Ebedi Heyat Fontani - Wikipedia
“Əbədi həyat fontanı” (ing. Fountain of Eternal Life) həmçinin “Müharibə Memorial Fontanı” (ing. War Memorial Fountain) və “Müharibə alovları içərisindən yüksələn sülh” (ing. Peace Arising from the Flames of War) abidəsi kimi də tanınan, ABŞ-nin Ohayo ştatının Klivlend şəhərinin mərkəzində yerləşən heykəl və fontandır. 30 may 1964-cü ildə açılışı olmuş abidənin müəllifi Klivlend incəsənət İnstitutunun yetirməsi olan heykəltaraş Marşal Frederiksdir. Müharibə zamanı orduda xidmət etmiş, həlak olmuş və ya itkin elan edilmiş Böyük Klivlendlilərin şərəfinə ucaldılmış abidə Klivlend Mall parkı ərazisində yerləşən “Veterans' Memorial Plaza” binasının qarşısında ucalır.[1]
Əbədi həyat fontanı | |
---|---|
Fountain of Eternal Life | |
Ölkə | ABŞ |
Yerləşir | Klivlend, Ohayo |
Heykəltaraş | Marşal Frederiks |
Sifarişçi | Cleveland Press qəzeti |
Material | bürünc, qranit |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəFontan “Cleveland Press” qəzetinin təşəbbüsü və təşkilatçılığı ilə, müxtəlif vətəndaşlar, şirkətlər və təşkilatlardan toplanmış $250,000 hesabına ucaldılmışdır. Kompleksin mərkəzində yerləşən 11 metrlik (35 ft) bürünc insan fiquru müharibə alovunu qaçıraraq əbədi sülh üçün səmaya ucalır. Heykəlin təməlində dayanan bürünc sfera yer kürəsini təmsil edir. Coğrafi sivilizasiyaları təmsil edən dörd qranit qabartma sferanın ətrafında yerləşdirilib. Hövzədən 14 m (46 ft) hündürlüyə yüksələn mərkəzi fiquru abidənin müəllifi olan heykəltaraş Frederiks belə təsvir edir:
“Məhz mərkəzi fiqur memorial fontanın əsas mövzusunu ifadə edir, insanlığın ruhu məhz müharibə, vəba və digər dağıdıcı elementlərin əhatəsindən ucalır, bu zaman həyat yeni anlam ifadə edir. Ölüm üzərində yüksələn insan Tanrıya doğru istiqamətlənərək sülhə çatır.” Marşal Frederiks[1]
|
Fəvvarəni əhatə edən qranit lent üzərində çəkilmiş bürünc lövhə üzərində 1899-cu ildən 2014-cü ilə kimi müharibədə həlak olmuş 115 Böyük Klivlendlinin adı həkk edilmişdir. Onların arasında İspan-ABŞ müharibəsi, I Dünya müharibəsi, II Dünya müharibəsi, Koreya müharibəsi, Vyetnam müharibəsi, Körfəz müharibəsi və İraq müharibəsində həlak olmuş ABŞ hərbiçilərinin adları var. Bu adlar Böyük Klivlend Veteranları Memorial Zalında da yad edilir.[2]
İthaf
redaktə1964-cü ildə ilk dəfə açılışı zamanı abidə üzərində 4155 ad var idi. Bunlar İkinci Dünya müharibəsi və Koreya müharibəsi zamanı həlak olmuş amerikaların adları idi.[1] Yaxınlıqda Key tauerin inşası ilə əlaqədar olaraq yeraltı avtomobil dayanacağının inşası zamanı abidədə əsaslı yenidənqurma işləri aparılmış və 1991-ci ilin Veteranlar günündə abidənin yenidən açılışı olmuşdur.[3] 2004-cü ildə abidəyə 1361 ad da əlavə edilmişdir ki, bunlar da İspan-ABŞ müharibəsi, Birinci Dünya müharibəsi, Vyetnam müharibəsi və İraq müharibəsində həlak olmuş Böyük Klivlendlilərin adları idi. Bu rəqəmə İkinci Dünya müharibəsi və Koreya müharibəsində həlak olmasları sonradan müəyyən edilmiş şəxslərin adları da daxil idi.[1] 25 iyul 2014-cü ildə abidəyə daha 42 nəfərin adı əlavə edilmişdir ki, bunlardan da 33 nəfəri İraq müharibəsi, yerdə qalanları isə Vyetnam, Koreya və İkinci Dünya müharibəsində vəfat edənlərin adları idi.[4]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 "GCVM History and Mission" Arxivləşdirilib 2014-08-08 at the Wayback Machine, The Greater Cleveland Veterans Memorial. Accessed 3 dekabr 2015.
- ↑ "The GCVM Honor Roll" Arxivləşdirilib 2014-08-08 at the Wayback Machine, The Greater Cleveland Veterans Memorial. Accessed 8 dekabr 2015
- ↑ "All About Cleveland!, Memorial Plaza" Arxivləşdirilib 2006-09-01 at the Wayback Machine, The Ohio College of Podiatric Medicine. İstifadə tarixi:8 dekabr 2015.
- ↑ "Pride and pain mark re-dedication of Greater Cleveland Veterans Memorial" Arxivləşdirilib 2018-12-06 at the Wayback Machine, Cleveland.com. İstifadə tarixi:8 dekabr 2015