Aggol Milli Parki - Wikipedia
Ağgöl Milli Parkı — Ağcabədi və Beyləqan rayonlarının ərazisində yaradılmış milli park. Yaradıldığı il – 2003, Sahəsi – 17,924 hektar
Ağgöl Milli Parkı | |
---|---|
| |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 17,924 ha |
Yaradılma tarixi | 5 iyul 2003 |
İdarəetmə orqanı | AETSN |
Göl | Ağ göl |
Faunası | Harayçı qu quşu, ərsindimdik, qaranaz, ağquyruq çökükburun, cüllüt, misir vağı, boz qaz, kiçik ağ vağ,böyük ağ vağ, kürən vağ, qırıldaq, qızılqaz, sultan toyuğu, qıvrımlələk qutan, mərmər cürə, bəzgək, turac |
Yerləşməsi | |
40°00′ şm. e. 47°39′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Ağcabədi |
Yerləşməsi | Kür-Araz Ovalığının Mil Düzənliyi |
Yaxın şəhər | Ağcabədi və Beyləqan |
Ağgöl Milli Parkı | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi məlumat
redaktəKür-Araz Ovalığının Mil Düzənliyi, Kür çayının sağ sahili boyu ərazidə yerləşən gölə Ağ göl adı çox güman ki, yüksək şoranlığa malik olan dayaz su-bataqlıq ərazisinin yay mövsümündə quruması, duz qatının üzə çıxması və uzaqdan ağararaq ağ səth effekti yaratması nəticəsində verilmişdir. Həqiqətən qızmar yay aylarında ərazinin müəyyən hissəsi uzaqdan ağ örpəyi xatırladır. Ərazinin qocaman sakinlərinin sözlərinə görə əvvəllər yerli sakinlər yay vaxtı buradan xörək duz hasil edirlərmiş.
Ağcabədi və Beyləqan inzibati rayonları ərazisində yerləşən Ağgöl Milli Parkını mütəxəssislər haqlı olaraq "ornitoloji oazis" hesab edir. Bu ərazi bir sıra nadir və nəsli kəsilməkdə olan su-bataqlıq quşlarının həm qışlama, həm də yuvalama yerləridir. Təbiət Qoruğunun yaradılmasında əsas məqsəd Ağgöl və onun ətraf ərazilərində məskunlaşan yerli və köçəri su-bataqlıq quşlarının, xüsusilə, məməli heyvanların və onların yaşayış yerlərinin (biotoplarını) davamlı inkişafını təmin etməkdən ibarətdir. Ümumilikdə 500 mindən çox quşun qışladığı bu ərazidə 140 növdən çox quş məskunlaşır, 87 növ quş yumurta qoyaraq bala verir. Burada rast gəlinən quşların 30 növünün adı "Azərbaycanın Qırmızı Kitabı"na salınmışdır.
Tarixi
redaktəİlk öncə 1964-cü ildə 9173 ha sahədə yaradılmış yasaqlıq quşların və onların yaşayış yerlərinin təhlükəsizliyinin təmin etmədiyindən 1978-ci ildə yasaqlığın 4400 ha sahəyə malik olan göl akvatoriyası qoruq elan edilmiş, 1987-ci ildə qoruq sahəsi daha 782 ha artırılmışdır[1]. 2003-cü il 5 iyul tarixində Azərbaycan Prezidentinin sərəncamı ilə Ağ göl Dövlət Təbiət Qoruğunun sahəsi 17924 hektara qədər genişləndirilib və ona Milli Park statusu verilib. Eyni zamanda Ağ göl, böyük və kiçik Qızılağac körfəzləri mühüm su-bataqlıq ərazisi kimi 2001-ci il 25 may tarixindən "Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli olan sulu-bataqlıq yerlər haqqında" Ramsar Konvensiyasının "Ramsar siyahısı"na daxil edilib.
Həmçinin, Ağ Göl Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı Siyahısı"na və quşların məskunlaşması ilə bağlı Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil edilib[2]
Ağgöl Milli Parkının yaradılmasının əsas məqsədi mühüm su-bataqlıq ərazilərini, həmin əraziyə xas olan yarımsəhra landşaftını, göldə və onun ətrafında məskunlaşmış nəsli kəsilmək təhlükəsi altında olan fauna növlərini qorumaq, ərazi üçün xarakterik olan bəzi fauna növlərini keçmiş ərazilərinə reintroduksiya etmək, eləcə də ətraf mühitin monitorinqini, əhalinin ekoloji cəhətdən maarifləndirilməsini və ekoturizmin inkişafını təmin etməkdir. Göl əsasən qamışlıqlarla əhatə olunmuşdur. Milli Parkın ərazisində yayı quraq keçən yarımsəhra və quru bozqırların mülayim-isti iqlim tipi hakimdir. Belə iqlim şəraiti (gölün suyunun bəzən qışda donması müstəsna olmaqla) burada quşlar və məməlilərin məskunlaşması üçün əlverişli şərait yaradır. Ağgöl Milli Parkında quşlardan mərmər cürə, turac, bəzgək, qara leylək, böyük və kiçik qarabattaqlar, harayçı və fısıldayan qu quşları, Misir vağı, çobanaldadan, böyük su fərəsi, sultan toyuğu, ərsindimdik, qıvrımlələk qutan, ağquyruq dəniz qartalı, ağgöz dalğıc, adi qızılqaz, yaşılbaş ördək, qazlar (boz, qaşqa və qırmızıdöş) və s. məskunlaşmışdır. Milli Parkın ərazisində məməli heyvan növlərindən canavar, çaqqal, çöl donuzu, tülkü, dovşan və müxtəlif yarasalara rast gəlinir. Qamışlıqlarda isə heyrətamiz qamış pişiyinin güclü populyasiyasına təsadüf olunur.
Fiziki-coğrafi şəraiti
redaktəAğgöl dəniz səviyyəsindən aşağıda yerləşir. O, əsasən, Kür və Araz çaylarının mütəmadi daşqınları nəticəsində yaranmışdır. Belə ki zaman-zaman bu çayların mütəmadi və güclü mövsümi daşqınları ətrafdakı böyük çalaları dolduraraq orta dərinlikli, sahəsi o qədər də böyük olmayan göllər yaratmışdır. Mingəçevir hidrosisteminin (1953) və Araz su anbarının (1979) inşaları bu göllərin böyük əksəriyyətinin qurumasına səbəb olmuşdur. Nəticədə Mahmudçala, Ağçala, Şilyan gölləri bataqlıqlaşmış, Sarısu, Ağgöl, Mehman göllərinin hidroloji rejimi köklü dəyişmişdir. Hal-hazırda bu göllərin su balansı duzlu kollektor suları hesabına tənzimlənir.
Göllərin duzluluğu 5-10 q/l, orta dərinliyi 0.8 m, maksimal dərinliyi 2.5 m-dir. Ağgöl vahid açıq su hövzəsi deyil. O, bir neçə adaları birləşdirən böyük (50 ha) su hövzəsidir. Bu hövzələr bir-birləri ilə sıx qamışlıqlarla əhatə olunmuş axarlarla birləşir. Hər bir hövzədə sahəsi 2-10 ha olan çoxlu sayda adalar mövcuddur. Bu adalar qamış, şoranotu, taxıl bitkiləri və müxtəlif otların sıx formasiyaları ilə örtülmüşdür. Şərqdən qərbə doğru uzanan, kələ-kötür sahil xətlərinə və xırda "körfəzciklər"ə malik olan bu göllər sisteminin uzunluğu 25 km, eni isə 1.4 – 5 km-dir. Photo by Elman Yusifov
Lal axan göllərə aid olan Ağgöl suyunun axın sürəti 0.5 – 0.7 m/san-dir. Gölün dibi hamar səthli, boz lildən yaranmış yapışqanlı qruntdan ibarətdir.
İqlimi
redaktəƏrazi yayı isti və quraq, qışı sərin və quru keçən yarımsəhra və quru bozqırların mülayim isti iqlim tipinə malikdir. Havanın orta illik temperaturu 1.8 0C, mütləq maksimum 410C; mütləq minimum -240C-dir. Göl adətən donmur. Yağıntıların illik miqdarı 332 mm-dir. Minimal yağıntı avqust ayına (13 mm), maksimal yağıntı isə mart ayına (37 mm) düşür. Qar nadir hallarda yağır. Havanın orta nisbi rütubəti 73%-dir. İllik buxarlanma (980 mm) yağıntıların miqdarından 3 dəfə çoxdur.
Torpaq örtüyü
redaktəMilli Parkın quru ərazilərində çimli-bataqlı, boz-çəmən, şoran və şorakətləşmiş çəmən-bataqlı, şorlaşmış və şorakətləşmiş boz-çəmən torpaqlar geniş yayılmışdır.
Bitki örtüyü
redaktəAğgöl Milli Parki ərazisində 40 növ bitki təyin edilmişdir. Ağgöldə su-bataqlıq bitkiləri, əsasən, adi qamış (92%) geniş yayılmışdır. Qamış cəngəllikləri 2000 ha-dan çox ərazini tutur. Bunlardan 18-i həqiqi su-bataqlıq, 22-i isə bozqır və yarımsəhra bitkiləri birliyinə (fitosenozuna) aiddir. Gölün sahil ərazilərində duzlaq çoğanı, çərən, qışotu, sirkan, qamış bitkiləri üstünlük təşkil edir. Şoranlı təpəcik ərazilərdə şahsevdi, sarıbaş, qaraşoran bitkiləri geniş yayılmışdır. Digər ərazilərdə isə, əsasən, yovşan, xostək, şorangə və qırtıca rast gəlinir.
Ərazidə rast gəlinən digər bitkilər qumlaq sugülü, daraqvari sugülü, dəniz nayadası, yonca, ətli şoranotu, yağlıtikan, yovşan, cil, bağayarpağı, çobanyastığı, şirin biyan, qaymaqçiçəyi, südləyən, yulğun və s. növlərdən ibarətdir.
Heyvanlar aləmi
redaktəMilli Park ərazisində 20-dən çox balıq növünə (çəki, külmə, durna balığı, xəşəm, lil balığı, naxa, qambuziya və s.) rast gəlinir. Ərazidə rast gəlinən məməlilərin müxtəlifliyi 15 növ olub bataqlıq qunduzu, çöl donuzu, qamış pişiyi, dovşan, çaqqal, tülkü, porsuq, canavar, su samuru, gəlincik, kirpi, çöl siçanı, ərəbdovşanı və s. canlılardan ibarətdir. Suda-quruda yaşayanlar ərazidə, əsasən, göl qurbağası, quru qurbağası, suriya sarımsaqiyli qurbağası və triton ilə təmsil olunur. Sürünənlərdən isə ərazidə gürzə, suilanı, koramal, müxtəlif kərtənkələlər, bataqlıq və aralıqdənizi tısbağalarına rast gəlinir.
Ərazinin zəngin bioloji müxtəlifliyi, əsasən, ornitofaunanın payına düşür. Qışın nisbətən mülayim keçməsi, zəngin qida ehtiyatı quşların qışlaması üçün çox əlverişli şərait yaradır. Bura Zaqafqaziyada boz qaz, ağquyruq şökükburun, cüllüt, fısıldayan qu quşunun iri koloniyalarının yuvaladığı yeganə yer hesab edilir. Hər il burada çoxlu miqdarda harayçı qu, ərsindimdik, qaranaz, ağquyruq çökükburun, cüllüt, misir vağı, boz qaz, kiçik və böyük ağ vağ, kürən vağ, qırıldaq, qızıl qaz, qu, sultan toyuğu, qıvrımlələk qutan, mərmər cürə, bəzgək, turac kimi qiymətli və nadir növ quşlar yuvalayır və qışlayır.
Film
redaktə2015-ci il aprelin 24-də Bakıda, "Nizami" Kino Mərkəzində IDEA İctimai Birliyinin xüsusi layihəsi olan "Azərbaycanın 9 möcüzəsi" silsiləsindən "Quşlar cənnəti - Ağgöl Milli Parkı" sənədli filminin təqdimat mərasimi keçirilmişdir.[3]
İstinadlar
redaktə- ↑ Ağgöl Milli Parkı[ölü keçid]
- ↑ "2 fevral – Ümumdünya su – bataqlıq hövzələri günüdür". 2010-02-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-07-28.
- ↑ “Nizami” Kino Mərkəzində “Quşlar cənnəti - Ağgöl Milli Parkı” sənədli filmi təqdim olunub Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine. azertag.az, 24.04.2015 (az.)