Ehmed Samli - Wikipedia
Əhməd Şamlı (farsca: احمد شاملو; 12 dekabr 1925[1], Tehran[3] – 24 iyul 2000[1] və ya 23 iyul 2000[2], Kərəc, Tehran ostanı) — A.Bamdad ədəbi təxəllüsü ilə tanınan iranlı şair, yazıçı və jurnalist. O, müasir İranın ən vacib şairlərindən biri hesab olunur.[4] İlk şeirlərini Nima Yuşiçin təsiri altında yazmış, onun ənənələrini davam etdirmişdir. İranlı ədəbi tənqidçi Abduləli Dastgib Şamlının müasir İran poeziyasının qabaqcıllarından biri olduğunu və Nimadan sonra öz dövrünün şairlərinə ən çox təsir göstərən şair olduğunu söyləmişdir.[5] Şamlının şeirləri mürəkkəb olsa da, təsvirləri anlaşıqlıdır. O, İran oxucularına Hafiz və Ömər Xəyyamın şeirlərindən tanış olan ənənəvi təsvirlərdən istifadə etmişdir. Şamlının şeirlərində gündəlik təsvirlərdə təcəssüm etdirilən oksimonorik elementlər abstraktlığın qeyri-reallığı, eyni zamanda da reallıq ilə vəhdət təşkil edir. İran poeziyasında görülməyən bu metod ənənəvi şeriyyat pərəstişkarlarının bəzilərini narahat etmişdir.
Əhməd Şamlı | |
---|---|
fars. احمد شاملو | |
Təxəllüsü | Aléf-Bâmdâd |
Doğum tarixi | 12 dekabr 1925[1] |
Doğum yeri | |
Vəfat tarixi | 24 iyul 2000[1] (74 yaşında) və ya 23 iyul 2000[2] (74 yaşında) |
Vəfat yeri |
|
Fəaliyyəti | dilçi, şair, jurnalist, yazıçı, tərcüməçi, ədəbiyyat tənqidçisi, leksiqraf, dublyaj aktyoru |
Əsərlərinin dili | fars dili |
İstiqamət | Sərbəst şeir |
shamlou.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Şamlı fransız dilindən farscaya çoxlu tərcümələr etmiş, eyni zamanda, öz əsərləri də bir çox dillərə tərcümə olunmuşdur. Bundan əlavə, o, çox sayda pyes yazmış, İran poeziyasının önəmli klassik şairlərinin, xüsusilə də Hafizin əsərlərini redaktə etmişdir. Onun on üç cildlik Xiyaban kitabı (Ketab-e Koucheh) adlı əsəri İran folklorunu, inanclarını, eyni zamanda, fars dilini anlamaq baxımından ədəbiyyata verilmiş töhfədir. O, həmçinin bədii əsərlər, ssenarilər yazaraq uşaq ədəbiyyatını da zənginləşdirmiş və jurnalist kimi fəaliyyət göstərmişdir.
Bioqrafiyası
redaktəErkən həyatı
redaktəHeydər Şamlı və Kövkəb Araqinin 6 uşağından ikisincisi, eyni zamanda, ailənin yeganə oğlan övladı olan Əhməd Şamlı 1925-ci ilin 12 dekabrında Rəştdə doğulur. Hərbçi ailəsində böyüyən digər uşaqlar kimi, o da erkən təhsilini İranın cənub-şərqində Xaş və Zahidan, şimal-şərqində Məşhəd və cənubunda Rəşt olmaqla bir çox fərqli şəhərdə alır. Uşaqlığı və yeniyetməliyi asan keçmir, ev mühiti onun həssaslığına uyğun olmadığından çox vaxt təsəllini tənhalıqda tapır.[6] Ailəsi ilə birgə bir şəhərdən digərinə köçmək onun təhsilinə mane olur.
1941-ci ilə qədər hələ də tam orta təhsilini tamamlaya bilməyən Əhməd Bircəndi tərk edib Tehrana gedir. O, təhsilini almanlar tərəfindən yaradılmış, dövrünün ən yaxşı orta məktəbi olan Tehran Texniki Məktəbində davam etdirməyi və alman dilini öyrənməyi planlayır. O, təhsilinə iki sinif aşağıdan başlamaq şərti ilə bu məktəbə qəbul edilir. Qısa bir müddət sonra, 1942-ci ildə ailəsi ilə birlikdə Tehranı da tərk edib Gürgana köçməli olur. 1945-ci ildə Urmiyada məktəb təhsilini tamamlamaq üçün son dəfə cəhd etsə də, bu da uğursuzluqla nəticələnir. Baş nazir Məhəmməd Müsəddiqin hökuməti devrildikdən sonra, 29 yaşında olan Şamlı kommunist İran Tudə Partiyasının üzvü olduğu üçün həbs edilir və bir ildən uzun müddət ərzində azadlıqdan məhrum edilir.
Erkən yaradıcılığı
redaktəŞamlının müqəddiməsini İbrahim Dilmaqhanyanın yazdığı, klassik və müasir şeirlər toplusu olan ilk əsəri 1947-ci ildə çap olunur. 1948-ci ildə Sokhan-no adlı aylıq jurnal üçün ədəbi nümunələr yazmağa başlayır, iki il sonra Bürünc qapı arxasındakı qadın (farsca: آهنگهای فراموش شده) adlı ilk hekayəsi, 1951-ci ildə isə ikinci şeir toplusu olan Manifest (farsca: قطعنامه) dərc edilir. Sosialist ideologiyasına meyl göstərən Şamlı mədəni müşavir kimi Macar səfirliyində işə girir.
Onun üçüncü şeir toplusu olan Metallar və duyğu (1953) qadağan olunur və polis tərəfindən yox edilir. Ziqmund Motritzin Çirkab içində qızıl adlı əsəri və Mor Yokayın Daşqəlbli kişinin oğulları adlı irihəcmli romanının tərcümələri, eyni zamanda, özünün Xiyaban kitabı olaraq tanınan, özündə İranın şəhər həyatının danışıq mədəniyyətini əks etdirən əsərini yazmaq üçün topladığı bütün məlumatlar müsadirə olunur. 1954-cü ildə 14 aylıq həbs olunan şair 1955-ci ildə avropalı yazıçıların üç romanını tərcümə edib nəşr etdirir, 1956-cı ildə Bamşad adlı ədəbi jurnalın baş redaktoru olur.
1957–1959-cu illər
redaktə1957-ci ildə dərc edilən Təmiz hava (farsca: هوای تازه) adlı şeir kitabı ona şöhrət gətirir. Bu əsər haqda şair və filosof Ziya Mohaved belə demişdir: "Bu gün "Təmiz hava"nı oxuyan şəxs bu dilin, bu teksturanın digərlərindən fərqli olduğunu görə bilər. Şamlının əldə etdiyi bu ahəngi müasir poeziya çox az şəxs əldə edib. "Təmiz hava" Hafizdən sonra poeziyamızın başına gələn ikinci ən möhtəşəm hadisədir".[7] Bundan əlavə, o, klassik İran poeziyası haqda da bir neçə araşdırma çap etdirmişdir.
Zaharia Stankyunun Yalınayaq adlı romanının tərcüməsi 1958-ci ildə işıq üzü görür və Şamlının tərcüməçi kimi şöhrətlənməsinə səbəb olur. 1959-cu ildə o, uşaqlar üçün hekayələr yazmağa, eyni zamanda, sənədli filmlər çəkməyə və film studioları üçün işləməyə başlayır.
1960–1969-cu illər
redaktə1960-cı ildə Güzgülər bağı adlı eyni şeirlər toplusu işıq üzü görür.
1961-ci ildə İranda ədəbi jurnalistikanın ənənələrini dəyişən Ketab-e-Hafte adlı jurnalın baş redaktoru olur. 1962-ci ildə Andre Jid və Robert Merlindən etdiyi tərcümələr dərc olunur. 1964-cü ildə iki şeir toplusu çap olunur: Güzgüdə Aida və An və sonsuzluq. 1965-ci ildə Aida, ağaclar, xatirələr və xəncər adlı daha bir şeir toplusu, eyni zamanda, yeni tərcüməsi nəşr edilir və üçüncü dəfə Xiyaban kitabı əsərini tərtib etməyə cəhd edir. 1966-cı ildə Yağışda Simurq quşu adlı yeni şeir toplusu dərc olunur və ədəbi jurnalı SAVAK tərəfindən qadağan edilir.
1967-ci ildə Khusheh jurnalının baş redaktoru olur. Erskin Koldueldən olan yeni tərcüməsi çap olunur, İranlı Yazıçılar Birliyinin yaradılmasında iştirak edir və İran universitetlərində şeir oxuyur. 1968-ci ildə Hafizin əsərlərini araşdırmağa başlayır, Federiko Qarsiya Lorkadanın şeirlərini və Əhdi-Ətiqdən Solomonun mahnısı adlı meqillotu tərcümə etməklə bərabər, həm də, yaradıcılığa yeni başlamış və təcrübəli iranlı şairlər üçün şeir oxuma həftəsi təşkil edir. Bu görüşdə gün üzünə çıxan ilk şeirlər Şamlı tərəfindən redaktə olunmuş irihəcmli bir kitabda dərc olunur. 1969-cu ildə onun həftəlik ədəbi jurnalı polis tərəfindən bağlanır.
1970–1979-cu illər
redaktə1970-ci ildə Dumanda çiçəklənmə dərc olunur. O, həmçinin, televiziya üçün bir neçə sənədli film çəkir və uşaqlar üçün hekayələr nəşr etdirir. 1971-ci ildə əvvəllər etdiyi bəzi tərcümələr üzərində yenidən işləyir.
1972-ci ildə Tehran Universitetində ədəbiyyatdan dərs deyir. Digər klassik və müasir şairlərin əsərlərini səsləndirdiyi bir neçə səs yazısı işıq üzü görür, İran Dil və Ədəbiyyat Akademiyasının üzvü olur. O, bir sıra yeni tərcümələr nəşr etdirir və bir neçə film üçün ssenari yazır. Tibbi müalicə almaq üçün Parisə gedir.
İki yeni şeir toplusu Odda yanan Abraham və Qapılar və Böyük Çin səddi bir sıra yeni tərcümələrlə birgə 1973-cü ildə çap olunur. Odda yanan Abraham adlı topludakı Odda yanan Abrahamın mahnısı müasir İran poeziyasının ən məşhur və məharətlə yazılmış nümunələrindən biridir. Şamlı öz şeirini kollektiv şüurla əlaqələndirir, qəhrəman və ictimai günah keçisi obrazları elə formada təqdim edir ki, oxucu torpaq və sevgi uğrunda özünü qurban verən adamın cahil və qərəzli şəxslər tərəfindən xəyanətə uğramasını maraqla oxuyur. 1974-cü ildə Köhnə şeirlərindən seçmələrin yer aldığı Hava və güzgülərə aid yeni şeirləinin toplandığı Yer üzü üçün odalar ilə birgə çap olunur.1975-ci ildə o, öz əsərini və Hafiz haqda apardığı araşdırmanı çap etdirir. 1976-cı ildə Amerika Birləşmiş Ştatlarına səyahət edir və bir çox şəhərdə şeir oxuyur. Şamlı İrana qayıtmazdan əvvəl San Fransisko şeir festivalında da iştirak edir.
1977-ci ildə Boşqabda xəncər adlı yeni şeirini dərc etdirir. Məhəmməd Rza Pəhləvinin rejiminə etiraz əlaməti olaraq İranı tərk edir, bir il ərzində Amerikada qalıb universitetlərdə mühazirələr verir.
1978-ci ildə Iranshahr adlı yeni nəşriyyat evinin baş redaktoru kimi çalışmaq üçün Amerikanı tərk edib Birləşmiş Krallığa gedir, amma 12 buraxılışdan sonra istefa verir 1979-cu il İran inqilabı başladıqdan dərhal sonra İrana geri qayıdır. Yenidən İranlı Yazıçılar Birliyinə qoşulur və yaratdığı Ketab-e Jom'e adlı həftəlik böyük uğur qazanır. 1978-ci il şair üçün çox aktiv keçir. Bu il ərzində bir çox mühazirə verən, çoxlu şeir və tərcümə çap etdirən şair eyni zamanda Yazıçılar Birliyinin idarə heyətinə üzv seçilir. 1979-cu il də öncəki il kimi çox bəhrəli keçir. O, Xiyaban kitabı əsərinin birinci və ikinci cildini nəşr etdirir, Yazıçılar Birliyinin idarə heyətinə yenidən üzv seçilir.
1980–2000-ci illər
redaktəGərgin siyasi vəziyyətlə əlaqədar olaraq, 1980-ci ildən başlayaraq Şamlı ömrünün sonrakı səkkiz illini daha tənha keçirir. O, Aida ilə birgə Xiyaban kitabı əsərinin üzərində işləyir, Mixail Şoloxovun Sakit Don romanının tərcüməsi də daxil olmaqda, başqa bir sıra işlər görür. 1984-cü ildə Nobel mükafatına namizəd göstərilir.
1988-ci ildə Dünya Ədəbi Konqresinə dəvət edilir, Avropanı gəzərək mühazirələr verir və şeirlər oxuyur. Onun tamamlanmış şeir toplusu Almaniyada dərc edilir və o, İrana qayıdır. 1990-c ildə Birləşmiş Ştatlara səfər edir, onun şeirləri, ümumiyyətlə, ədəbiyyata verdiyi töhfələr haqda bir sıra yazılar dərc olunur.
1991-ci ildə yenidən Avropaya səfər edir, daha sonra İrana qayıdıb dörd il intensiv şəkildə işləyir. Eyni il Human Rights Watch təşkilatı tərəfindən verilən İfadə azadlığı mükafatına layiq görülür. 1992-ci ildə Müqəddəs sözlər adlı əsəri ingilis və erməni dilində işıq üzü görür. 1994-cü ildə isveç redaktor Məsud Dehqani Firuzabadi tərəfindən İsveçə dəvət olunur, orada bir sıra mühazirələr verib şeirlər oxuyur.
1995-ci ildə Sakit Don romanının tərcüməsini bitirir. Torontoda iranlı yazıçı və tənqidçilərin Şamlının İran poeziyasına verdiyi töhfələrini müzakirə etmək bir yerə toplaşdığı görüş keçirilir. Aurora! ispan dilində çap olunur, 1999-cu ildə İsveç Vəqfi tərəfindən Stiq Daqerman mükafatına layiq görülür.
Şəxsi həyatı
redaktəŞamlı üç dəfə ailə həyatı qurmuşdur. 1947-ci ildə Əşrəf İsmaliyyə ilə evlənir, onun bu evlilikdən bir qızı və üç oğlu dünyaya gəlir: Siyavuş Şamlı (1948–2009)[8], Sirus Şamlı, Saman Şamlı və Saqi Şamlı. Cütlük uzun illər sürən konfliktlərdən sonra nəhayət 1957-ci ildə boşanır. Özündən 14 yaş böyük olan ikinci yoldaşı Tusi Hayeri Mazandarani ilə dörd il evli qalan Şamlı 1963-cü ildə yenidən boşanır.
1956-cı ilin yazında Aida Sarkisyan ilə tanış olur və onlar iki il sonra, 1964-cü ildə evlənirlər. Şamlı ilə eyni səmtdə yaşayan və İran ermənisi olan Aidanın xristian ailəsi Şamlının ailəsinin müsəlman olması səbəbilə onların evliliyinə qarşı çıxır. Bundan əlavə, Aidadan yaşca da böyük olan Şamlı artıq iki dəfə boşanmışdı.[9] Aida Şamlının həyatında vacib rol oynayır və onlar Şamlının ölümünə, yəni 2000-ci ilə qədər birlikdə yaşayırlar. Hal-hazırda Kərəcdə yaşayan Aidanın adı Şamlının sonrakı şeirlərində tez-tez çəkilir.
Ölümü
redaktəEyni anda bir neçə xəstəlikdən əziyyət çəkən Şamlının vəziyyəti 1996-cı ildə pisləşir. O, bir neçə əməliyyat keçirir və kəskin diabetin doğurduğu problemlərə görə 1997-ci ildə sağ ayağı amputasiya olunur. O, diabet səbəbilə 2000-ci il 23 iyunda Kərəcdə, Dehkadehdəki evində vəfat edir.[10] Şamlının 27 iyunda keçirilən dəfn mərasimində minlərlə insan iştirak edir.[11][12] O, İmamzadə Tahir məzarlığında dəfn olunur.[13]
Əsərləri və yazı tərzi
redaktəƏhməd Şamlı 70-dən çox kitab çap etdirmişdir: 16 cild şeir kitabı; 5 şeir antologiyası; uşaqlar haqda romanların, şorba haqda hekayə və ssenarilərin daxil olduğu 5 cild kitab; uçurum haqda 9 cildlik uşaq ədəbiyyatı; farscaya tərcümə olunmuş 9 tərcümə; farscaya tərcümə olunmuş 21 roman; esse, mühazirə və müsahibələrdən ibarət 5 cild toplu və Xiyaban kitabı adlı 10 cildlik kitab.
Əhməd Şamlının poetik görüşü həm qərb modernizminə, həm də klassik İran poeziyanın müasir transformasiyasına uyğun gəlir. İspan şair Federiko Qarsiya Lorka, afrikalı-amerikalı şair Lenston Hyuz, fransız mütəfəkkir və yazıçı Lui Araqon və Nima Yuşiç Şamlıya təsir göstərən şəxslər arasındadır. Nima Yuşiçin davamçılarından biri olan Şamlı onun yazı texnikasını mənimsəmiş nəsildən fərqli olaraq, daima sınanmamış yollar axtarır. O, tez bir zamanda Füruğ Fərruxzad, Söhrab Sipehri, Mehdi Akavan Sales, Yadullah Royai, Nüsrət Rəhmani və Nadir Nadirpur kimi gənc iranlı şair və yazıçılar üçün aparıcı rol oynayan bayraqdara çevrilir.
Şamlı İranda ağ poeziya olaraq tanınan sadə və sərbəst poetik üslubdan istifadə etmişdir. Belə ki, sərbəst şeirin bu növü bir-birinə sıx bağlı olan vəznlərdən və klassik İran poeziyasının qafiyələrindən uzaqlaşır. Onun şeirləri azadlıq başda olmaqla, siyasi məsələlərdən tutmuş insanın vəziyyətinə qədər bir çox mövzuları əhatə edir.
Şamlının şeirləri öz üsyankar düşüncələrinə görə siyasi məhkuma çevrilmiş sadə adamları tərənnüm edən mifoloji konsepsiyalar və simvollarla doludur. Siyasi təzyiqlərə baxmayaraq, o, şeirlərində bu şəxslərin öz xalqına olan sevgisini əks etdirir. Bu insanların əksəriyyəti onun yaxın dostları idi və Şamlının əsas məqsədi onların necə təmizürəkli olduğunu göstərmək idi. Bununla belə, o, geri çəkilməyərək, yaşadığı cəmiyyətdə hökm sürən ikiüzlülükdən və qəddarlıqdan da cəsarətlə bəhs edir.
Siyasi görüşləri
redaktəŞamlı Marksist idi və İran İslam inqilabından əvvəl Məhəmməd Rza Pəhləvinin hakimiyətinə qarşı çıxan intellektual hərəkatın aparıcı qüvvə idi. Bütün həyatı boyuna siyasi cəhətdən fəal olan Şamlı iki dəfə həbs olunur: ilk dəfə İkinci dünya müharibəsi bitəndən sonra; ikinci dəfə isə İran çevrilişindən sonra. O, hətta inqilabdan sonra da siyasi və sosail tənqidə həsr etdiyi şeirləri ilə öz sosial-siyasi aktivliyini qoruyub saxlayır. 1976-cı ildə senzura və boğucu siyasi atmosferə etiraz əlaməti olaraq İranı tərk edir. 1977-ci ildə, Rza Pəhləvinin hakimiyyətinin süqutundan bir il qabaq o, İran Yazıçılar Assosiasiyasının üzvləri arasında görüşlər keçirilməsini dəstəkləyən məktub imzalayır.[14] Onu islamofob, vətən xaini və qərbləşmiş yazıçı hesab edən yeni İslam rejimi onun üçün əlverişli olmasa da,[15] Şamlı yetərincə məşhur idi və iqtidarda olan dindar şəxslər onu həbs etdirə bilməzdi. Bununla belə, Şamlının bir çox əsərinin çap edilməsi uzun illər icazə verilmir. 1990-cı illərin əvvəllərindən isə onun şeirləri çoxlu sayda ədəbi jurnalda dərc edilməyə başlayır.
Pərilər operası
redaktə1989-cu ildə iranlı-kanadalı bəstəkar Şeyda Qaracadaği Şamlının Pərilər əsərinin ingilis dili tərcüməsi əsasında eyniadlı opera yazır.[16] Pərilər operası 1989-cu ildə Torontoda canlı göstərilir. Bu canlı çıxışın 2020-ci ilin iyulunda işıq üzü görən CD forması Şamlının ölümünün 20 illiyinə həsr olunur. Canlı çıxışın bir hissəsində Kayhan Kalhor Pəriləri setarda farsca solo ifa edir, amma bu hissə CD-ə daxil edilmir. Bəstəkar CD-nin İranda da çıxarılmasına çalışır, amma İranda qadınların solo oxuması qadağan olduğundan buna icazə verilmir.[17][18] Opera jurnalı yazır: "İçində "… hər kəs oxuyur və rəqs edir / bu, gerçək insanlar üçün bir fürsətdir", "şeytanlar aralanır, qaranlıq yox olur!.." kimi cümlələr olan bir əsərin İranda niyə 30 il qadağan olunduğunu təxmin etmək çox da çətin deyil".[19]
Odda yanan Abraham operası
redaktəNilufər Talebi, bəstəkar Aleksandra Vrebalov və rejissor Roy Rallo tərəfindən ərsəyə gətirilən Odda yanan Abraham operasının premyerası 2019-cu il 9–12 may tarixlərindən San Fransiskoda keçirilir.[20] Opera Şamlının poeziyasındakı təsvirlərdən ilham alınaraq yazılıb və "bu işdə əməyi keçən hər kəs üçün böyük nailliyyət və opera dünyasına verilmiş böyük töhfə" kimi qiymətləndirilir.[21] Opera 2019-cu ildə San Francisco Chronicle tərəfindən "Yeni musiqi və klassik performansın ən yaxşı nümunəsi" seçilir.[22]
Mükafatları
redaktə- Füruğ Fərruxzad mükafatı, 1973
- Human Rights Watch təşkilatı tərəfindən verilən İfadə azadlığı mükafatı, 1990
- Stiq Dagerman mükafatı, 1999[23]
- Azad söz mükafatı, 2000
Kitabları
redaktə- Unudulan mahnılar (1947)
- Qərar (1951)
- Dəmir və hisslər haqda şeirlər (1953)
- Təmiz hava (1957)
- Güzgülər bağı (1960)
- Güzgüdə Aida (1964)
- Anlar və sonsuzluq (1964)
- Aida, ağaclar, xatirələr və xəncər (1965)
- Yağışda Simurq quşu (1966)
- Dumanda çiçəklənmə (1970)
- Odda yanan Abraham (1973)
- Qapılar və Böyük Çin səddi (1973)
- Hava və güzgülərə aid (1974)
- Boşqabda xəncər (1977)
- Kiçik sürgün rapsodiyaları (1979–1980)
- Mükafatlandırılmamış təbriklər (1992)
- Çıxılmaz yol və aşiq pələnglər (1998)
- Mahanın nigaranlığı haqqında nağıl (2000)
- Xiyaban kitabı (1978 – indiyə kimi)
İngilis dilinə tərcümə olunan kitabları
redaktə- Çiçəklənən portret[24]. Tərcüməçi: Nilufər Talebi (l'Aleph, 2019) ISBN 9789176375631
- Qara nizə üzərində doğulmuş[25]. Tərcüməçi və redaktor: Ceyson Babək Mohaqeq (Contra Mundum Press, 2015) ISBN 9781940625164
- Əhməd Şamlının sevgi şeirləri[26]. Tərcüməçi və redaktor: Firuzə Papan-Matin və Artur Leyn (IBEX Publications, 2005) ISBN 9781588140371
Fransız dilinə tərcümə olunan kitabları
redaktə- Şeir seçimləri. Tərcüməçi: Əhməd Kamyabi Mask. Paris: A. Kamyabi Mask, 2000. ISBN 9782910337070
- Sevgi və ümid himnləri. Tərcüməçi: Pərviz Xazrai. Orphée, La Différence, 1994. ISBN 9782729110062
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 The New York Times (ing.). / J. Kahn Manhattan: New York Times Company, A. G. Sulzberger, 1851. ed. size: 443000 ISSN 0362-4331; 1553-8095; 1542-667X
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #118867059 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ Fatemeh Keshavarz. "Recite in the name of the red rose". USA: The University of South California Press. 2006. səh. 2.
- ↑ Dastgheib, Abdolali (2006) The Poet of Love and Dawn, Critical Review of poems by Ahmad Shamlou. Amitis Publishers, Tehran, Iran. ISBN 964-8787-10-7. (Persian title: شاعرعشق و سپیده دمان ).
- ↑ آرمان هنر جز تعالی تبار انسان نیست. Adineh Magazine (Persian). Tehran. 1993. səh. 20.
- ↑ "Ahmad Shamlu: Master poet of Liberty". Iran-bulletin.org. January 25, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: August 9, 2010.
- ↑ "Fars News Agency : سياوش شاملو درگذشت". Farsnews.com. May 22, 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: August 9, 2010.
- ↑ Papan-Matin, Firoozeh. "The Love Poems Of Ahmad Shamlou". USA: IBEX Publishers. 2005. səh. 18.
- ↑ "Ahmad Shamlou, 75, one of Iran's finest poets, who fell..." The Baltimore Sun. July 25, 2000. May 28, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: August 9, 2010.
- ↑ "Feature, Shamlou's funeral". The Iranian. August 1, 2000. March 3, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 9, 2010.
- ↑ "Photography, Shamlou's funeral, Nader Davoodi". The Iranian. March 3, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 9, 2010.
- ↑ "Visiting old friends at Imamzadeh Taher". Payvand.com. September 14, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 9, 2010.
- ↑ "Words for the Shah". The New York Review of Books. August 26, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 9, 2010.
- ↑ "Journal Page jur00lr". Solopublications.com. July 26, 2000. November 29, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: August 9, 2010.
- ↑ "The Fairies: SOS Newsletter" (PDF). SIS. July 14, 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: July 26, 2020.
- ↑ "THE FAIRIES: An opera banned in Tehran is released in Amsterdam". Payvand News. September 25, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 26, 2020.
- ↑ "Three Decades of Ban of a Musical Tribute to Shamlu". BBC Persian Service. May 26, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 27, 2020.
- ↑ "Features: The Fairies by Gharachedaghi". OPERA. January 26, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 11, 2020.
- ↑ "Abraham in Flames opera live performance film". 2021-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-28.
- ↑ "There Will Be Bloom, Review of Abraham in Flames opera". 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-28.
- ↑ "Top Selection: In classical and New Music for 2019, Women Had All the Best Tunes". 2022-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-28.
- ↑ "1999 ĺrs Stig Dagermanpristagare Ahmad Shamlou". Dagerman.se. August 11, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: August 9, 2010.
- ↑ "Ahmad Shamlou on the World Stage: A Conversation with Niloufar Talebi". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-28.
- ↑ "Born Upon the Dark Spear".
- ↑ "The Love Poems of Ahmad Shamlu".
Əlavə oxu
redaktə- Talebi, Niloufar (2019) Self-Portrait in Bloom (L'Aleph), a portrait of Ahmad Shamlou and his poetry in award-winning English translation. ISBN 978-91-7637-563-1
- Atashi, Manouchehr (2004). Ahmad Shamlou: a Critical Analise. Amitis Publication ISBN 964-95143-1-7
- Dastgheib, Abdolali (2006) The Poet of Love and Dawn, Critical Review of poems by Ahmad Shamlou. Amitis Publishers, Tehran, Iran. ISBN 964-8787-10-7. (Persian title: شاعرعشق و سپیده دمان ).
- Firoozeh Papan-Matin (1984). The Love Poems Of Ahmad Shamlou. ISBN 1-58814-037-7
- Mojabi, Javad. (2004). Bamdad's Mirror: Satire and Epic in Shamlou's Works. Digar Publication. ISBN 964-7188-50-1.
- Mojabi, Javad (1998). Shenakht-nameyeh Shamlou (Biography of Shamlou), . ISBN 964-5958-86-5
- Pashai, A (2000). Life and Poetry of Ahmad Shamlou. Sales Publication. ISBN 964-6404-62-6
- Pournamdarian, Taghi (2002). Journey in the mist, Negah Publication. ISBN 964-351-070-0
- Salajegheh, Parvin, (2008). Amirzadeh-ye-Kashiha, Morvarid Publication. ISBN 978-964-5881-50-2