Abxaziya Tarixi - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Abxaziya tarixi — Abxaziya ərazisi və bu ərazidə yaşayan abaxaz-adige xalqlarının tarixi.
Qədim dövrlər
redaktəAbxaziya ərazisindəki ilk insan izləri Erkən Paleolit dövrünə təsadüf edir. İbtidai icma cəmiyyətinin dağılması prosesi e.ə. VII–VI əsrlərdə baş vermişdir. E.ə. VI–IV əsrlərdə Abxaziya Kolxida çarlığının tərkibinə daxil idi. E.ə. 2-ci əsrin sonunda Abxaziya Pont hökmdarı VI Mitridat Evpatorun əlinə keçmiş, e.ə. 63-cü ildən isə sahilyanı ərazilər romalıların nəzarəti altında olmuşdur. Eramızın I əsrinin sonlarında Abxaziya ərazisində abazq, apsil və saniqlərin tayfa ittifaqları yaranmışdır.
Orta əsrlər
redaktəVI əsrin ortalarında Bizans–İran müharibələri nəticəsində Abxaziya Bizansın hakimiyyəti altına keçmiş və burada xristian dini, VII əsrin sonu–VIII əsrin əvvəllərindən isə ərəblərin yürüşləri ilə bağlı İslam dini də yayılmağa başlamışdır. Abxaz xalqı, əsasən, VIII əsrdə təşəkkül tapdı. VIII əsrin 80-ci illərində II Leon Abxaz çarlığını yaratdı. 975-ci ildə Abxaziya birləşmiş Gürcü çarlığının tərkibinə qatıldı. XIII əsrin 2-ci yarısında Abxaziya monqol istilasına məruz qaldı. Gürcüstanın siyasi parçalanması dövründə (VI əsrin sonu–VII əsrin əvvəli) Abxaziya müstəqil knyazlığa çevrildi, lakin Qərbi Gürcüstan kimi, Abxaziya knyazlığı da XVI əsrin 2-ci yarısından etibarən Osmanlı imperiyasından asılı vəziyyətə düşdü; XVII–XVIII əsrlərdə burada islam dini daha da möhkəmləndi.
XIX əsr
redaktə1810-cu ildə Abxaziya Rusiyaya birləşdirildi. 1862 ildə abxaz əlifbası yaradıldı. 1864-cü ildə Abxaziyada birbaşa Rusiya idarəçiliyi tətbiq edildi və knyazlıq "Suxumi hərbi dairəsinə" çevrildi. XIX əsrin 70-ci illərində 200 mindən artıq abxaz müstəmləkəçi çar rejimi tərəfindən Osmanlı imperiyasının ərazisinə köçürüldü. Rusiyada Oktyabr çevrilişindən (1917) sonra Abxaziya ərazisi gürcü menşevik hökumətinin silahlı qüvvələrinin nəzarəti altında idi. 1921-ci il martın 28-də Abxaziya SSR yaradıldı. Dekabrın 16 — da Abxaziya SSR Gürcüstan SSR-ə, 1922-ci il dekabrın 13-də ZSFSR-ə, dekabrın 30-da isə ZSFSR tərkibində SSRİ-yə daxil oldu. 1931-ci ilin fevralından Gürcüstan SSR-in tərkibində muxtar respublika olmuşdur.
1990-cı ildən Abxaziya MR, 1992-ci ildən isə Abxaziya Respublikası adlandırıldı. 1989-cu ildə yaranan gürcü-abxaz münaqişəsi müharibə (1992–94) ilə nəticələndi. 1994-cü ildə Abxaziya ərazisinə Rusiyanın sülhməramlı qoşunları yeridildi. Rusiya–Gürcüstan müharibəsindən (2008) sonra Rusiya birtərəfli qaydada Abxaziyanın müstəqilliyini tanımışdır (26.8.2008).