və müharibə dövründəki xidmətlərinin qiymətləndiriləcəyinə inanaraq geri dönən mladorossların əksəriyyəti repressiyaya məruz qalmışdı. Aleksandr Lvoviçin doğma bacısı, knyaginya Aleksandra Kazımbəy-Çavçavadze ilə bağlı da istisnaya yol verilməmişdi. O, uşaqları ilə birlikdə Qazaxıstana sürgün edilmiş, burada çətinlik və məhrumiyyətlərlə qarşılaşmışdı.
Ali hakimiyyət dairələrindən sanksiya almasına baxmayaraq, Aleksandr Kazımbəyin Vətəndəki həyatı da ilk günlər ağrılı-acılı keçmişdi. Moskvaya gəldikdən az sonra, 1957-ci il mayın 16-da "Pravda" qəzetində onun imzası ilə peşimançılıq etiraflarını əks etdirən və rus mühacirətinə münasibətdə başdan-başa qarayaxma, şər və böhtan üzərində qurulan məqalə çap olunmuşdu. Sırf sovet ideologiyası mövqeyindən yazılmış bu böhtançı yazı mühacir dairələri arasında ciddi narazılıq doğurmuşdu. Əslində məqalənin müəllifi A.Kazımbəy deyildi. Sadəcə ona göstərilən yaxşılığın müqabilində özündən xəbərsiz imzasından istifadə edilmişdi. Bu həmişə nəciblik və cəngavərlik qanunları ilə yaşamağa öyrənmiş keçmiş mühacir üçün ağlagəlməz bir iş idi. A.Kazımbəy redaksiyadan onun təmiz adı üzərindən ləkəni götürməsini tələb etdi. Əks-təqdirdə həyatına qəsd edəcəyini bildirdi. Rus mühacirətinin liderləri yalnız bu amansız həqiqəti eşidəndən sonra nisbətən sakitləşdilər.
Təbii ki, keçmiş siyasi mühacir Vətənə qayıdan kimi DTK-nin nəzarəti altına götürülmüşdü. Ona xaricdə yaşayan həmvətənlər üçün çap olunan "Otçizna" jurnalına redaktorluq vəzifəsi təklif edildi. Təhlükəsizlik Komitəsinin yüksək rütbəli əməkdaşı A.Sokolov Sovet Sülhü Müdafiə Komitəsinin işçisi adı ilə tez-tez A.Kazımbəylə görüşür, onu hər vasitə ilə ələ almağa, əməkdaşlığa cəlb etməyə çalışırdı. Lakin bir müddətdən sonra bu işə son qoymaq lazım gəldi. Çünki Aleksandr Lvoviçin hər hansı bir ölkənin casusluq şəbəkəsi ilə əlaqəsinin olmaması faktı təsdiqləndi.
Mladorossların lideri Sovet İttifaqına dönməmişdən əvvəl hansı sahədə çalışacağını özü üçün dəqiqləşdirmişdi: rus kilsəsi ilə ABŞ-da başlayan əməkdaşlığını davam etdirmək niyyətində idi. Bu istək onu Moskva Patriarxatlığına gətirib çıxarmışdı. Aleksandr Kazımbəyin kilsə administrasiyasının fəaliyyətinə cəlb edilməsində 1945-1970-ci illərdə Moskva və Bütün Rusiyanın partiarxı olan I Aleksinin (Sergey Simanski) himayədarlığı mühüm rol oynamışdı.
Tezliklə o, "Moskva Patriarxlığı Jurnalı"nın fəal müəlliflərindən biri və bacarıqlı kilsə publisisti kimi tanınmışdı. Məqalələrinin əhatə və mövzu dairəsi kifayət qədər geniş idi. Aleksandr Kazımbəy həm provoslav kilsəsinin tarixi, kilsədaxili münaqişələr, ortodokslarla katoliklər arasındakı münasibətlər, həm də dini düşüncənin müasir problemləri haqqında eyni peşəkarlıq və məsələyə dərin bələdliklə yazmağı bacarırdı. Bunun da nəticəsində qısa müddətdə ilahiyyatçı alimlər sırasında özünəməxsus yer tuta bilmişdi. Onun bir sıra məqalələri öz xeyirxahına-stalinizm dövründə rus kilsəsinin çoxəsrlik ənənələrinin qorunub saxlanmasında və dirçəldilməsində mühüm xidmətlər göstərən I Aleksiyə həsr edilmişdi.
Moskvaya qayıdandan beş il sonra, 1962-ci ildə A.Kazımbəy Moskva Patriarxatlığının Xarici Kilsə Əlaqələri Şöbəsinin baş məsləhətçisi təyin olundu. Rəsmi dairələrdə sadəcə Xarici Şöbə adlandırılan bu qurum rus kilsəsinin beynəlxalq münasibətlərinin tənzimlənməsi və xaricdəki rus kilsəsi ilə əlaqələrin qurulması ilə məşğul olurdu. A.Kazımbəy eyni zamanda "Moskva Patriarxatlığı Jurnalı"nın redaksiya heyətinin üzvü idi. O, həyatının son günlərinə qədər hər iki qurumda böyük istək və şövqlə çalışaraq vəzifəsinin öhdəsindən bacarıqla gəlmişdi. Ulu əcdadı inanclı müsəlman və Dərbənd şeyxülislamı olmuş Aleksandr Kazımbəy rus provoslav kilsəsi qarşısındakı mühüm xidmətlərinə görə din xadimləri üçün təsis edilən Müqəddəs Vladimir ordeninin iki dərəcəsi, habelə Patriarxatlığın çoxsaylı fəxri fərmanları ilə təltif edilmişdi.
Aleksandr Lvoviç Kazımbəy 1977-ci il fevralın 24-də, 75 yaşını qeyd elədikdən 20 gün sonra vəfat etmişdi.
Ədəbiyyat
redaktə- Памяти Александра Львовича Казем-Бека// "Журнал Московской Патриархии". – 1979. – № 2. – С. 26. (rus.)
- Алексеев И.Е. На страже Империи/ Выпуск III: Статьи и документы по истории черносотенства, русского национализма, дворянства, политического сыска и белого движения. – Казань: ООО "Астория", 2009, – С.с. 137 — 138. (rus.)
- Недбаевский В.М. Духовные и организационные проявления фашизма в среде российской эмиграции в Германии// Новый исторический вестник. – 2000. – № 2 (2). (rus.)
- Халиуллин Ю. Династия патриотов Отечества: Звёздные имена из рода Казем-Беков// Казань. – 2004. – № 6 (июнь), стр. 55—61. (rus.)
Mənbə
redaktə- Vilayət Quliyev. Kazımbəy nəsli: iki yüz il Rusiya ilə birlikdə. 525-ci qəzet. 2 may 2009, səh. 22-23. (az.)