Asiq Meherrem Huseynli - Wikipedia
Aşıq Məhərrəm Hüseynli (26 iyul 1959, Tovuz) — Azərbaycanlı aşıq.
Aşıq Məhərrəm Hüseynli | |
---|---|
Məhərrəm Hüseyn oğlu Hüseynli | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qaradaş kəndi, Tovuz rayonu, Azərbaycan SSR, SSRİ |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Aşıq |
Musiqi aləti | Saz |
Həyatı
redaktə1959-cu il iyul ayının 26-da Tovuz rayonunun Qaradaş (Seyidlər) kəndində doğulub. Gözünü açandan dünya şöhrətli Aşıq İmranla Aşıq Əkbər Cəfərovun səsinin sehrinə qapılaraq, Türk dünyasının əzəmətli ozanı Mikayıl Azaflının, Aşıq Yusifin, Xatınlı Ələkbərin, Məhəmməd Covdaroğlunun, Huseyn Cavan kimi sənətçilərin şeir-sənət dunyasına könül verib. Onların ifa texnikasına, danışıq və toy-səhnə mədəniyyətinə məhəbbətlə yanaşan Məhərrəm Hüseyinli Aşıq Mikayıl Azaflını özünə bilavasitə ustad seçib.
Orta məktəbi qurtardıqdan sonra Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) daxil olub. Onun sənətdə bir daha kamilləşməsi tələbəlik illərinə təsaduf edir. Böyük məclislərə dəvət alan Məhərrəm ustad Mikayıl Azaflı ilə məclis və konsert salonlarında qoşa, qabaq-qarşı calıb-çağırıb, necə deyərlər, elin gözü qarşısında püxtələşib.
Böyük ustad aşıqlarla dostluq və dərin sənət münasibətlərində bulunan sənətçinin arxivində onlarla aşıqla apardığı söhbətlərin audio və videoyazıları mövcuddur.
1981-ci ildə xalq şairi Hüseyn Arifin cağırışına ilk qoşulanlardan biri kimi Məhərrəm Huseynlinin də çalışmaları Azərbaycan Aşıqlar Birliyinin (AAB) təməl daşının qoyulmasında rol oynamış, 1984-cü ildə Azərbaycan aşıqlarının uzun aradan sonra keçirilən növbəti – IV Qurultayına nümayəndə seçilmişdir. Aşıq hələ gənc yaşlarından üzvü olduğu Birliyin keçirdiyi tədbirlərdə yaddaqalan çıxışlar edib.
O, ustadı Aşıq Mikayıl Azaflı ilə yanaşı Aşıq Aydın Çobanoğlu, Aşıq Rza Qobustanlı, Aşıq Əjdər (İbrahimov), Aşıq-balabancı Sərdar Məmmədli, Aşıq Cuma ilə də Novruz və digər toplantılarda birgə çıxışlar edib. Hələ tələbəikən BDU-da kecirilən tədbirlərdə yuksək professionallıqla çıxışlar edib. Respublikada keçirilən tələbə və gənclərin ümumittifaq xalq yaradıcılığı festivalında yüksək yer tutaraq diplom və fəxri fərmanlara layiq gorulub.
1990-cı ildə İçəri Şəhərdə "Qoca qartal" Aşıqlar Ansamblı yaradaraq televiziyada, radioda, habelə xeyriyyə konsertlərində – böyük konsert salonlarında çıxışlar etmişdir. Bu ansamblın tərkibində Aşıq Rakif (İsmayılov), Aşıq Fikrət Körpülü, Aşıq Ədalət Qiyasoğlu, Aşıq-balabançı Sərdar Məmmədli, Aşıq Nuru Məhəmmədoğlu kimi gözəl sənətçilər birləşirdi. 1991-ci ildə keçmiş adı "Oğuz" olan, hazırda "Tovuz" Xeyriyyə Cəmiyyəti kimi fəaliyyət göstərən qurumun dəstəyi ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xeyriyyə konsertləri düzənləmişdir.
Tanınmış aşıq həmçinin keçmiş Mərkəzi Konsert Sarayı – indiki Heydər Əliyev adına Sarayda "Koroğluya qayıdaq", "Hoydu, igidlərim, hoydu" adlı (cəng ruhlu) konsertlər təşkil etmişdir. Hər iki konsertin videoyazısı AzTV tərəfindən bir neçə dəfə yayımlamışdır və hazırda da arxivdə qorunur.
Yaradıcılığı
redaktəAşıqlıq fəaliyyəti ilə yanaşı zəngin bədii və elmi-publisistik yaradıcılıqla məşğuldur. Aşıq üslubunda çoxsaylı şeirlərin, aşıqlar və aşıq sənəti haqqında mətbuatda dərc olunmuş 100-dən çox elmi-publisistik məqalənin müəllifidir. "Sultan bəy", "Aşıq Hüseyn Bozalqanlıyla Aşıq Ələsgərin görüşü", "Mirəli Ağa (Alı Dədə)", "Kişi" və b. dastanların, həmçinin hekayələrin müəllifidir. Şəxsi arxivində aşıq sənətinin tədqiqi və yaşadılması üçün topladığı zəngin audio, video və yazı materialları var.
İndiyə qədər 13 kitabı nəşr edilib, bir çox kitabların redaktoru və ön söz müəllifi olub.
Kitabları
redaktə- Elin mərdi olsa. Bakı- 1996.
- Dağların qartal oğlu. Bakı-1997.
- Ozan ocağının məşəli. Bakı-2001.
- Yarıda qalmış arzular. Bakı-2001.
- Kişi dastanı. Bakı-2001.
- Xalqa bağlı oğul. Bakı-2003.
- Aşıq İmran coşanda. Bakı-2003.
- Ömrün 60 baharı. Bakı-2003.
- Tovuz aşıqları. Bakı-2003.
- Aşıq Əkbər oxuyanda. Bakı-2004.
- Müqəddəs dədələr dastanı. Bakı-2008.
- Seçilmiş əsərləri. 3 kitabda. I kitab: Azaflıdır şah ustadım. Şeirlər və poema. Bakı-2013. 424 səh.
- Seçilmiş əsərləri. 3 kitabda. II kitab: Söz yaddaşım. Dastanlar, hekayələr, maraqlı əhvalatlar, xatirələr. Bakı-2014. 344 səh.
Mənbə
redaktə- Maşallah Xudubəyli. "Mənim sazlı-sözlü dünyam". Bakı, "Elm və təhsil"-2010.
- http://www.bizimyazi.com/?p=138 Arxivləşdirilib 2011-05-28 at the Wayback Machine
Xarici keçidlər
redaktə- http://www.bizimyazi.com/?p=138 Arxivləşdirilib 2011-05-28 at the Wayback Machine