Seyx Ehmed Nardarani - Wikipedia
Şeyx Əhməd Nardarani — din xadimi.
Şeyx Əhməd Nardarani | |
---|---|
Doğum tarixi | 1870 və ya 1872 |
Doğum yeri |
Həyatı
redaktəBakının Nardaran kəndində dünyaya göz açmış ruhanilərdən biri də Şeyx Əhməd ağadır. Şeyx Əhməd Kərbəlayi Alxas oğlu təxminən 1870–1872-ci illərdə dünyaya gəlib. İlk təhsilini doğma kəndində mədrəsədə alan Şeyx Əhməd, bir sıra elmlərə yiyələndikdən sonra 1884-cü ildə atası Kərbəlayi Alxasın məsləhəti ilə İranın Qum şəhərinə yollanır. Dörd ilə yaxın müddətdə orada təhsil alan Şeyx Əhməd, ustadlarının köməyi ilə Nəcəfül-Əşrəfə gedir.[1]
O vaxtın məşhur alimlərindən olan Mirzə Nainin (r.ə) fiqh, Axund Xorasaninin və Mirəbdülhəsən İsfəhaninin üsul dərslərində iştirak edir. Bu və digər alimlərin dərslərində iştirak edən Şeyx Əhməd, dərin zəka və hafizəyə malik olduğuna görə fəlsəfə, irfan, astronomiya, həndəsə, qədim Şərq tarixi və təbabəti mükəmməl öyrənir. Tam surətdə 32 il təhsil alan Şeyx Əhməd ictihad dərəcəsinə çatır. 1912-ci ildə vətənə qayıdan Şeyx Əhməd ağa öz doğma kəndində dini fəaliyyətə başlayır.
O vaxtın şəraitini nəzərə alan kəndin ağsaqqal alimi Şeyx Muhəmmədəmin ağa ona belə məsləhət görür ki, özünün müctəhid olduğunu heç kəsə deməsin. 1913-cü ildə Şeyx Əhməd ağa ailə həyatı qurur. Bu nigahdan yeddi övladı dünyaya gəlir: Anaxanım, Mirzə Yusif, Əlisgəndər, Ağasəf, Şərəf xanım, Şövkət və Həbibə. Hacı Şeyx Əli Tutinin nəql etdiyinə görə bir qrup insan gəmi vasitəsilə həcc ziyarətindən qayıdarkən dənizdə güclü külək əsməyə başlayır. Gəmidə olan hacılar artıq gəminin təhlükə ilə üzləşdiyini görüb aralarında olan Şeyx Əhməd ağadan xahiş edirlər ki, tufanın yatması üçün Allaha dua etsin. Şeyx Əhməd ağa Həzrət Əlinin ziyarətgahından götürdüyü torpağı əlinə alıb dua oxuyur və torpağı havaya atır. Az sonra hava sakitləşir. Gəmidə olanlar ağanın bu kəraməti qarşısında öz təəccüblərini gizlədə bilmirlər.
Şeyx Əhməd ağanın oğlu həkim Əlisgəndər belə nəql edir: "1930-cu il idi. Mən Tibb Universitetinin 2-ci kursunda oxuyurdum. Müəllimimiz bizə həndəsədən çox çətin bir məsələ vermişdi. Mən o məsələ üzərində çox çalışdım amma onun həllini tapa bilmədim və hirsimdən ağlamağa başladım. Mənim ağladığımı görən atam, səbəbini soruşduqda mən həmin məsələni ona göstərdim. Ağa mənə heç bir söz demədən məsələnin həllini yazıb mənə verdi. Sabahı gün müəllim sinifə daxil olan kimi bütün tələbələrdən üzr istədi ki, dünən mən sizə səhvən elə bir məsələ vermişəm ki, onun həlli mümkün deyil. Mən ayağa qalxıb, məsələni həll etdiyimi müəllimə bildirdim. Müəllim çox təəccüblə dedi: "Bu mümkün deyil. Həmin məsələni həll edən Şəxs həndəsə elmində yeni düstur kəşf etmiş sayılar". Mən müəllimə dedim: "Məsələni mənim atam həll edib." Bu hadisədən sonra Tibb Universitetinin və digər elm mərkəzlərinin müəllimləri həftədə bir neçə gün Şeyx Əhməd ağanın yanına gələrək elmi bəhs edərdilər.
Dəfələrlə ağaya bu elmi mərkəzlərdə dərs demək təklif olunmasına baxmayaraq o, heç vaxt qəbul etmirdi.1936 −1937-ci illərdə ruhani alimlərin kütləvi şəkildə həbsləri başladıqda Şeyx Əhməd, Şeyx Həsən, Şeyx Rəsul və Nardaran ağsaqqallarından olan Baba adlı bir şəxs, ağaları həbs edən zaman müqavimət göstərdiyinə görə həbs olunur. Novruz bayramına bir neçə gün qalmış həbs olunan Şeyx Əhməd ağanın evindəki bütün kitablarını, əlyazmalarını yük maşınına dolduraraq aparırlar. NKVD-nin zindanına salınan Şeyx Əhməd ağa artıq bir neçə gündən sonra güllələnəcəkdi.
Həmin vaxt gəlib çatdıqda Şeyx Əhməd ağa zindanın nəzarətçilərindən iki rəkət namaz qılmaq üçün vaxt istəyir. Onlar zindanın qapısında gözləyirlər ki, Şeyx Əhməd ağa namazını qurtarsın. On beş ildən sonra həbsdən azad olan Mirzə Əbbas hacı Baxışəli oğlunun dediyinə görə o, Şeyx Əhməd ağayla qonşu zindanda imiş. Nəzarətçilər bir müddət gözlədikdən sonra içəri daxil olub zindanın boş olduğunu görürlər.
Bu hadisəni görən NKVD işçiləri o iki nəzarətçini güllələyirlər ki, bu hadisə dillərə düşməsin. Ağanın həbsindən bir neçə gün öncə həyat yoldaşı Firuzə xanım yuxuda görür ki, ağ atlı və üzü nurlu bir şəxs ona deyir: "Heç nədən qorxmayın, tezliklə ağanı öz yanımıza aparacağıq".
İstinadlar
redaktə- ↑ Türkan Bəşir, Elmin Nuri. ""Bir kəndin məşhurları" - Nardaran kəndinin tanınmışları" (az.). modern.az. 22.09.2015. 2021-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-27.