Abay Dagli - Wikipedia
Abay Dağlı və ya Cəmil Ağayev (1906, Şuşa – 1975) — azərbaycanlı mühacir şair, dramaturq, publisist.
Abay Dağlı | |
---|---|
Cəmil İbrahim oğlu Ağayev | |
Doğum adı | Cəmil Ağayev |
Təxəllüsü | Abay Dağlı |
Doğum tarixi | |
Doğum yeri | Şuşa |
Vəfat tarixi | |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | şair |
Həyatı
redaktəCəmil İbrahim oğlu Ağayev 1906-cı il yanvarın 27-də Şuşa şəhərində anadan olub[1]. İlk təhsilini Şuşa real məktəbində alıb. 1925–1927-ci illərdə pioner təşkilatçısı vəzifəsində çalışıb, 1927–1929-cu illərdə isə Azərbaycan Mərkəzi Partiya Məktəbinin müdavimi olub.[1] 1929–1932-ci illərdə Şəmkir rayonunun Zəyəm və Anino kənd məktəblərində müəllimlik edib.[2] 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsinə daxil olub.[3] 1936-cı ildə buranı bitirdikdən sonra təyinatla Nuxaya göndərilib və burada 1940-cı ilin fevralına qədər Stalin adına pedməktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyət göstərib.[4] Nuxada fəaliyyət göstərdiyi müddətdə "Gənc işçi", "Kommunist", "Gənc pedaqoq" qəzetlərində müxtəlif yazılarla çıxış edir.[1]
1940-cı ildə Bakıya gəlib və burada N. Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində kiçik elmi işçi kimi işləməyə başlayıb.[5] 1941-ci il avqustun 15-də ixtisara düşüb və həmin il oktyabrın 25-dən Sumqayıt rayonunda 94 saylı orta məktəbdə dil-ədəbiyyat müəllimi kimi işləyib.[6]
Daha sonra 1941-ci ildə səfərbərliyə cəlb olunaraq cəbhəyə göndərilib.[7]
II Dünya müharibəsi illərində Azərbaycan legionunun mətbu orqanı olan "Azərbaycan" qəzetində Anar imzası ilə "Novruz", "Azəri türküsü", "Abbas Mirzə səslənirkən", "Azərbaycan", "Ay-yıldız əfsanəsi", "Yoxdur", "Gəl və gəlmə", "Yanğın", "Bir tarix silsiləsi", "Xainə" adlı şeirləri həmçinin "Gülərin göz yaşları" adlı poeması və "Qılınc" adlı kiçik həcmli mənzum dramı çap olunub.[8][9] II Dünya müharibəsi illərində yazdığı qəzəllər Mustafa Haqqı Türkəqul tərəfindən toplanaraq, müəllifin razılığı ilə 1962-ci ildə İstanbulda "Mirzədən qəzəllər" adı altında çap olunub.[6]
II Dünya müharibəsi başa çatdıqdan sonra 1947-ci ilin sonlarına qədər AFR-in Münhen şəhərində yaşayır. Burada olduğu müddətdə "Onlar türklərdi" memuar romanını yazmağa başlayır. Bu əsər 1951-ci ildə Ankarada "Rəna" gizli imzası ilə nəşr olunur.[10] 1947-ci ilin sonlarında Türkiyəyə mühacirət edib. Burada Sakarya və Adapazarı litseylərində müəllimlik edib.[11]
Abay Dağlı 1989-cu ildə dünyasını dəyişib.
Yaradıcılığı
redaktəAbay Dağlı kimi tanınan Cəmil Ağayevin mühacirətə qədər və mühacirət dövründə bir neçə başqa təxəllüslərdən də sitifadə edib. Azərbaycanda yaşadığı dövr ərzində "Qırmızı Şamxor", "Nuxa işçisi", "Ədəbiyyat", "Kommunist", "Gənc pedaqoq", qəzetlərində "Şuşalı", Ağayev Cəmil", "A. Cəmil" imzaları ilə məqalə və şeirlərini dərc etdirib. Mühacirət illərində isə "A. M. D.", "M. D", "Rana", "A. Anar", "A. Dağlı", "Abay Mirzə", "Abay Mirzə Dağlı", Abay Dağlı" və başqa təxəllüslərlə yazıb-yaradıb. Bakıda yaşayan qohumlarına və bacısı Xanıma yazdığı məktubları isə "Abay Ağa" kimi imzalayıb.[2]
Türkiyədə yaşadığı dövrdə "Əsir ruhlar" (1957), "Bir Mayıs gecəsi" (1960), "Füzuli" (1961, 1968), "Okullular" (1963), "Sakarya" (1965), "Atatürk" (1966), "Atamızın gəncliyi" (1967, 1973), "Sakarya çetəsi" (1969), "Malazgirtdən Sakaryaya" (1971), "Sakaryada 22-ci gün" (1971), "Ata anıları" (1974), "Albay" (1975), "Dədə Qorqud" (1977) və digər pyesləri yazıb, çap etdirib.[12]
1951-ci ildə Ankarada "Rəna" imza ilə çap etdirdiyi "Onlar türklərdi" kitabı Sibirə sürgün olunmuş türklərin mübarizəsi haqdadır.[13] Abay Dağlı bu əsəri cəbhədə həlak olmuş bir soydaşının qanlı çantasından tapılmış yazılar əsasında işlədiyini qeyd edib.[14] Əsərdə həmin naməlum yazıçının üslubunu saxlamağa çalışıb.[15] Əsərin "Uzaq mənfalarda" adlı birinci hissəsində Sibirə sürgün edilən türklərin çəkdikləri əziyyət və bundan qurtulmaq üçün təşkil etdikləri qiyamlar haqqında danışılır. Əsərdə əsasən 3 nəfərin, Nadir, Kamran və Muradağanın mübarizəsi təsvir edilib.[16] Nadir, azərbaycanlı şagirdlərə türk uşaqları dediyi üçün həbs edilən müəllim, Kamran, rus zabitlərini şillələdiyi üçün həbs edilən hərbçi, Muradağa isə kolxoz əleyhdarı kimi yaxalanan və əsl adını gizlədən Qaçaq Qarabəkirdir. Bu üç nəfər düşərgədəki 95 dəstəni birləşdirib, qiyama qaldırırlar.[17] Əsərin "Qanlı cəbhələrdə" adlı ikinci hissəsində sovet hərb sistemi, Kremlin velikorus şovinizminə söykənən antitürk, antimüsəlman siyasəti əsas ifşa hədəfi kimi seçilib.[18]
1965–1974-cü illər arasında Türkiyə İstiqlaliyyət müharibəsi mövzusunda "Sakarya" (1965), "Atatürk" (1966), "Sakarya çetəsi" (1969), "Malazgirtdən Sakaryaya" (1971), "Sakaryada 22-ci gün" (1971) və "Ata anıları" (1974) adlı altı pyes yazıb çap etdirib.[19] "Sakarya qərargahı" adlı pyesində İstiqlal savaşı tarixinin canlı, dramatik mənzərəsini təsvir edib. Sonradan pyesin bir pərdə, üç tablodan ibarət yığcam variantını işləyərək "Sakarya çetesi" adı ilə 1969-cu ildə kitab kimi nəşr etdirib.[20]
Azərbaycan və Türkiyə ləhcələrində qələmə alınmış, 3 pərdə və 9 şəkildən ibarət mənzum "Füzuli" pyesi, ilk dəfə 1961-ci ildə kiçik tirajla Ankara, 1968-ci ildə isə türk füzulişünası, professor, doktor Əli Nihad Tərlanın müqəddiməsi ilə İstanbulda nəşr olunub.[21][22]
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Abay Dağlının "Onlar türklərdi" (1993), "Dədə Qorqud" (2000) və "Səslərəm səni" (2000) kitabları Bakıda nəşr olunub.[23]
2000-ci il noyabrın 6-da Abay Dağlının bacısı Xanımın arxivə təqdim etdiyi 310 sənədin əsasında Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və İncəsənət Arxivində "Şair, publisist, ədəbiyyatşünas Mirzə Abay Dağlı (Ağayev Cəmil İbrahim oğlu)" fondu yaradılıb.[24] Burada onun həyat və yaradıcılığı ilə bağlı 1924–1997-ci illəri əhatə edən sənədlər toplanılıb.[2]
Ailəsi
redaktəAbay Dağlı əvvəlcə Almaniyada daha sonra isə Türkiyədə ailə həyatı qurub. Türkiyədəki həyat yoldaşının adı Əminə, övladının adı isə Nursən olub.[24]
Əsərləri
redaktə- Onlar türklərdi - Ankara, 1951.
- Əsir ruhlar - İstanbul, 1957.
- Füzuli - Kayseri, 1957.
- Balam-balam dastanı - Ankara, 1958.
- Bir may gecəsi - İstanbul, 1960.
- Füzuli həyatının 13 səhnəli hekayəsi - Zonguldak, 1961.
- Okullular - İstanbul, 1963.
- Vətən yaxud silistreciler - Adapazarı, 1964.
- Cümhuriyətimizin vətən yaxud silistresi - İstanbul, 1964.
- Sakarya - Adapazarı, 1965.
- Atatürk - İstanbul, 1966.
- Atamızın gəncliyi - Adapazarı, 1967.
- Sakarya çetesi - Adapazarı, 1969.
- Malazgirddən Sakaryaya - İstanbul, 1971.
- Sakaryada 22-ci gün - İstanbul, 1971.
- Ata. Həyatından səhnələr - İstanbul, 1974.
- Albay - İstanbul, 1975.
- Kıbrısta alayı, xatirələri ilə - İstanbul, 1975.
- Dədə Qorqud - İstanbul, 1977.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 Nikpur Cabbarlı. Abay Dağlının mühacirət dövrü yaradıcılığı. Bakı: Elm nəşriyyatı. 2009. səh. 4. ISBN 978-9952-453-34-8. 2023-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-03.
- ↑ 1 2 3 Abid Tahirli. "Mühacirət dramaturgiyamızda Abay Dağlı yaradıcılığının yeri və rolu - I YAZI" (az.). 525-ci qəzet. 2019-09-01. 2023-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-05.
- ↑ Nəsiman Yaqublu. "Unudulmuş Şuşa irsi – mühacir şair və yazıçı Mirzə Abay Dağlının "İnanmıyoram!" məqaləsi" (az.). Ədəbiyyat qəzeti. 2022-08-17. 2022-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-03.
- ↑ Vaqif Sultanlı. Azərbaycan mühacirət ədəbiyyatı (PDF). Bakı: Şirvannəşr. 1998. səh. 52. 2023-04-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-05-03.
- ↑ Nikpur Cabbarlı. Abay Dağlının mühacirət dövrü yaradıcılığı. Bakı: Elm nəşriyyatı. 2009. səh. 5. ISBN 978-9952-453-34-8. 2023-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-03.
- ↑ 1 2 Dilqəm Əhməd. "Şuşalı mühacir dramaturq: "Müəllimimizdən Şeyx Şamili soruşurdum"" (az.). teleqraf.com. 2022-05-11. 2022-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-03.
- ↑ Abid Tahirli. "Abay Dağlının həyat və yaradıcılığı". Ulduz. 10. Oktyabr 2018: 37.
- ↑ Nikpur Cabbarlı. Abay Dağlının mühacirət dövrü yaradıcılığı. Bakı: Elm nəşriyyatı. 2009. səh. 6. ISBN 978-9952-453-34-8. 2023-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-03.
- ↑ Bədirxan Əhmədli. Azərbaycan mühacirət ədəbiyyatı. Bakı: Elm və təhsil nəşriyyatı. 2017. səh. 96. 2023-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-03.
- ↑ Nikpur Cabbarlı. XX əsr Azərbaycan mühacirət ədəbiyyatı (türkdilli örnəklər əsasında) (PDF). Bakı. 2017. səh. 23. 2023-05-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-05-08.
- ↑ Erkal Etçioğlu. "Adapazarı Lisesinin 50. Yılını Kutlarken" (türk). erkaletcioglu.com. 2005-06-02. 2020-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-08.
- ↑ Rəhman Salmanlı. "Mühacir istiqlalçı" (az.). Azərbaycan qəzeti. 2022-10-08. 2023-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-08.
- ↑ Nikpur Cabbarlı. Abay Dağlının mühacirət dövrü yaradıcılığı. Bakı: Elm nəşriyyatı. 2009. səh. 39. ISBN 978-9952-453-34-8. 2023-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-03.
- ↑ Məlahət Rzayeva. "Aslan Kənan: "Süleyman Rüstəm yeganə adamdır ki, 37-ci ildə heç kəsi satmayıb"" (az.). Şərq qəzeti. 2022-01-19. 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-08.
- ↑ Nikpur Cabbarlı. Azərbaycan mühacirət nəsri (PDF). Bakı: Elm və təhsil nəşriyyatı. 2011. səh. 84. ISBN 978-9952-8142-4-8. 2021-04-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-05-08.
- ↑ Abid Tahirli. Mətbuat: millətin dili, gücü və güzgüsü. Bakı: Elm və təhsil nəşriyyatı. 2017. səh. 259. 2023-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-08.
- ↑ Nikpur Cabbarlı. Abay Dağlının mühacirət dövrü yaradıcılığı. Bakı: Elm nəşriyyatı. 2009. səh. 41. ISBN 978-9952-453-34-8. 2023-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-03.
- ↑ Nikpur Cabbarlı. Abay Dağlının mühacirət dövrü yaradıcılığı. Bakı: Elm nəşriyyatı. 2009. səh. 43. ISBN 978-9952-453-34-8. 2023-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-03.
- ↑ Nikpur Cabbarlı. Abay Dağlının mühacirət dövrü yaradıcılığı. Bakı: Elm nəşriyyatı. 2009. səh. 23. ISBN 978-9952-453-34-8. 2023-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-03.
- ↑ Vaqif Sultanlı. "Azərbaycan mühacirət ədəbiyyatında dramaturgiya" (az.). xariciedebiyyat.azeriblog.com. 2007-10-19. 2007-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-03.
- ↑ Nəsiman Yaqublu. Azərbaycan legionerləri. Bakı: Çıraq nəşriyyatı. 2005. səh. 186. 2023-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-03.
- ↑ Nikpur Cabbarlı. Abay Dağlının mühacirət dövrü yaradıcılığı. Bakı: Elm nəşriyyatı. 2009. səh. 11. ISBN 978-9952-453-34-8. 2023-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-03.
- ↑ Nikpur Cabbarlı. Abay Dağlının mühacirət dövrü yaradıcılığı. Bakı: Elm nəşriyyatı. 2009. səh. 8. ISBN 978-9952-453-34-8. 2023-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-03.
- ↑ 1 2 Abid Tahirli. "Şuşalı, Şuşasız Abay Dağlı" (az.). 525-ci qəzet. 2014-06-04. 2023-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-05.