Sirin Mirzeyev - Wikipedia
Şirin Vəli oğlu Mirzəyev (5 yanvar 1947, Xankəndi – 18 iyun 1992, Ağdam rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant, Qarabağ müharibəsi şəhidi.
Şirin Mirzəyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 yanvar 1947 |
Doğum yeri | |
Vəfat tarixi | 18 iyun 1992 (45 yaşında) |
Vəfat yeri | Yeni Qaralar, Ağdam rayonu, Azərbaycan |
Vəfat səbəbi | minaya düşərək şəhid olub |
Dəfn yeri | |
Həyat yoldaşı | |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Rütbəsi | Polkovnik-leytenant |
Döyüşlər | |
Təltifləri |
Həyatı
redaktəƏslən Şuşanın Mirzələr kəndindən olan Şirin Mirzəyev 1947-ci il yanvar ayının 5-də Xankəndində dünyaya göz açmışdır. Nizami adına beynəlmiləl orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşmüşdür. Bir müddət Bakıda yerləşən Daxili Qoşunlar alayında xidmət etdikdən sonra 1967-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərindəki Ali Siyasi Hərbi məktəbə qəbul olmuş və 1971-ci ildə hərbi təhsilini müvəffəqiyyətlə başa vurub təyinatla İrəvana göndərilib. Beş il orada xidmət etdikdən sonra isə Bakıya qayıtmışdır. Daha sonra 1976-cı ildə öz sinif yoldaşı Flora Qasımova ilə ailə qurur. Bu evlilikdən onların iki uşağı dünyaya gəlir. 1988-ci ildə Moskvada Hərbi Siyasi Aakdemiyada təhsil alaraq, Daxili Qoşunlar alayında 15 illik xidmət yolu keçmişdir. 1991-ci ildə qəlbində alovlanan Vətən məhəbbəti, vətənə xidmət arzusu onu Ağdama çəkib gətirdi. Özü də elə bir vaxtda ki, onun kimi peşəkar hərbçilərə vətənin böyük ehtiyacı var idi. 1991-ci ilin oktyabr ayında bütün maneələrə və təqiblərə baxmayaraq, polkovnik-leytenant Şirin Mirzəyev respublikamızda ilk nizami özünümüdafiə batalyonunu min bir əziyyətlə yaratdı. Bu, o dövr üçün çox zəruri bir addım idi. Artıq 1992-ci ilin may ayında üç tabordan ibarət alay yaradıldı. Ş.Mirzəyev Ağdam rayonunun həm hərbi komissarı və həm də alay komandiri kimi məsul vəzifələri çox bacarıqla yerinə yetirirdi. 1992-ci il mart ayının 28-də Şirin Mirzəyevin və onun tərəfdarlarının səyi nəticəsində respublikada 1-ci olan tabor yaradıldı və ürəyi Vətən sevgisilə çırpınan podpolkovnik Şirin Vəli oğlu Mirzəyev Ağdam rayon ərazi özünümüdafiə taborunun komandiri seçildi. O 18 iyun 1992-ci ildə Sırxavənd istiqamətində aparılan döyüş əməliyyatı zamanı minaya düşərək həlak olub. Ölümündən sonra 1994-cü ildə "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə təltif edilib. Və 1993-cü il fevral ayının 5-də Şirin Mirzəyevin şəxsi təşəbbüsü ilə yaradılmış tədris taboru ləğv edildi.
Döyüş yolu
redaktəŞ.Mirzəyevin yolu respublikada örnək göstərilə biləcək bir döyüş yoludur. Belə ki, onun sərkərdəlik qabiliyyəti nəticəsində Fərrux, Pircamal, Qazançı, Ballıqaya, Qaraşlar, Bəşirli, Sırxavənd, Ağbulaq, Dəhraz, Naxçıvanik kəndləri erməni quldurlarından azad edildi.
1990–1991-ci illərdə Qarabağda ermənilərin təxribatları artdığından könüllü hərbi birləşmənin yaradılması artıq zərruri olmuşdu. Məhz buna görə də 1991-ci ilin avqustunda Ş. Mirzəyev Ağdama yollanır. Artıq 1992-ci ilin may ayında üç tabordan ibarət alay yaradılır. Təcrübələrinə görə Ağdam əlahiddə özünümüdafiə taborunun komandanlığı onun öhdəliyinə verilir.
Onun komandir seçilməsindən sonra 1200-dən çox gənc könüllü olaraq ordu sıralarına yazılır. Ş.Mirzəyev Ağdam rayonunun həm hərbi komissarı və həm də alay komandiri kimi məsul vəzifələri yerinə yetirir. Bir komandir kimi Ş.Mirzəyev həmişə ön cəbhədə döyüşür. Onun bu keyfiyyəti alayın bütün üzvlərini cəsarətləndirir və hətta, ucqar yerlərə silahların çatdırımasına belə özü rəhbərlik edir. İlk anlar könüllülük prinsipi ilə gələn döyüşçülər bir qədər ərköyünlük edir. Ş.Mirzəyevin özünün şəxsi nümunəsi, hərbi qanunlara ciddi riayət etməsi, hər bir əsgərə fərdi qayğısı və tələbkarlığı sayəsində bütün nöqsanlar aradan qaldırılır. 1992-ci il 18 iyunda üç komandirlik etdiyi alayla birlikdə yenidən ön cəbhəyə yollanır. Tankları yerləşdirdikdən sonra hazırlıq üçün arxa cəbhəyə geri qayıdarkən onun avtomobili minaya düşür və o şəhid olur.
Şirin Mirzəyevin həyatından bəhs edən "Sərkərdə" kitabının müəllifi, hərbi jurnalist İbrahim İbadoğludur.[1]
Ailəsi
redaktəDeputat Flora Qasımova Şirin Mirzəyevin həyat yoldaşıdır.[2] Onlar orta məktəbdə eyni sinifdə oxuyublar.[2] 1976-cı ildə ailə qurublar.[2]
Oğlu polis əməkdaşıdır, daxili işlər orqanlarında çalışır.[2] Qızı isə ingilis dili müəlliməsidir.[2]
Mükafatları
redaktə- (16.09.1994) — "Qızıl Ulduz" medalı (ölümündən sonra)
İrsi və xatirəsi
redaktəAdına Bakı şəhərində küçə var. Xidmət etdiyi 836-cı hərbi hissənin həyətində abidəsi qoyulmuşdur.
2021-ci ildə Türkiyənin Bursa vilayətində Milli Qəhrəman Şirin Mirzəyevin adını daşıyan park açılıb.[3][4][5]
Ədəbiyyat
redaktə- Azərbaycan Respublikası Xatirə Kitabı, X cild. Bakı: Respublika Xatirə Kitabı redaksiyası. səh. səh.444. ISBN A-49.
- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 211.
İstinadlar
redaktə- ↑ "MİLLİ QƏHRƏMAN ŞİRİN MİRZƏYEVİN XATİRƏSİ ANILIB". 2017-02-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-06-21.
- ↑ 1 2 3 4 5 Milli Qəhrəmanın deputat arvadı: `Xankəndində azərbaycanlılara ərzaq satılmırdı` (MÜSAHİBƏ) Arxivləşdirilib 2017-01-28 at the Wayback Machine femida.az, 27.01.2017 (az.)
- ↑ "Türkiyədə Milli Qəhrəman Şirin Mirzəyevin adını daşıyan park açılıb". 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-01.
- ↑ "Bursada Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyev adına park açılıb". 2022-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-03.
- ↑ "Bursada Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyev adına park açılıb - FOTOLAR". 2022-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-03.
Xarici keçidlər
redaktə- "Qarabağın görkəmli şəxsiyyətləri:Şirin Mirzəyev(1947-1992)". "Virtual Qarabağ" İKT Mərkəzinin rəsmi portalı (az.). virtualkarabakh.az. 2013. 2017-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-14.
- Şirin Mirzəyev
- Sərvər Şirin "Portret" rubrikasında Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu ilə Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevi xatırlayır.
- Şirin Mirzəyev: "Çiynimdə rusun paqonunu və beşguşəli ulduzunu daşımaqdan bezmişəm" — Keçmiş hərbçi danışır — IV yazı
- Avtomobil qəzasında dünyasını dəyişən Milli Qəhrəman