Agziret Piri - Wikipedia
Ağzirət piri — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yuxarı Yaycı kəndindən şərqdə yerləşən ziyarətgah.
Ağzirət piri | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Naxçıvan |
Yerləşir | Yuxarı Yaycı, Şərur rayonu |
Tikilmə tarixi | e.ə. III-II minilliklər |
Üslubu | Naxçıvan memarlıq məktəbi |
Vəziyyəti | fəaliyyət göstərir |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
Mütəxəssislər Ağzirət pirini e.ə. III-II minilliklərə aid edirlər.
Pir təbii qayalığın içərisində olan oyuqda yerləşir. Pirin olduğu təbii oyuğa şimal tərəfdən salınmış dar cığırla getmək mümkündür. Təbii qayalığın içərisi xalça və palazla döşənmiş və ziyarətgaha çevrilmişdir. Təbii qayanın bəzi qisimləri yonularaq şam və çıraq qoymaq üçün yer düzəldilmişdir. Ziyarətçilər tərəfindən çıraq və şam yandırıldığı üçün pirin tavanı tamamilə qaralmışdır. Pirin içərisində bir ədəd orta əsrlərə aid çırağın və müxtəlif keramika parçalarının olduğu müəyyən edilmişdir.
Pirin aşağı mərtəbəsində təbii mağaranın içərisindən su damır, onun qarşı sında isə tut ağacı var. Buradakı ağac müqəddəs hesab olunur, insanlar niyyət edərək ağaca parça bağlayırlar. Pirin suyu da müqəddəs hesab olunur. Pirin yaxınlığında olan daşlardan birinin üzərində yeddi dırnaq izi vardır. Xalq arasında bu daş "Qatır dırnağı" adlanır. Əfsanəyə görə, Ağzirət deyilən zağada düşməndən qorunan Yaycı elinin camaatı elin igidlərinin məğlub olduğunu, düşmənin isə çox olduğunu görəndə qız-gəlinlər ələ keçməsinlər deyə Allaha yalvarırlar ki, onları daş eləsin. Zağalara girən düşmən hər tərəfdə daş adamlarla rastlaşır. Deyilənə görə bura ziyarətə gələnlər niyyətlərinin baş tutub tutmayacağını bilmək üçün xırda daşlardan götürüb gəlin daşın başına atırlar. Daş orada qalsa, deməli, niyyət qəbul olunur. Pirin ərazisindən tapılan keramika məmulatı orta əsrlərə aid olsa da, ətrafda tunc dövrünə aid abidələrin olması, onun qədim dövrdən ziyarətgaha çevrildiyini deməyə əsas verir.
Mənbə
redaktə- Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan, 2008, səh. 16-17 (az.)