Eli Serieti - Wikipedia
Əli Şəriəti (fars. علی شریعتی; 23 noyabr 1933[2][3], Mazinan[d], Rəzəvi Xorasan ostanı – 19 iyun 1977[2][4], Sauthempton, Hempşir qraflığı[d]) — İranlı ilahiyyatçı, sosioloq, tarixçi. İran İslam İnqilabının əsas ideoloqlarından biri.[5][6][7]
Əli Şəriəti | |
---|---|
fars. علی شريعتی | |
Doğum tarixi | 23 noyabr 1933[2][3] |
Doğum yeri |
|
Vəfat tarixi | 19 iyun 1977[2][4] (43 yaşında) |
Vəfat yeri |
|
Milliyyəti | Fars |
Uşağı | 4 |
Atası | Məhəmməd Təqi Şəriəti |
Anası | Zəhra Əmini |
Elm sahələri | islamçılıq[1], şiəlik[1], İran ədəbiyyatı, sosializm[1], sufilik |
Təhsili |
|
shariati.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəƏli Şəriəti Məzinani 23 noyabr 1933-cü ildə İranın Xorasan əyalətinin Səbzivar bölgəsinin Məzinan çölünün Kahək qəsəbəsində, dindar ailədə[8] dünyaya gəlmişdir.[9]
Təhsili
redaktəƏli Şəriəti hələ kiçik olarkən ailəsi Məşhədə köçmüş və o, 7 yaşında Məşhəd şəhərində orta məktəbə getmişdir. 16 yaşında orta məktəbi bitirən Əli pedaqoji məktəbə daxil olur. Oranı bitirdikdən sonra bir neçə il orta məktəbdə müəllimlik edir, eyni zamanda 1956-cı ildə Məşhəddə yeni açılan Ədəbiyyat İnstitutuna daxil olur və oranı bakalavr diplomu ilə bitirir. O, institutda oxuyarkən Tələbələrin Ədəbi Məclisinə sədrlik edirdi.
1960-cı ildə təhsilini davam etdirmək üçün dövlət büdcəsi ilə Avropaya, öz seçimi ilə Fransaya, Parisin Sarbonna Universitetinə göndərilir. Əli Şəriəti beş il Sarbonna Universitetində "Tarix" fakültəsində "Ədəbiyyat və dinlər" ixtisası üzrə oxuyaraq doktorluq dərəcəsi almışdır. Atası Şəriəti ilə bağlı müsahibəsində deyir ki, Şəriətinin həvəsinin sosiologiya olmasına baxmayaraq, ona Fransada sosiologiya üzrə təhsil almağa icazə vermədilər, o, İranda oxuduğu sahəni davam etdirməli idi.
İctimai-siyasi fəaliyyəti
redaktəAtası Məhəmməd Təqi Şəriəti də babalarının yolunu gedərək ruhani təhsili alır, ancaq 1935-ci ildə siyasi fəaliyyətlərinə görə Rza şah Pəhləvinin islahatları prosesində ruhanilikdən uzaqlaşdırılır və o təhsil nazirliyində işləməyə başlayır. M. T. Şəriəti 1941-ci ildə İran Kommunist Partiyası (Tudə) qurulduğu zaman bu partiya ilə müəyyən münasibətlər qurur. Demək olar ki, bununla Şəriətinin siyasətlə tanışlığı başlayır. "Tudə"nin Moskvadan idarə olunduğunu bildikdən sonra onlardan ayrılır və 1945-ci ildə, 38 yaşında "İslam Həqiqətlərini Təbliğ Mərkəzi"ni təsis edir; həm marksist və kommunistlərlə, həm də avam və mövhumatçı hesab etdiyi din xadimlərilə mübarizəyə başlayır.[10][11]
Bu vaxt Əli Şəriətinin 11 yaşı vardı. Əli Şəriəti 14 yaşından etibarən bu mərkəzin proqramlarında iştirak etmiş, həmçinin öz dostlarını da bu mərkəzə cəlb etmişdir. Şəriəti 15 yaşında olarkən həmin mərkəz artıq cəmiyyətdə nüfuzlu bir orqana çevrilmişdi. 1952-ci ildə mərkəzin çoxu orta məktəb şagirdlərindən ibarət olan gəncləri qərara gəlirlər ki, özləri ayrıca "Məktəblilərin İslam Cəmiyyəti"ni təsis etsinlər. Gənc Əli də bir il sonra onlara qoşulur. Bundan sonra Şəriəti və dostlarının gənc kommunistlərlə mübarizəsi başlanır. Şəriəti Cəmiyyətin gənclərini fikri mübarizəyə hazırlamaq üçün onların xahişinə əsasən, gənclərə fəlsəfə və natiqlik dərsi keçir.
M. T. Şəriəti 1950-ci ildə Məhəmməd Müsəddiqin rəhbərlik etdiyi Milli Müqavimət Hərəkatında iştirak edir. Həmin illərdə gənc Əli də bu hərəkata qoşularaq atası ilə birgə mübarizə aparırdı. 1952-ci ildə Məşhəddə Seyid Taliqaninin və Mehdi Bazərqanın başçılıq etdikləri Milli Müqavimət Hərəkatına dəstək mitinqinə qoşulur və atası ilə birgə 6 ay həbsdə qalır. Bu Şəriətinin ilk həbsi idi.
Əli Şəriəti Parisdə 1959-cu ildə o zamanlarda ölkə içərisində də böyük təlatümlərə səbəb olan Əlcəzair Azadlıq Hərəkatı ilə əlaqələr qurur. Əlcəzairin müstəqilliyi üçün mübarizə aparan bu təşkilat üçün əmək sərf edir.[12]
1961-ci ildə Patris Lumumbanın şəhid olması xəbəri Parisə yetişdikdə qaradərililər tərəfindən Belçika səfirliyinin qarşısında mitinq keçirilir. Bu mitinqdə Əli Şəriəti də iştirak edir və polislər tərəfindən döyülür, xəstəxanaya düşür və oradan da həbsxanaya köçürülür. O, həbsxanada Toqo ziyalısı Qyuzdan müsahibə götürür və həmin müsahibə 1965-ci ildə Toqoda çap olunur. Əli Şəriətinin siyasi vəziyyəti araşdırıldıqdan sonra hökumət onu Fransadan deportasiya etmək istəsə də, məhkəmənin sosialist hakiminin dəstəyi ilə hökmün icrası dayandırılır.
1963-cü ildə Şəriəti Paris Universitetində təhsilini başa vurur və 1964-cü ildə ailəsi və uşaqları ilə birlikdə vətəninə qayıtdıqda, Parisdəki siyasi fəaliyyətlərinə və İran hökumətinə qarşı nəşr edilən bir mətbu orqan ilə əməkdaşlıq etməsinə görə Türkiyə-İran sərhədində o zamankı İranın xüsusi kəşfiyyat orqanı SAVAK tərəfindən həbs olunur.
Şəriəti azadlığa çıxdıqdan sonra 1965-ci ili məcburi şəkildə Turuq kənd məktəbində və Məşhədin bəzi orta məktəblərində müəllimlik etməklə keçirir. Bundan sonra imtahan verərək "Dərs Vəsaitlərinin Hazırlanması İdarəsi"ndə işə düzəlir və Tehrana dəvət olunur. Burada o, dini dərsliklərin hazırlanması işinə baxan mütəxəssislər doktor Bahünər və doktor Behişti ilə tanış olur və onlarla əməkdaşlıq edir. Həmin dövrdə o, professor Massinyonun yazdığı "Pak Salman" kitabını tərcümə edir.
1967-ci ildən Məşhəd İnstitutunda "Tarix" fakültəsində assistent işləyir. Onun orada tədris etdiyi əsas mövzular İslam tarixi və mədəniyyəti, qeyri-İslam tarixi və mədəniyyətləri olmuşdur. Elə başlanğıcdan həyata keçirdiyi tədris metodu, institutun ümumi qayda-qanunlarına münasibəti, tələbələrlə davranışı onu digər müəllimlərdən fərqləndirirdi.
Əli Şəriəti 1970-ci ildə Tehranda yerləşən "İrşad" hüseyniyyəsinə dəvət olunur. Əvvəllər Məşhəddə Ədəbiyyat Universitetində dərs keçdiyinə görə təkcə cümə axşamları mühazirə oxuyur və şənbə gününə özünü dərslərə çatdırırdı. Sonralar isə o, Tehrana köçür.
"İrşad" hüseyniyyəsi 1970-ci ildə Həcc karvanı təşkil edir. Bu səfərin digər məqsədi Həcdə Avropada yaşayan tələbələrlə əlaqə yaratmaq idi. Şəriətinin ölkədən çıxmaq icazəsi olmadığına görə çoxlu çalışmalardan sonra, nəhayət, o da karvana qoşula bilir. 1972-ci ilə kimi o, üç dəfə həmin karvanla həccə getmişdir. (Onun Həcc səfərindəki çıxışları ayrıca bir kitab şəklində çap olunub) O, üçüncü səfərindən qayıdanda Misirə də baş çəkir. "Bəli, belə idi qardaş!" kitabı həmin səfərin nəticəsində ərsəyə gəlmişdir.
1971–72-ci illər Əli Şəriətinin gərgin işlədiyi illər olub. O, "İrşad" hüseyniyyəsini universitetə çevirmək istəyirdi. 1972-ci ildən gecə-gündüz özünü bu işlərə həsr edir. O, eyni zamanda Elm və Texnologiya Nazirliyində də işləyirdi.
1972–73-cü illərdə "İrşad"ın fəaliyyəti zəifləmişdi. Şəriəti həmin vaxtlar incəsənət bölümünün aktiv olmasına çalışırdı. İncəsənət Universitetinin tələbələrini həvəsləndirirdi ki, Məşhəddə tamaşaya qoyulan "Əbu Zər" tamaşası burada da tamaşaya qoyulsun. Nəhayət, "Əbu Zər" tamaşası "İrşad"ın bağlanmasına bir-iki ay qalmış "İrşad"ın zirzəmisində tamaşaya qoyulur. 1973-cü ildə növbəti tamaşadan sonra "İrşad" bağlandı və Şəriəti həbs olunmaq təhlükəsi ilə üz-üzə qaldığına görə məcburən gizli həyat tərzi keçirməyə başladı. Bunu görən şah rejimi Şəriətinin atası Ustad Məhəmməd Təqini girov götürdü. Atasının həbs olunduğunu eşidən Şəriəti özünü təslim edir ki, atasını buraxsınlar. Ancaq rejim atasını da tezliklə azad etmir.
Əli Şəriəti 18 ay təkadamlıq kamerada saxlanılır. Bu müddət ərzində fiziki və ruhi əziyyətlər görür, əməkdaşlığa cəlb edilmək istənir, ancaq təslim olmur. Nəhayət, 1976-cı ildə Əlcəzair dövlətinin rəhbərliyi OPEK toplantısında o zamankı İran şahı Məhəmməd Rza şah Pəhləvidən Şəriətinin azad olunmağını istəyir. Şah Şəriətini azad edir.
Həmin dövrdə oğlu Ehsanı Amerikaya oxumağa göndərir.
Şəriəti ölkədən çıxa bilmək üçün "Əli Məzinani" adı altında yeni pasport alır, halbuki həmi vaxt rəsmi qeydiyyatda "Əli Şəriəti" adı ilə tanınırmış. O, Məşhədə atası ilə görüşə gedir, ancaq ona Avropaya gedəcəyi barədə məlumat vermir.
Əli Şəriəti 1977-ci ildə İrandan çıxdı. Əvvəlcə Brüsselə, orada iki gün qaldıqdan sonra Birləşmiş Krallığa, Sauthempton şəhərinə mühacirət etdi.
İrandan mühacirət etməzdən qabaq dostu, filosof Məhəmməd Rza Həkimiyə yazdığı vəsiyyətində bunu belə ifadə edir: "Hazırda bir insanın düşə biləcəyi ən pis vəziyyətdəyəm, məni ölüm və ya ölümdən də pis aqibət gözləyir… sürgün, sıxıntı, nəzarət, hiylə, qurğu, vaxt azlığı, məni hər an gözləyən faciəli bir şərait…"
Qurduğu plana əsasən, həyat yoldaşı və üç qızı da onun arxasınca getməli imiş. Ancaq hökumət kiçik qızına və yoldaşı Puran xanıma ölkədən çıxış icazəsi vermədiyinə görə Şəriəti sadəcə iki qızı ilə görüşə bilir.
Ölümü
redaktə1977-ci ilin iyul ayının 17–sində tək yaşadığı otağın qapısı ağzında Əli Şəriətinin cansız cəsədi tapıldı. Onun bu gənc yaşda və qəflətən vəfatı bu işdə SAVAK–dan şübhələnməyə əsas verməkdə idi. Çünki o zamanlarda səhhətində heç bir problemi yox idi. Eyni zamanda vəfatında 1–2 – saat keçməmiş evində İran konsulluğu tərəfindən axtarış aparılır və cənazə üçün rəsmi işlərin yerinə yetirilməsi tələb edilir. Vəfatından sonra cənazə üzərində tibbi ekspertizaya belə icazə verilmir. İranda onu rəsmi dövlət mərasimi ilə dəfn etmək və bununla da onu rejimin dəstəkçisi kimi göstərmək istəyirlər. Ancaq buna ailəsi razı olmur. Atasının tövsiyəsi və Musa Sədrlə doktor Mustafa Çamranın səyləri nəticəsində Şəriətinin cənazəsi Suriyanın paytaxtı Dəməşqdə Xanım Zeynəb məscidində, türbənin yanında dəfn edilir.
Şəriətinin qırxı mərasimi Livanda qeyd olundu. Londondan, Suriyadan, həmçinin Fələstin Azadlıq Təşkilatından böyük bir sıra şəxslər, o cümlədən Yasir Ərəfat bu mərasimdə iştirak etdilər. Yasir Ərəfat bu mərasimdə nitq söylədi. Bu mərasimdə Musa Sədr də çıxış etdi.[13] Musa Sədr öz çıxışında deyir ki, "Şəriətinin imtiyazlarından biri ona qarşı çıxanların qərəzli və savadsız adamlar olmasıdır."[14] Burada xaricdə yaşayanlardan çoxlu sayda insan, islami cəmiyyətlərin üzvləri, həmçinin Nəcəf şəhərindən ruhanilər iştirak edirdilər.
Yaradıcılığı
redaktəAtası M. T. Şəriəti Əli pedaqoji məktəbin beşinci – axırıncı kursunda oxuyarkən ona tərcümə üçün verilən misirli yazıçı və ssenarist Əbdülməcid Caudətus-səharın (1913–1974) qələmə aldığı "Əbuzər Ğifari" kitabını səhhəti imkan vermədiyinə görə tərcümə etmək üçün Əliyə verir. Əli ərəb dilində olan həmin kitabı fars dilinə tərcümə edir.
1959-cu ildən Farnsanın paytaxtı Parisdə yerləşən Paris Universitetində oxumağa başlayan Şəriətinin ilk işi fransız dilini öyrənmək olur. Dili hələ yeni öyrəndiyi zamanlarda otağına çəkilərək əlinə keçirdiyi fransızca-farsca lüğətin köməyi ilə Aleksis Karrelin "Dua" adlı əsərini tərcümə edir. Bu əsəri tərcümə etməsi ilə o zamanlar Avropada, xüsusilə Fransada çox yayğın olan ekzistensializm fəlsəfəsindən təsirlənməyə başlayır. Sonralar bu, ona təsir edən fikir adamlarından Pol Sartrla ən yüksək nöqtəyə çatmışdı.[15]
1960-cı ildə "Hara söykənək?" məqaləsini yazır və Fransa mətbuatının birində dərc olunur. 1961-ci ildə Sartrın "Şeir nədir" məqaləsini tərcümə edir və Parisdə farsca dərc olunan bir dərgidə nəşr edilir.
Şəriəti Parisdə elmi müəssisələrdə, tanınmış mütəxəssislərlə birlikdə sosioloji araşdırmalarla məşğul olurdu. O, Fransada Erix From, Herbert Markuze, Lui Massin-yon, Jan-Pol Sartr, Anri Lever, Frants Fanon kimi görkəmli alimlər, ziyalılar və şərqşünaslarla tanış olur. O, Sartr, Massinyon və Fanonla həm də yaxın münasibət saxlayır, onlarla elmi əməkdaşlıq edirdi. O, Massinyona həzrət Fatimənin həyatı ilə bağlı apardığı araşdırmada kömək edirdi.
Paris Universitetinə doktorant olaraq daxil olur və Seyfuddinin "Bəlxin fəzilətləri tarixi" adlı əsərinin elmi iş olaraq hazırlayır. Əli Şəriətinin Parisdə oxuduğu dövrlərdə elmi fəaliyyəti universitetlə məhdudlaşmamaqda idi. Kollej dö Frans araşdırma mərkəzində Jorj Qurviş ilə sosiologiya, "Sosioloji Reliqius" araşdırma mərkəzində isə Jak Berke ilə din sosiologiyası üzərində araşdırmalar apardı. Hətta, çox zamanlar doktorant proqramını buraxaraq sosiologiya və din üzərində daha dərin araşdırmalarla məşğul oldu.
Əsərləri
redaktəŞəxsi həyatı
redaktəBabasının atası "Axund Həkim" adı ilə məşhur olmuş Molla Qurbanəli Buxara, Məşhəd və Səbzəvar mədrəsələrində təhsil almış filosof və fəqih olub. Həmçinin o, filosof Molla Hadi Səbzəvarinin şagirdlərindən olub.
Ədəbiyyat İnstitutunda bakalvr təhsili aldığı illərdə Puran Şəriətrəzəvi adlı tələbə ilə tanış olur və bu tanışlıq 1959-cu ildə onların evlənməsi ilə nəticələnir.
Anası kiçik mülkədar ailəsindən idi.[8]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 https://www.middle-east-online.com/علي-شريعتي-في-قراءة-نقدية.
- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 ʿAlī Šarīʿatī // AlKindi.
- ↑ 1 2 Ali Shariati // Babelio (fr.). 2007.
- ↑ "30th Anniversary of the Foundation of the Islamic Republic". Qantara. 5 October 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 December 2012.
- ↑ Gheissari, Ali. 1998. Iranian Intellectuals in the Twentieth Century. Austin: University of Texas Press.
- ↑ Abrahamian, Ervand. 1993. 'Ali Shariati: Ideologue of the Iranian Revolution'. In Edmund Burke and Ira Lapidus (eds.), Islam, Politics, and Social Movements. Los Angeles: University of California Press. First published in MERIP Reports (January 1982): 25–28.
- ↑ 1 2 Rakel, E.P. The Iranian Political Elite, State and Society Relations, and Foreign Relations since the Islamic Revolution. University of Amsterdam. 2008. 2022-06-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-26.
- ↑ Rahnema, Ali. 1998, 2000. An Islamic Utopian. A Political Biography of Ali Shari'ati. London: I. B. Tauris, p. 35.
- ↑ An Islamic Utopian, p. 13.
- ↑ An Islamic Utopian, pp. 13–18.
- ↑ "La jeune génération est un enjeu" Arxivləşdirilib 2006-12-05 at the Wayback Machine, interview with Gilles Kepel in L'Express, 26 January 2006 (fr.)
- ↑ امام موسی صدر در مراسم چهلم دکتر شریعتی
- ↑ "شریعتی در نگاه امام موسی صدر به روایت صادق طباطبایی". 2012-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-26.
- ↑ An Islamic Utopian, pp. 61–68.
- ↑ Dr. Əli Şəriəti / Dr. Aleksis Karrel — Dua
- ↑ Ey ata, ey ana, biz günahkarıq — Dr. Əli Şəriəti
- ↑ Fatimə Fatimədir [ölü keçid]
Ədəbiyyat
redaktə- Rahnema, Ali. 1998. An Islamic Utopian. A political biography of Ali Shariati. London: I. B. Tauris.
- Gheissari, Ali. 1998. Iranian Intellectuals in the Twentieth Century. Austin: University of Texas Press.
- Hosseini, S A. 2000 "[Ali Shariati's Islamic-Critical School of Thought (1)] مکتب انتقادی دکتر علی شریعتی (1)", Farhang-e-Tose'eh, 9, 44, [1] [ölü keçid]
- Hosseini, S A. 2000 "[Ali Shariati's Islamic-Critical School of Thought (2)] مکتب انتقادی دکتر علی شریعتی (2)", Farhang-e-Tose'eh, 9, 47. [2] [ölü keçid]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- drshariati.org — Rəsmi saytı (fars.)
- Biography and publications (fars.), (ing.)
- Əli Şəriəti — Facebook səhifəsi
- Əli Şəriəti haqqında azərbaycanca facebook səhifəsi
- Dr Ali Shariati
- Dr Ali Shariati PDF Books
- Əli Şəriəti (1933 – 1977)
- 'Ali Shari'ati: Between Marx and the Infinite' A review essay of Ali Rahnema's biography of Shari'ati with an extensive discussion on the philosopher's political significance Arxivləşdirilib 2016-12-20 at the Wayback Machine by Nathan Coombs
- Humanity and the People Power: A Tribute to Dr. Ali Shariati Arxivləşdirilib 2006-03-14 at the Wayback Machine by Dr. Mohammad Omar Farooq
- 'Ali Shari'ati: Islamic Fundamentalist, Marxist Ideologist and Sufi Mystic Arxivləşdirilib 2014-12-23 at the Wayback Machine by David Zeidan
- Critical Religious Reason: Ali Shari'ati on Religion, Philosophy and Emancipation by Abbas Manoochehri
- The forgotten revolutionary: Ali Shariati by Lawrence Reza Ershaghi