Alberta Universiteti - Wikipedia
Alberta Universiteti (ing. University of Alberta) və ya qısaca U of A və ya UAlberta — Kanadanın Alberta əyalətinin Edmonton şəhərində yerləşən və əyalətin ən qədim ali təhsil ocağı. Kanadanın ən böyük universiteti olmaqla yanaşı, həm də ən nüfuzlu təhsil ocaqlarından biridir[3].
Alberta Universiteti | |
---|---|
University of Alberta | |
53°31′28″ şm. e. 113°31′28″ q. u.HGYO | |
Əsası qoyulub | 1908 |
Tip | Dövlət |
Rektor | İndira Samarasekara |
Tələbə sayı | 31,648[1] |
Şəhər | Edmonton |
Ölkə | |
Ünvan | Kanada, Alberta əyaləti, Edmonton şəhəri |
Sayt | ualberta.ca |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə1906-cı ildə yeni Qanunvericilik iclasının birinci sessiyasında Alberta əyalətinin Edmonton şəhərində universitet yaradılması haqqında qanun qəbul edilir. Ali məktəbin təsisçiləri onu Amerika ştat universitetlərinə bənzər formada yaratmaq niyyətində idilər. Yeni universitetin yaradılmasında Albertanın ilk baş naziri Aleksandr Kameron Rezerford[4] və professor Henri Marşall Torinin böyük rolu olur[5]. Henri Marşall Tori Alberta Universitetinin ilk prezidenti təyin edilir. 1908-ci ildə ali məktəb müvəqqəti olaraq bir sıra binaları icarəyə götürür və fəaliyyətə başlayır; bu zaman ərzində də universitetin ilk binası tikilir.
XX əsrin əvvəllərində ali təhsil ənənəvi ilahiyyat, hüquq və tibb təhsili çərçivəsindən kənara çıxır.
Alberta Universiteti ilk elmi dərəcəsini 1912-ci ildə vermiş[6] və Genişləndirmə şöbəsini açmışdır.
1927-ci ildə Alberta Universitetinin radiostansiyası fəaliyyətə başlamışdır.
1929-cu ildə universitetdə Təhsil (Pedaqogika) fakültəsi açılır. 1932-ci ildə universitetin genişləndirmə fakültəsi çərçivəsində Banff Təsviri İncəsənət Məktəbi yaradılmışdır.
1966-cı ildə Alberta Universitetində magistr proqramı tətbiq edilir. Həmin dövrdə universitetlər çərçivəsində fəaliyyət göstərən əyalət kollecləri muxtariyyət qazanır. Alberta Universitetinin 1945-ci ildən Kalqari şəhərində fəaliyyət göstərən filialı 1966-cı ildə muxtariyyət əldə edir və Kalqari Universiteti adlandırılmışdır.
1969-cu ildə Alberta Universiteti nəşriyyatı açılır.
1976-cı ildə mühəndis-memar Ruvim Vande-Kraats universitetin Elm və İncəsənət Məktəbinə yeni dizayna malik tikinti kompleksi artırmaq qərarına gəlir.
2004-cü ildə Kamrouz şəhərində yerləşən Auqustana Universitet Kolleci Alberta Universiteti ilə birləşir və Auqustana kampusu yaradılmışdır.
Kampusları
redaktəAlberta Universiteti bu kampuslarından ibarətdir:
- Əsas (Şimal) kampus;
- Auqustana kampusu;
- Sen-Jan kampusu;
- Cənub kampus;
- Kalqari Universitet Mərkəzi;
- Müəssisə Meydanı kampusu.
Əsas kampus
redaktəƏsas kampusun digər adı Şimali kampusdur. "Günəşli Alberta"nın mərkəzində - Edmonton şəhərində Şimali Saskaçevan çayının cənub sahilindədir. Kampus 92 hektar ərazidə yerləşir və 90 binadan ibarətdir. Burada universitetin inzibati binaları və bir sıra fakültələri cəmləşib. Əsas kampusun planı memar Barton Mayers tərəfindən hazırlanıb.
Auqustana kampusu
redaktəAuqustana kampusu Edmonton şəhərindən 100 km cənub-şərqdə, Kamrouz şəhərində yerləşir. Kampusda Təsviri incəsənət, Humanitar, Dəqiq və ictimai elmlər departamentləri, eləcə də tibb bacısı fakültəsi yerləşir. Bu kampusda güclü əcnəbi tələbə kontingenti mövcuddur. Auqustana kampusunda idman konfransları keçirilir, burada universitetin müxtəlif idman komandaları, "Auqustana vikinqləri" kimi tanınan Alberta Kollecləri Atletika və Kanada Kollecləri Atletika assosiasiyaları fəaliyyət göstərir. Hər il kampusda Şimali Amerika və Avropa komandaları arasında "Vikinq Kuboku" adlı hokkey yarışı keçirilir.
Sen-Jan kampusu
redaktəSen-Jan kampusu Alberta Universitetinin fransızdilli şəhərciyidir və əsas kampusdan 5 km şərqdə Bonni Dun rayonunda yerləşir. Hazırda yeni laboratoriya və müəssisələrin açılması ilə bağlı kampusun ərazisi genişlənməkdədir. Kampusda fransız və ingilis dillərində dəqiq elmlər, təsviri incəsənət və dillər, ictimai elmlər, ətraf mühitin mühafizəsi və ekologiya elmləri, maşınqayırma, tibb bacısı, menecment sahələri, eləcə də incəsənət (Kanada tədqiqatları) və təhsil (pedaqogika) üzrə magistr proqramları tətbiq edilir.
Cənub kampusu
redaktəCənub kampus əsas şəhərcikdən 2 km cənubda Makkernan-Belqravia və Sautqeyt stansiyalarının arasında, Fut sahəsi və Sevill İdman Mərkəzinin yaxınlığında yerləşir. 25 aprel 2009-cu ildə burada Edmonton Tranzit Sisteminin (dəmiryolu, tramvay xətti) bir hissəsi kimi Cənub kampusu stansiyası istifadəyə verilib. Kampusun yeni estetik binaları, geniş sahədə salınmış yaşıllıqlar bu şəhərciyi digərlərindən fərqləndirir. Burada kənd təsərrüfatı, qida məhsullarının təhlükəsizliyi və istifadə mədəniyyəti, ərzaq keyfiyyəti, bioloji yanacaq mənbələri və bioplastika sahələri üzrə tədqiqatlar aparmaq üçün şərait mövcuddur. "Canlı laboratoriya" adlanan bu kampusda 8 yüksəktexnologiyalı aqrar-ərzaq tədqiqat və tədris müəssisəsi, torpaq sahələri, eləcə də dünya standartlarına cavab verən iki idman kompleksi və yataqxana var. Cənub kampusun yaxınlığında Miçener parkı yerləşir.
Kalqari Universitet Mərkəzi
redaktəKalqari Universitet Mərkəzi Kalqari şəhərinin mərkəzində yerləşir. Mərkəz universitetin məzunlarını, tələbələrini, donorlarını və digər tərəfdarlarını bir yerə toplayaraq Kalqari cəmiyyəti yaradıb.
Müəssisə Meydanı kampusu
redaktəMüəssisə Meydanı kampusu 15 yanvar 2008-ci ildə açılıb və Edmonton şəhərində Şimali Saskaçevan çayının şimal sahilində yerləşir. Tarixi binalardan ibarət bu ərazi əvvəllər Şimali Amerikanın ən qədim kommersiya korporasiyası olmuş "Hudzon körfəzi" şirkətinə məxsus olub. Hazırda burada universitetin Genişləndirmə fakültəsi, Alberta Biznes Məktəbi, Alberta Biznes Ailə İnstitutu, Təhsilin Davametdirilməsi Məktəbi, bir sıra ticarət meydanları, Dizayn Qalereyası, Alberta Universiteti Məzunları Assosiasiyasının yeni binası yerləşir.
Fakültələr
redaktəAlberta Universitetində bu fakültələr fəaliyyət göstərir:
- İncəsənət fakültəsi;
- Kənd təsərrüfatı, həyat və ekologiya elmləri fakültəsi;
- Təhsil fakültəsi;
- Mühəndislik fakültəsi;
- Dəqiq elmlər fakültəsi;
- Genişləndirmə fakültəsi;
- Hüquq fakültəsi;
- Tibb və stomatologiya fakültəsi;
- İctimai səhiyyə fakültəsi;
- Bərpa tibb fakültəsi.
İncəsənət fakültəsi
redaktəUniversitetin ilk fakültəsi 1908-ci ildə yaradılmış İncəsənət fakültəsidir. Fakültə çərçivəsində Antropologiya, İncəsənət və dizayn, Drama, Şərqi Asiya tədqiqatları, İqtisadiyyat, İngiltərə və kinematoqrafiya, Tarix və klassika, Fənlərarası tədqiqatlar, Linqvistika, Müasir dillər və mədəni tədqiqatlar, Musiqi, Fəlsəfə, Siyasi elmlər, Psixologiya, Sosiologiya, Qadın tədqiqatları departamentləri, Alberta Amerika Tədqiqatları, Kanada Şimali Tədqiqatlar, Preyri Arxeologiya, Dövlət İqtisadiyyatı, Parklend, Virt Avstriya və Avropa Tədqiqatları institutları, İncəsənət Resurs, Kanada Teatr Yaradıcılığı, Etnomusiqişünaslıq, Piter və Doris Kul Ukrayna və Kanada Folkloru, Şahzadə Takamado Yapon Tədqiqatları mərkəzləri, Fənlərarası tədqiqatlar departamenti nəzdində Müqayisəli ədəbiyyat, Yazı tədqiqatları, Humanitar hesablama, Yaxın Şərq və Afrika tədqiqatları, dinşünaslıq, elm, texnologiya və cəmiyyət, sülh və konfliktlərin aradan qaldırılması bölmələri fəaliyyət göstərir.
Kənd təsərrüfatı, həyat və ekologiya elmləri fakültəsi
redaktəKənd təsərrüfatı, həyat və ekologiya elmləri fakültəsi 1915-ci ildə yaradılıb.
Fakültə Kənd təsərrüfatı, ərzaq və qidalanma elmləri, İnsan ekologiyası, Bərpa olunan resurslar, Kənd təsərrüfatı departamentlərindən, Alberta Meşə Elmi və İdarəetmə Məktəbindən, Devon Botanika bağından, Alberta İnsan Qidalanması, Alberta Baytarlıq Tədqiqatları, Maddi Mədəniyyət institutlarından, Ətraflı (Geniş) Meşəçilik, Zeytun və Bioloji Aktiv Yağların İstehsalı, Süd Tədqiqatı Texnologiyaları, Ekoloji Tədqiqatlar, Gentec Heyvandarlıq, Alberta İxtiraçılıq, Quşçuluq, Donuzçuluq Tədqiqatı Texnologiyaları mərkəzlərindən ibarətdir.
190 akr ərazini əhatə edən Devon Botanika bağı 1959-cu ildə yaradılıb və Edmonton şəhərinin cənubunda yerləşir.
Bağda qarışıq bitkili meşə, qulluq edilmiş bağlar, Kurimoto Yapon bağı, dekorativ güllük, dağ çəmənlikləri, dərman bitkiləri bağı və s. vardır.
Təhsil fakültəsi
redaktəTəhsil fakültəsi 1929-cu ildə açılıb və Kanadada yaradılan ilk belə fakültədir.
Fakültə Təhsilin siyasi tədqiqatları, Təhsilin psixologiyası, İbtidai təhsil, Orta təhsil, Təhsildə texnologiya departamentlərindən, Kitabxana və İnformasiya Tədqiqatları Məktəbindən, Savadlılığın Artırılması üzrə Kanada Tədqiqatları, Kanadanın Yerli Əhalisinin Dil və Savadlılıq Tədqiqatları, Qlobal Vətəndaşlıq Təhsili və Tədqiqatları, Riyaziyyat, Elm və Texnika, Oxu və Dil, İnkişaf Qüsurları, Uşaq Tədris institut və mərkəzlərindən, Alberta Ümid Fondundan ibarətdir.
Mühəndislik fakültəsi
redaktəMühəndislik fakültəsi 1908-ci ildən fəaliyyət göstərir və fakültənin professorları bir çox kəşflərin müəllifləridir.
Fakültə üzrə Kimya texnologiyası və materialşünaslıq, Vətəndaş və ekologiya mühəndisliyi, Elektrotexnika və hesablama texnikası, Maşınqayırma departamentləri, Dağ-Mədən və Neft-Qaz Mühəndisliyi Məktəbi mövcuddur.
Dəqiq elmlər fakültəsi
redaktəDəqiq elmlər fakültəsinə Biologiya elmləri, Kimya, Kompüter, Yer və atmosfer, Riyaziyyat və statistika elmləri, Fizika, Psixologiya departamentləri aiddir.
Genişləndirmə fakültəsi
redaktəGenişləndirmə fakültəsi 1912-ci ildə açılıb.
Fakültə Tətbiqi elmlər, Biznes, Yaşlılar və təhsilin davam etdirilməsi, Kommunikasiya və texnologiya, İngilis dilinin öyrənilməsi, Hökumət Tədqiqatları, Liberal Tədqiqatlar, Tibbi akupunktura proqramları təklif edir. Genişləndirmə fakültəsinin Uşaq, Gənclər və Ailə tədqiqatları, Şəhər-Rayon Tədqiqatları, İctimai iştirak mərkəzləri, Alberta Oyun Elmi-Tədqiqat İnstitutu, Fasiləsiz Təhsil Kanada Universitet Jurnalı fəaliyyət göstərir.
Hüquq fakültəsi
redaktəHüquq fakültəsi 1912-ci ildə yaradılıb. Fakültəyə bu qurumlar aiddir:
- Alberta Hüquq Reforması İnstitutu;
- Beynəlxalq Ombudsman İnstitutu;
- Sağlamlıq Hüququ İnstitutu;
- Kanada Vətəndaş Mühakiməsi Forumu;
- Konstitusiya Tədqiqatları Mərkəzi.
Tibb və stomatologiya fakültəsi
redaktəTibb və stomatologiya fakültəsi 1913-cü ildə açılıb və verdiyi tibbi təhsilin keyfiyyətinə görə dünyada tanınır.
Fakültə Xərçəng, Mühəndislik və Təsviretmə Elmləri, Kliniki Laboratoriya Tədqiqatları, İcma-əsaslı Tibb, Stomatologiya, İnsan İnkişafı, Daxili təbabət, Molekulyar və Sistemlər Təbabəti, Cərrahiyyə və Anesteziologiya məktəbləri, Anatomiya, Anesteziologiya və Ağrı, Biokimya, Biotibbi Mühəndislik, Hüceyrə Biologiyası, Nevrologiya, İntensiv Terapiya, Stomatologiya, Ailə tibbi, Sağlamlıq etikası, Tibbi genetika, Mikrobiologiya və immunologiya, Tibb, Mamalıq və ginekologiya, Onkologiya, Oftalmologiya, Pediatriya, Əczaçılıq, Fiziki tibb və reabilitasiya, Fiziologiya, Psixiatriya, Radiologiya və diaqnostik vizualizasiya, Cərrahiyyə, Təcili tibbi yardım departamentlərindən, Tibb və Patalogiya Laboratoriyasından ibarətdir.
İctimai səhiyyə fakültəsi
redaktəİctimai səhiyyə fakültəsi 2006-cı ildə yaradılmışdır.
Fakültədə İctimai səhiyyə departamenti, Sağlamlıq Tədqiqatlarının İnkişaf Etdirilməsi, Zədələrin Nəzarəti və Tədqiqatı mərkəzləri fəaliyyət göstərir.
Bərpa tibb fakültəsi
redaktəBərpa tibb fakültəsi Əmək terapiyası, Fizioterapiya, Nitq patalogiyası və audiologiya departamentindən ibarətdir.
Digər qurumları
redaktəAlberta Biznes Məktəbi 1916-cı ildə yaradılmışdır.
Məktəbə Muhasibatlıq, əməliyyatlar və informasiya sistemləri, Maliyyə və statistik analiz, Marketinq, biznes iqtisadiyyatı və hüquq, Strateji menecment və təşkilatçılıq departamentləri daxildir.
Auqustana kampusunda Təsviri incəsənət, Humanitar, Dəqiq, İctimai elmlər departamentləri fəaliyyət göstərir.
Sadalanan fakültələrlə yanaşı, Alberta Universitetində Tibb bacısı, Əczaçılıq elmləri, Fiziki tərbiyə və istirahət, Təbii tədqiqatlar, Ali elmi tədqiqatlar fakültələri, Kitabxanaçılıq və İnformasiya Tədqiqatları Məktəbi, Müqəddəs İosif, Müqəddəs Stefan kollecləri, Sen-Jen kampusu, Milli Nanotexnologiya, Alberta Diabet institutları mövcuddur.
Kitabxana
redaktəAlberta Universitetinin kitabxana sistemi Toronto Universitetindən sonra Kanadanın ikinci ən böyük, Şimali Amerikanın isə 12-ci ən böyük kitabxanasıdır.
Bura universitetin müxtəlif kampuslarında yerləşən 20-yə yaxın kitabxana daxildir. Sistemə Rezerford, Kameron Elm və Texnologiya, Vinsper Biznes Məlumat, Müqəddəs İosif Kolleci, Kots, Brüs Pil Xüsusi, Veyr Memorial Hüquq, Skott Tibb Elmləri, Doktor Jozefin Mitçel Riyaziyyat, Auqustana, Sen-Jen kampusları və s. kitabxanalar daxildir.
Kitabxana sistemində ümumilikdə 11 milyona yaxın kitab, 530000 elektron kitab, 1400-dən çox verilənlər bazası mövcuddur.
Media
redaktəAli təhsil müəssisəsində "Folio" və "Gateway" adlı iki əsas qəzet çap edilir. Bunlardan başqa Auqustana kampusunda "Dagligtale" adlı aylıq tələbə qəzeti də nəşr edilir.
Muzey
redaktəAlberta Universiteti muzeyləri 35 müxtəlif kolleksiyalardan ibarət şəbəkə yaradır və universitet ərazisindəki 120 müəssisədə yerləşdirilib. Muzey kolleksiyasına 17 milyondan çox material daxildir.
Universitetin Tims İncəsənət Mərkəzi ölkənin ən yaxşı təlim-tərbiyə teatrıdır və 289-dan çox insan tutumuna malikdir.
Yataqxana
redaktəAlberta Universiteti geniş spektrdə yataqxana komplekslərinə malik təhsil mərkəzidir. Tələbələrin əksəriyyəti kampusdan kənarda yaşamağa üstünlük versələr də, Edmonton şəhərindən olmayan aşağı kurs tələbələri mənzil xidmətinin təklif etdiyi yataqxanalarda qalırlar.
Yataqxanalardan 1800 nəfərlik tələbə tutumuna malik, ümumi mətbəx və qonaq otağı, bir və ikinəfərlik yataq otaqlarından ibarət Lister mərkəzini, 850 nəfərlik tələbə tutumuna malik daxili yaşayış və restoranlar dəhlizlərindən ibarət HUB Beynəlxalq evlərini, əcnəbi tələbələr və onları yaxından tanımaq istəyən kanadalı gənclər üçün nəzərdə tutulmuş yeni Beynəlxalq Ev binasını qeyd etmək olar. Eyni zamanda yaşlı tələbələr üçün nəzərdə tutulmuş çoxmərtəbəli Nyuton Pleys, Miçener Park, universitetin kişi sakinləri üçün Müqəddəs İosif Kolleci, fransızdilli tələbələrin qaldıqları Sen-Jen, ikinəfərlik 300 otaqdan ibarət Auqustana yaşayış kompleksləri, evli tələbələr üçün Şərqi Kampus Kəndi də universitet yataqxanalarına aiddir.
Yataqxanalarda otaqların illik qiyməti 4800-7900 Kanada dolları arasında dəyişir.
Tələbə kontingenti
redaktəAlberta Universitetində ümumilikdə 36000 nəfərdən çox insan təhsil alır. Onların 29000-ə qədərini bakalavr, qalanlarını isə magistr və doktorantlar təşkil edirlər.
Tələbə həyatı
redaktəTələbə qrupları
redaktəUniversitetdə 300-dən çox fəal tələbə qrupu fəaliyyət göstərir. Bunlar elmi, mədəni, siyasi və digər birliklərdir. Tələbə qrupları arasında ən böyüyü 1957-ci ildən mövcud olan və hazırda 1800-dən çox üzvdən ibarət Rəqs klubudur.
İdman
redaktəUniversitetdə idmana xüsusi diqqət göstərilir. Burada demək olar ki, idmanın bütün növləri inkişaf etdirilib.
Kanada universitetlərarası idman yarışlarında Alberta Universitetini oğlanlardan ibarət "Alberta qızıl ayıları" və qızlardan ibarət "Alberta pandaları" idman komandaları təmsil edirlər. Kanada Qərb Konfransının 8 il təşkil etdiyi yarışda ali məktəbin "Panda" hokkey komandası 7 dəfə qalib olub.
Rəhbərlik
redaktəAlberta Universitetinin hazırkı, 19-cu kansleri xanım Linda Hyuz, 12-ci prezidenti xanım İndira Samasakera, rektoru isə Karl Amrheindir.
Universitetdə ümumilikdə 14146 nəfər işçi çalışır. Əməkdaşların 3506 nəfərini akademik, 10640 nəfərini isə inzibati heyət təşkil edir.
Universitetin ilk prezidenti Henri Marşall Torinin sözlərinə görə,
"Alberta Universiteti bütün xalqı ayağa qaldırmaq üçün yaradılıb". |
Bu gün də Alberta Universiteti yeni tədqiqat və kəşfləri ilə cəmiyyətin rifahına, bəşəriyyətə uğurlu gələcək bəxş etmək məqsədlərinə xidmət edir.
Büdcəsi
redaktə2009-2010-cu tədris ilində Alberta Universitetinin illik gəlirləri 1832833000 Kanada dolları olmuşdur. Həmin məbləği bunlar təşkil etmişdir:
- 1114566000 Kanada dollarını əyalət hökumətinin qrantları,
- 195706000 Kanada dollarını federal qrantlar,
- 217506000 Kanada dollarını satış və digər xidmətlər,
- 205243000 Kanada dollarını təhsil haqqı və s. yığımlar,
- qalanlarını isə digər gəlirlər.
Təhsil haqqı
redaktəAlberta Universitetində yüksək akademik göstəricilərə malik tələbələrə geniş təqaüd imkanları yaradılıb. Ali məktəb hər il tələbələrin təqaüdü üçün 25 milyondan çox vəsait ayırır. Universitet tərəfindən əcnəbi tələbələrə verilən təqaüdün məbləği 5000-20000 Kanada dolları arasında dəyişir. Təqaüdün məbləği fakültələrdə, kampuslarda müxtəlifdir. Təmsil etdikləri ölkələrdən asılı olaraq tələbələrə müxtəlif məbləğli təqaüdlər təklif olunur.
Magistrant və doktorantlar, tədqiqatçılar üçün də universitetdə geniş təqaüd proqramları mövcuddur.
2010-2011-ci tədris ili üzrə Alberta Universitetində yerli tələbələrin təhsil haqqı bakalavr pilləsində ildə 4420 Kanada dolları, əcnəbi tələbələrin bakalavr pilləsində təhsil haqqı fakültə və departamentdən asılı olaraq ildə Auqustanada 19100, Kənd təsərrüfatı, İncəsənət, Təhsil və s.-lərində 19230, Biznes Məktəbində 19245, Mühəndislikdə 20479, Tibb bacısı ixtisası üzrə 23436, Hüquq üzrə 29331, Stomatologiya üzrə 31006 Kanada dolları təşkil edir.
Reytinqi
redaktə"QS World"a görə 90-cı[7], "Times World"a görə 119-cu[8], "ARWU World"a görə isə 101-150[9].
Kanada üzrə isə bu göstəricilər "QS"-ə görə 4-cü, "Times"a görə 6-cı, "ARWU"a görə isə 5-ci pillələrdir.
Məşhur məzunları
redaktəBuranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar:
- Co Klark – Kanadanın sabiq baş naziri;
- Devid Emerson – Beynəlxalq ticarət naziri;
- Beverli Makleçlin – Kanada Ali Məhkəməsinin sədri;
- Ed Stelmax – Alberta əyalətinin baş naziri;
- Devid Henkok – Alberta əyalətinin təhsil naziri;
- Lu Hayndman – Alberta əyalətinin sabiq Nazirlər Kabinetinin sədri;
- Pet Binns – Şahzadə Eduard adasının sabiq baş naziri;
- Ceyn Sterk – Britaniya Kolumbiyası Yaşıllar Partiyasının lideri;
- Robert Stedvord – Beynəlxalq Paralimpiya Komitəsinin sabiq prezidenti;
- Su Guaninq – Nanyanq Texnoloji Universitetinin prezidenti;
- Volles Sterlinq – Stenford Universitetinin sabiq prezidenti;
- Riçard Teylor – fizika üzrə Nobel mükafatı laureatı;
- Raymond Lemye – kimya üzrə Volf və Albert Eynşteyn Dünya elmləri mükafatları laureatları;
- Natan Braun – yazıçı;
- Artur Krüqer – yazıçı;
- Timoti Teylor – yazıçı;
- Brayan Treysi – yazıçı.
Həmçinin bax
redaktəƏdəbiyyat
redaktə- William Hardy Alexander, The University of Alberta: A Retrospect 1908–1929. Edmonton: University Printing Press, 1929.
- John MacDonald, The History of the University of Alberta, 1908–1958. Edmonton: University of Alberta, 1958, ASIN B0007EFODW.
- Walter Johns, History of the University of Alberta, 1908-1969. Edmonton: University of Alberta Press, 1981, ISBN 0-88864-025-0.
- Maureen Aytenfisu, "The University of Alberta: Objectives, Structures, and Role, 1908–1928" (MA thesis). University of Alberta, 1982.
- Scott Rollans, Echoes in the Halls: An Unofficial History of the University of Alberta. Association of Professors Emeriti of the U of A, University Of Alberta, Nov. 1, 1999.
- Schoeck, Ellen. I Was There: A Century of Alumni Stories About the University of Alberta, 1906-2006. University of Alberta Press. 2006. ISBN 0-8886-4464-7.
- Rod Macleod, All True Things: A History of the University of Alberta, 1908–2008. Edmonton: University of Alberta Press, 2008, ISBN 978-0-88864-444-2.
Mənbə
redaktə- Lamiyə Əliyeva. "Alberta Universiteti". "Azərbaycan müəllimi", 31 dekabr 2010, səh. 18-19. (az.). anl.az. İstifadə tarixi: 2014-08-18.
İstinadlar
redaktə- ↑ "Students". University of Alberta. 2014. December 25, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 4, 2014.
- ↑ 1 2 Directory of Open Access Journals. 2003.
- ↑ Kanadanın Alberta Universitetinin əməkdaşı BDU-nun qonağı olub Arxivləşdirilib 2022-07-07 at the Wayback Machine. bsu.edu.az, 10.10.2013 (az.)
- ↑ "A Gentleman of Strathcona – Alexander Cameron Rutherford", Douglas R. Babcock, 1989, The University of Calgary Press, 2500 University Drive NW, Calgary, Alberta, Canada, ISBN 0-919813-65-8
- ↑ "Henry Marshall Tory, A Biography", originally published 1954, current edition January 1992, E.A. Corbett, Toronto: Ryerson Press, ISBN 0-88864-250-4
- ↑ "All True Things: A History of the University of Alberta, 1908–2008", Rod Macleod, The University of Alberta Press, 2008, ISBN 978-0-88864-444-2
- ↑ ""QS World University Rankings - 2018"". 2018-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-22.
- ↑ ""World University Rankings 2018"". 2017-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-22.
- ↑ ["Academic Ranking of World Universities 2017 - Canada" "Academic Ranking of World Universities 2017 - Canada"]
Xarici keçidlər
redaktə- ualberta.ca — Rəsmi saytı
- University of Alberta Arxivləşdirilib 2012-09-23 at the Wayback Machine on the directory of Canadian universities