7 Adet - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Yeddi — dəfn mərasimi.
Adət haqqında
redaktəAzərbaycanlılar içərisində xüsusi mifik semantikaya malik olan "yeddi" rəqəminə münasibət əcdadlarımızın təfəkkür formalaşdırılması ilə bağlıdır. "Yeddi" türk mənşəli sözdür. "Orxon-Yenisey abidələri"ndə bu söz "yeti" kimi işlənmişdir. (Ida tasta kalmısı kubranıp yeti yuz boltı). "Yeddi" sözünün mifik semantika qazanması tarixi qədim Şumer, Akkad mifik təfəkkürünə bağlanır. Belə ki, qədim akkad və elam yazılarında yeddi şər ruhun varlığından söz açılır. Ruhların "O dünya" deyilən astral aləmlə və ölülərlə bağlı bir anlayış olduğunu nəzərə alsaq, şər ruhların şər hərəkətlərə rəhbərlik edən mifik qüvvələr olaraq qədim dünyanın mənəvi təfəkkür məhsulları sırasında mövqeyi aydın olar. Dünyasını dəyişmiş mərhumların şər ruhlardan qorunması vaxtı və şər ruhların ölü bədənlərə təsir mexanizmi barəsində bir-birindən uzaq ölkələrdə yaşayan müxtəlif xalqların adət-ənənələrində oxşarlıqların mövcudluğundan bəhs edərkən Oljas Süleymenov yazır ki, dəfn mərasimi və onun ünsürləri bir xalqdan digərinə yalnız dinin, yəni şüur formasının vasitəsilə keçir. Belə qənaət hasil olur ki, "yeddi" rəqəminin də "üç" rəqəmi kimi mərhumun ruhunun şər ruhlardan (inkir-minkir) xilas olma vaxtı kimi rəmzi bir mənası olmuşdur. Dinlərin və mədəniyyətlərin kəsişmə nöqtələrindən biri kimi, Azərbaycan mühiti bu adətin də yerli şüurlara qovuşma mərkəzi olmuşdur. Azərbaycan məkanında "yeddi" mifik obrazının işlənmə tarixi e.ə. III–II minilliklərə gedib çıxır. Bu söz atəşpərəstlik dövrü mifik təfəkkürünün şər qüvvələri ilə əlaqələnmişdir. Görkəmli Azərbaycan yazıçısı Y. V. Çəmənzəminlinin Zərdüşt dini təfəkkürü ilə əlaqələndirdiyi sehrli nağıllaramızda "Yeddibaşlı div", "Yeddiqardaş ilan", "Yeddibaşlı əjdaha" kimi şər quvvələrin bədii obrazlarına rast gəlirik. Nağıllarımızda qəhrəmanların uzaq səfərləri "yeddi gün yeddi gecə"yə başa çatması ifadəsi də obraz səviyyəsində bədiiliyə xidmət edən vasitələrdən biridir. "Yeddi gün yeddi gecə" ifadəsi qədim Şumer mənbələri ilə bağlı olub, Azərbaycan dilinin qədim kökləri barəsindəki məlum fikri möhkəmləndirən vasitələrdəndir. Qədim tarixin müxtəlif yazı abidələrində Nuhun tufanının 40 gün ("Tövrat"), 6 gün ("Akkad yazıları") davam etdiyi göstərilir. Şumer mənbələrində isə bu müddət "yeddi gün, yeddi gecə" kimi ifadə olunur.68 Mifologiyamız tarixində rəqəmlərdə kodlaşdırılmış informasiya haqqında ilk dəfə Y. V. Çəmənzəminli məlumat vermişdir. Sonrakı dövrlərdə bu məsələyə müxtəlif münasibətlərlə müraciət olunsa da, müəlliflər bu rəqəmlərin matəm mərasimləri ilə bağlı motivlərindən bəhs etməmişlər.
Hazırda müxtəlifyönlü tədqiqatlarda "yeddi" və "doqquz" rəqəmlərinin rəmzləşdirilmə səbəblərinin bir neçə itsiqamətdə izahına meyl müşahidə olunur. Ufoloji tədqiqatlar "doqquz" rəqəmini kainat və insan arasındakı struktur vahidlik prinsipi ilə əlaqələndirir. "Yeddi" rəqəmi ilə əlaqədar fikirlər içərisində insanın üzündə batini zahirlə əlaqələndirən yeddi yuva barəsində (iki göz, iki qulaq, iki burun dəliyi, bir ağız) rəylər geniş yayılmışdır. Bu istiqamətdə izahat "doqquz" rəmzləşdirilməsinin açıqlanmasında da müşahidə olunur. Qədim təriqətlər tarixi sufizmin söykəndiyi fəlsəfi məqamlar sırasında "yeddi" və "doqquz" rəqəmlərini də qeyd edir.