Asiq Novruz - Wikipedia
Aşıq Novruz (tam adı:Şairov Novruz Süleyman oğlu) (24 aprel 1929, Daşkənd, Yeni Bəyazid qəzası – 3 noyabr 2000, Yeni Daşkənd, Bərdə rayonu) — aşıq, şair, sazbənd.[1]
Aşıq Novruz | |
---|---|
Novruz Süleyman oğlu Şairov | |
| |
Doğum adı | Novruz Şairov |
Doğum tarixi | |
Doğum yeri | Daşkənd, Basarkeçər, Göyçə mahalı |
Vəfat tarixi | (71 yaşında) |
Vəfat yeri | Yeni Daşkənd, Bərdə rayonu, Azərbaycan |
Dəfn yeri | Yeni Daşkənd, Bərdə rayonu, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | şair, aşıq |
Həyatı
redaktəŞairov Novruz Süleyman oğlu 24 aprel 1929-cu ildə Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. O, Daşkəndli məşhur şair Məmmədhüseynin nəticəsidir.[2]
Hələ uşaqlıqdan saza-sözə çox böyük marağı olan Novruzun ustadı böyük qardaşı Aşıq Abbasəli olmuşdur.
Aşıq Novruz ailəsi ilə birlikdə 1941-ci ildə Gədəbəy rayonuna köçmüş və bir müddət burada yaşadıqdan sonra Şəmkirin Dağ Tatarı kəndinə köçmüşdür.
1953-cü ildə ata-baba yurdu olan Göyçə mahalından həmkəndliləri və qohumları departasiya olunduqdan sonra 1954-cü ildə o da Bərdə rayonunun Yeni Daşkənd kəndinə köçmüşdür.
1955-ci ildə ailə həyatı quran Aşıq Novruz dörd oğul və dörd qız atası olmuşdur.
1956-cı ildən ömrünün axırına qədər Bərdə rayonunda Mədəniyyət Evinin üzvü olmuşdur.
Aşıq Novruz dəfələrlə radio və teliviziyada çıxışlar etmişdir. Bu gün də onun lent yazılarından Azərbaycan Dövlət Televiziyasının qızıl fondunda saxlanılır. 1985-ci ildə belə çəkilişlərin birində Aşıq Novruz xalq şairi Xəlil Rza Uluturk ilə görüşmüşdür. Aşıq Novruzun saz çalıb-oxuması Xəlil Rzanın könlünü çox oxşadığına görə elə oradaca "Aşıq Novruz" rədifli qoşmanı yazıb ona həsr etmişdir.[3]
Aşıq Novruz 1986-cı ildən 1992-ci ilə qədər Bərdə şəhər 1 saylı "Musiqi Məktəbi"ndə dərs keçmişdir.
Aşıq Novruz uzun müddət saz çalıb oxumuş həm ifaçı aşıq kimi, həm yaradıcı aşıq kimi və həm də sazın düzəldilib-hazırlanmasının mahir sənətkarı kimi də tanınmışdır.
Tədqiqatçı Araz Yaquboğlu Aşıq Novruzun sazbəndliyi haqqında yazır: — Sazın hazırlanmasını Aşıq Novruz əla bacarırdı. O bu sənəti fitri istedadı sayəsində öyrənmişdi. Onun düzəltdiyi sazlar bu gün də Bərdə, Tərtər, Yevlax, Ağcabədi və Gəncədə istifadə olunmaqdadır. Düzəltdiyi sazlara müştərinin istəyinə əsasən xüsusi zövqlə naxışlar da vurardı. O saz və taziyanə (mizrab) üçün materialı özü axtarar, yaxşı material tapardı. Sazı hazırlayarkən çanağı üçün tut ağacından, qolu üçün qoz ağacından, taziyanə üçün isə köhnə gilas ağacının qabığından istifadə edərdi. Novruz kişi sazı kiçik oğlu İnqilabla birlikdə düzəldərdi. Bunda həm də məqsəd onun da bu sənəti öyrənməsi idi. İnqilab da bu sənəti yaxşı mənimsəsə də Novruz kişinin vəfatından sonra demək olar ki, bu sənəti davam etdirmir.
Aşıq Novruz 3 noyabr 2000-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat etmiş və kənd qəbiristanlığında dəfn olunmuşdur.
- Daşkəndli Şair Məmmədhüseynin nəticəsidir.
- Aşıq Abbasəlinin qardaşıdır.
- Səyyad Şairovun qardaşıdır.
İstinadlar
redaktə- ↑ "Musa Nəbioğlu. Sazımız-sazbəndimiz. Bakı: "Elm və təhsil", 2011. NOVRUZ ŞAİROV, səh.31–32" (PDF). 2016-03-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-10-08.
- ↑ Araz Yaquboğlu, Daşkənd Aşıqları və Şairləri, Bakı-2008
- ↑ Musa Nəbioğlu. "Ozan-aşıq dünyası". Bakı: Nurlan, 2010.