Seyxeli Xan Quba Xani - Wikipedia
Şeyxəli xan, Şeyx Əli xan, Şıxəli xan və ya Şıx-Əli xan (1778, Quba şəhəri – 25 may, 1821(22), Balaxanı, Çar Rusiyası) — Quba xanlığının VIII, sonuncu xanı (1791–1806).
Şeyxəli xan | |
---|---|
Şeyxəli xan Fətəli xan oğlu | |
VIII Quba xanı | |
1791 – oktyabr 1806 | |
Əvvəlki | Əhməd xan |
Sonrakı | Mirzə Məhəmməd xan |
1782 – 1791 | |
Əvvəlki | Qubad sultan |
Sonrakı | Həsən ağa |
1791-1796, 1797-1800, 1803 – 1806 | |
Əvvəlki | Əhməd xan |
Sonrakı | Pəri-Cahan xanım (bacı), Həsən ağa (qardaşı) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Quba, Quba xanlığı |
Vəfat tarixi | |
Vəfat yeri | Balaxanı, Unsuqul, Çar Rusiyası |
Dəfn yeri | Balaxanı, Unsuqul, Çar Rusiyası |
Atası | Fətəli xan |
Həyat yoldaşları |
1) Zibanisə bəyim 2) Mülayim xanım |
Uşaqları |
2-ci nikahdan oğlu: Sultanəhməd xan |
Dini | Şiə, İslam |
Hərbi xidmət | |
Döyüşlər |
Dərbəndin müdafiəsi Alpan döyüşü Quba üsyanı Gilgilçay döyüşü Qafqaz müharibəsi Başlıkənd döyüşü Levaşi döyüşü |
Vikianbarda əlaqəli mediafayllar |
Quba və Dərbəndin sonuncu xanı Şeyxəli xan Cənubi Qafqaz bölgəsində çar Rusiyasının müstəmləkə və imperiya rejiminə qarşı müqavimətdə görkəmli şəxsiyyət kimi xatırlanır. Şeyxəli xan vətəninin suverenliyini və müstəqilliyini Rusiya təcavüzünə qarşı müdafiə etmək üçün 20 ildən artıq fasilələrlə mübarizə aparıb.
Mənşəyi
redaktə1778-ci ildə Qubada doğulan Şeyxəli xan Quba xanı Fətəli xanın oğlu idi. Şeyxəli xanın anası əslən dağ yəhudisi olan Səhərnas xanım olub.[1] Dərbəndin alınmasının şahidi olan rus yazıçısı Varvara Bakunina Şeyxəli xan haqqında yazır ki, "o təxminən on yeddi yaşında, orta boylu, gözəl cizgiləri və yəhudi tipli (anası yəhudi idi), lakin asiyalılar arasında nadir rast gəlinən sarışın bir gənc kimi görünürdü".
Babası vasitəsilə qacarlar nəsli ilə qohumluq əlaqələrinə sahibdir. Qacar şahı Ağaməhəmməd Qubaya yürüşü zamanı, həmçinin məktublaşmaları zamanında Şeyxəli xanı öz qohumu adlandırırdı. Çünki, Quba xanlarının əcdadı olan və XVII əsrdə qaytaq usmisi olmuş Hüseyn xan İsfahanda qacar sülaləsindən olan Zöhrə xanım ilə evləndi və gələcək Quba xanlarının kökündə qacar qanınında rolu oldu.[2]
Nənəsi tərəfdən, yəni atası Fətəli xanın anası olan Pəricahan Bikə usmi Əhməd xanın qızı idi. Beləliklə, Şeyxəli xan qaytaqlı "Böyük" usmi Əhməd xanın nəvəsi sayılır.
Erkən illəri
redaktəŞeyxəli xan siyasətə uşaqlıq illərində, 1782-ci ildə Salyan hakimi olmaqla daxil olub. 1791-ci ildə Şeyxəli ağa Salyanda baş vermiş siyasi çaxnaşmanın qarşısını almış və rusların dəstəyilə hakimiyyətini bərpa etmişdir.[3]
Hakimiyyəti
redaktəQubadakı hakimiyyəti
redaktəFətəli xanın vəfatından sonra böyük oğlu Əhməd xan xanlıq taxtına çıxsada onun hakimiyyəti az çəkdi və 1791-ci ildə vəfatı nəticəsində şahzadə Şeyxəli ağa 13 yaşında Salyandan Qubaya gələrək xan taxtına yiyələndi, Salyanda isə kiçik qardaşı Həsən ağanı naib təyin etdi.
1791-ci ildən Qubada hakimiyyətə gəlmiş Şeyxəli xan əvvəlki siyasəti kökündən dəyişərək Ağa Məhəmməd şah Qacarla dostluq əlaqələri yaratmış, onun müttəfiqinə çevrilmişdi.
Şeyxəli xan hakimiyyətinin əvvəllərində Rusiya ilə dostluq əlaqələri qurmaq istəyini o qədər də nümayiş etdirmirdi. O, hətta Rusiya meyilli nazir Mirzə Sadıqı təqib etməyə və sıxışdırmağa başladı. Bununla belə, Şeyxəli xanın Rusiyanın açıq-aşkar əleyhdarı, İran və ya Türkiyə tərəfdarı olduğunu iddia etmək olmaz. Bunu Quba xanının özünün İ. V. Qudoviçə yazdığı məktubda onun Rusiyanın köməyi ilə Ağa Məhəmməd xana müqavimət göstərməyə hazır olduğunu bildirməsi də təsdiq edir. Şeyxəli xanın Rusiya ilə münasibətlərinin öyrənilməsi üçün ilkin mənbə rolunu oynayan arxiv sənədlərinin təhlili bizə bildirməyə imkan verir ki, bu münasibətlər əksər hallarda qeyri-səmimi olub və yalnız xanın təhlükə altında olduğu və ya onun hərbi dəstəyə ehtiyacı olduğu zaman yaranıb. Quba xanı öz hakimiyyətini qoruyub saxlamaq üçün şəraitdən asılı olaraq İranla Rusiya arasında uğurlu manevrlər edirdi.[4]
1793 və ya 1794-cü ildə xan əmisi oğlu II Mirzə Məhəmmədi taxt-taca qaytarmaq üçün 1794-cü ildə Bakı xanlığına yürüş etdi, lakin bu hərəkət tam uğurlu alınmadı.[5] Hüseynqulu xanın Bakı qalasında apardığı möhkəm müqavimət və Şeyxəli xana şəkili Səlim xanın yürüşü Bakının tabe edilməsini çətinləşdirdi. Lakin, onlar Bakı xanlığında hakimiyyətin iki hissəyə bölünməsinə razılıq əldə edə bildilər, II Mirzə Məhəmməd xan qohumu Şeyxəli xanın dəstəyi ilə Maştağada qərargah sala bildi.[6]
1794-cü ildə Şeyxəli xan Şəki xanı ilə ittifaqda Şirvan uğrunda döyüşə girdi. Ağsuda Şirvan hakimi Mustafanı mühasirəyə aldı, lakin mühasirə uzandı. Bölgədə olan yağışlı hava onun qoşunlarının özbaşına dağılmasına səbəb oldu. Ordu yararsız vəziyyətə düşəndə mühasirəyə alınanlar uğurlu döyüş əməliyyatı keçirdilər və bundan sonra məğlubiyyəti göz önünə alan Şeyxəli xan müttəfiqləri ilə birlikdə ayrılaraq Qubaya yola düşdü.[5]
Tezliklə Qazıqumux xanı II Surxay Şeyxəli xana qarşı hücum etdi. Lakin usmi Əli bəy və Tabasaran qazisinin müdaxiləsi sayəsində Köysu (ehtimal ki, Koysubula) kəndində barışıq imzaladılar.
Şeyxəli xan hakimiyyəti zamanı Fətəli xanın birləşdirdiyi Azərbaycan xanlıqlarını yenidən bir araya gətirə bilməmiş və yalnız Quba, Salyan və Dərbəndin xanı kimi tarixdə görünürdü.
XVIII əsrin 90-cı illərinin sonunda Şeyxəli xanla qardaşı Həsən ağa arasında münasibətlər yaxşı deyildi. Onlar, Dərbənd və Quba hakimiyyəti üzərində mübarizə aparırdılar. Uzun çəkən çəkişmələrdən sonra, 1800-cü ilin payızında iki qardaş bir-birlərini dövlətlərinin xanları kimi tanıyaraq barışıq imzaladılar. Lakin, 1803-cü ildə qardaşının qəfil vəfatından sonra Dərbəndə gəldi və yenidən Dərbənd xanı oldu.
Rus qoşunları 1806-cı ildə Quba xanlığını işğal edib, xanlığı ləğv etdi. Lakin buna baxmayaraq, qubalı Şeyxəli xan uzun müddət işğalçılara qarşı mübarizəni qətiyyətlə davam etdirdi.
Təsadüfi deyil ki, bir müddət sonra XVIII əsrin 30-cu illərində Azərbaycanda çarizmə qarşı ən böyük və ən mütəşəkkil üsyan Quba quberniyasında baş verdi.[7]
Dərbənddə hakimiyyət illəri
redaktə1795-ci ildə Şeyxəli xan Quba və Dərbənd xanlığının siyasi varlığını qorumaq üçün İran və Rusiya arasında kəskin siyasi oriyentasiyalar etməyi bacarmışdı.
1796-cı ildə Zubovun başçılığı ilə rus qoşunları Dərbəndi tutmaq istəyərkən, Quba xanı Şeyxəli xanın başçılıq etdiyi qızğın müqavimətə rast gəldi. Buna görə də rus komandanlığı Şeyxəli xanın hakimiyyətdən uzaqlaşdırıb atabir anadan ayrı qardaşı Həsən ağanı Dərbəndin hakimi təyin etdi. Şeyxəli xanın təxminən bir ay müqavimət göstərməsinə baxmayaraq, rus qoşunları Dərbəndə daxil oldu və onu yaxınları ilə birlikdə əsir götürüldü. Amma Şeyxəli xan əsirlikdən qaçmağı bacardı. Xan Quba, Dərbənd, Axtı, İlisu və Miskincə əhalisini üsyana qaldırdı. Sentyabrın sonunda Qazıqumuq xanı və Şeyxəli xanın 13–15 min nəfərlik qoşunu Quba xanlığının şimal hissəsinə daxil oldu. Dəstələr Alpan kəndinə yaxınlaşdılar. Qarşılarına çıxan polkovnik-leytenant Bakuninin başçılıq etdiyi azsaylı dəstə (500 nəfərə qədər) pusquya düşdü və ağır itkilərə məruz qaldı. Yalnız general Bulqakovun yardıma dəstə göndərməsi sayəsində Bakuninin dəstəsi tamamilə məhv edilməkdən xilas oldu.
1796-cı ilin noyabrın 6-da II Yekaterinanın ölümü hadisələrin gedişini dəyişdirdi. Hakimiyyətə gələn I Pavel əks siyəsət yeritməyə başladı. O, rus qoşunlarının tezliklə Cənubi Qafqazdan çıxarılması barədə sərəncam verdi.
1797-ci ilin martında rus qoşunları Azərbaycan ərazisini tərk edən kimi Şeyxəli xan yenidən bütün Quba xanlığında, o cümlədən Dərbənddə hakimiyyəti yenidən ələ keçirdi və yeni rus imperatoru I Pavelin zühuruna elçisi Mədət bəyi göndərdi. Xan Mədət bəylə həmçinin, özünə və xanlıq sakinlərinə rus hərbçilərinin yürüş zamanı vurduqları zərər haqqında şikayətnamələri də göndərdi. Şeyxəli xan çara məktubunda eyni zamanda Bakıya onun iddialarını da əsaslandırırdı. 1798-ci ilin aprelin 10-da elçi Sankt-Peterburqa gəldi. Şeyxəli xanın və xanlıq sakinlərinin məktubları rus hökumətinə təqdim olundu. Şikayətləri Asiya Xarici İşlər Kollegiyasının departamentində və kollegiyanın özündə baxıldı. I Pavel Şeyxəli xana və ümumiyyətlə Quba xanlığına dəymiş zərəri ödəmək üçün 1799-cu il sentyabrın 1-də fərman imzaladı.
1798-ci ildə Şeyxəli xan Dərbənddə ağır xəstəliyə tutulur, hətta onun öləcəyi və ya öldüyü barədə şayiələr yayılır. Bundan istifadə edən Qazıqumux xanı II Surxay Dərbənddə Həsən ağanı xan taxtına çıxarır. Daha da cəsarətlənən Surxay xan, oğlu Nuh bəyi ordu ilə Qubaya göndərdi, şəhər camaatını aldatdılar ki, guya Qaytaqda yaşayan Şeyxəlinin qardaşı Həsən ağa şəhərə gəlib. Buna inanan şəhərlilər onları içəri gətirdilər, sonra isə Nuh bəy hiylə sayəsində hakimiyyəti öz üzərinə götürdü. Təxminən ay yarım hakimiyyətdə olan Nuh bəy və atası II Surxay xan Şeyxəli xanın sağaldığını və darginlərin dəstəyi ilə on minlik ordu toplayaraq cəld şəkildə onların üzərinə gəldiyini eşidir və tələsik öz mülklərinə qaçırlar. Amma, Şeyxəli xan Quba mahalına daxil olur və onların ordusunu izləyərək qabaqlayır, darmadağın edir. II Surxay xan döyüşdən sağ çıxmağı bacarır. Beləliklə, Şeyxəli xan hakimiyyəti yenidən bərpa edir.[8] Surxay xanın oğlu Nuh bəy sonralar Şeyxəli xanın müttəfiqi olacaqdı.
1800-1801-ci illərdə də Şeyxəli xanla Həsən ağanın şahzadə hüququndan öz məqsədləri üçün istifadə etmək istəyən II Surxay xan arasında qarşıdurmalar oldu. Şeyxəli xanın yenidən ağır xəstəliyə tutulmasını eşidən Surxay xan Qubaya hücum etdi, Əniqdə qələbə qazandı. Lakin, Şeyxəli xanın sağ olduğunu və sağaldığını etibarlı şəkildə öyrəndikdən sonra dərhal geri qayıtdı. Bir müddət sonra Həsən ağa ilə birlikdə Qubaya yenidən hücum etdi, şəhər işğal edildi. Zibanisə bəyimin(Şeyxəli xanın həyat yoldaşı) bir diplomat qadın kimi səhnəyə çıxdığı anda II Surxay xan şəhəri tərk etdi. Qardaşının xəyanətini bağışlamayan Şeyxəli xan Dərbəndə bir neçə dəfə hücum etdi. Qardaşlar arasında müxalif qüvvələr tərəfindən yaradılan "düşmənçilik" və həmçinin Dərbənd uğrunda mübarizə 1802-ci ilin iyununda Həsən ağanın vəfatı ilə başa çatdı. Dərbənd yenidən Şeyxəli xanın hakimiyyətinə keçdi.
1806-cı ildə Dərbənd nəhayət Rusiyaya birləşdirildi və xan titulu ləğv edildi. Xanlığın idarəsi, Dərbənd şəhərinin özü istisna olmaqla, devrilmiş Şeyxəli xanın bacısı Pəri-Cahan xanımla evli olan Tərkinin şamxalı Mehdi şamxala verildi. Eyni zamanda Dərbənd hərbi komendantın tabeliyinə keçdi.
Rusiyaya qarşı mübarizəsi
redaktə1804-1813-cü illər Rusiya-İran müharibəsi zamanı Azərbaycan feodallarının - rus oriyentasiyası əleyhdarlarının bütün hərəkətlərindən ən böyüyü və ən uzunu Şeyxəli xanın 1810-cu il Quba üsyanı ilə nəticələnən çıxışı oldu. Rusiya-İran müharibəsi zamanı, xüsusən 1809-1810-cu illərdə Quba vilayətində baş verən hadisələr Rusiyanın inqilabdan əvvəlki tarixşünaslığında lazımi yer tapmadı.[9]
1806-cı il sentyabrın 5-də general Bulqakovun komandanlığı ilə rus qoşunu yenidən Bakı üzərinə hücuma keçdi. O, yerli əhaliyə toxunmayacağını bildirmiş və sözünə təminat məqsədilə oğlunu Bakıya göndərmişdi. Lakin şəhər əhalisi onun sözlərinə inanmayaraq dağlara çəkilmiş, xan isə əvvəl Qubaya, oradan da İrana pənah aparmışdı. 1806-cı il oktyabrın 3-də Bakı ruslar tərəfindən işğal olundu və Bakı xanlığı ləğv olundu. Bundan bir qədər sonra isə Quba xanlığı işğal olundu və Şeyxəli xan dağlara çəkildi. Onun qoşun hissələrindən bəzisi Bərmək dağlarında sığınacaq tapdılar. Bu onunla bağlı idi ki, bu döyüşdə Bərmək mahalının dağlıları Şeyxəli xana kömək etmişdilər. Bir çox bəy və digər tərəfdarları ilə bərabər Şeyxəli xan Qazıqumuxlu Surxay xanın oğlu Nuh bəylə Qubanı tutmağa gəldilər. Lakin xanın dəstəsi vuruşmayıb, hərə öz yurduna getdiyi üçün şəhəri tuta bilmədi. Çar Rusiyası Quba əyalətinə nəzarət etmək üçün yerli bəylərin şurasını təşkil etdi. Şuranı Quba şəhərində yerləşən rus hərbi dairəsinin rəisi Ryabin idarə edirdi.
1809-cu ilin yanvarında Rusiya hakimiyyət orqanlarının Tiflisə gəlməkdən və Rusiyaya and içməkdən dəfələrlə imtina etməsindən sonra xan Akuşaya gəldi, burada Akuşa və Dargin azad cəmiyyətlərinin qurultayı çağırıldı. Bu qurultayda o, Dağıstandakı rus qoşunlarına qarşı birgə hərəkət etməyi xahiş etdi. Cənubi Dağıstan xalqları 10 min nəfərə qədər əsgər toplayıb Şeyxəli xanla birlikdə Tabasarandan keçərək Qubaya gəldi.[10]
1809-cu ilin sentyabrında qurultay keçirildi və orada 10 gün ərzində Quba şəhərinə hücum etmək qərara alındı. Şeyxəli xan bir neçə döyüşdən sonra şəhəri mühasirəyə alaraq uğurlar qazandı. 1810-cu ilin avqustunda general Repinin komandanlığı altında olan ruslar Şeyxəlinin ordusu ilə qarşılaşdılar və geri çəkilməyə məcbur oldular. Qələbə xəbəri onun nüfuzunu artırdı, lakin həmin ilin oktyabrında ruslar Erpelidə yenidən ona hücum etdilər. Şeyxəli xan Yersiyə çəkildi.
1810-cu ilin avqustunda xalqın köməyinə arxalanan Şeyxəli xan rus qoşunlarını Gilgilçay üzərində və Xıdır-Zində postundakı döyüşlərdə əzdi və onlara köməyə gələn general Repinin qoşunlarını da geri oturtdu. Rus generalı Şeyxəli xanı tutub gətirən və öldürən adama 1500 çervon mükafat veriləcəyini elan etsə də əhali öz qəhrəman oğlunu mərdliklə müdafiə edirdi. Mustafa xan Şirvanlı da Quba üsyançılarına yaxından kömək göstərirdi. 1810-cu ildə Quba üsyanı məğlub olsa da, Şeyxəli xan rus işğalçılarına qarşı mübarizəni dayandırmadı.[11]
Məğlubiyyətə baxmayaraq, Quba üsyanı çar komandanlığını güzəştli yol tutmağa məcbur etdi. Komandanlıq üsyanın daha da genişlənməsindən qorxduğu üçün “Şeyxəli xanın Quba xanı kimi tanınmasını, Qubanı ətraf kəndlərlə birlikdə xanın tabeliyinə vermək və Rusiya təbəəliyinə keçməyi təklif etdi. Qarabağ, Şəki və Şirvanda olduğu kimi”. Lakin Rusiya hökuməti bu təkliflə razılaşmayıb üsyanı tamamilə yatırmaq üçün Şəkidən 1000, Şamaxıdan 100, Qarabağdan 2, Bakıdan 1 rus piyada dəstəsi göndərdi. Baş komandan Quba üzərinə yürüşü polkovnik Lisaneviçə təhvil verdi. O, bu kimi məsələlərdə təcrübəli “mütəxəssis” kimi tanınırdı.[12]
1810-cü il Quba üsyanının Samurdan cənubdakı hissəsi yatırılsa da, mübarizə Samurun şimalına keçdi və 1811-ci ilin aprelində yeni bir üsyan planlaşdırıldı, bu qiyam zamanı Akuşa və digər dağlıların sayəsində 19.000 nəfərlik qoşun topladı və iyun ayında Tabasaran mülklərini ələ keçirdilər.
1811-ci ilin əvvəllərində Şeyxəli xan bir neçə dəfə rus ordusu ilə üz-üzə gəldi, nəticələr dəyişkən idi: general Xatuntsovun komandanlığı altında rus ordusu Şeyxəli xanın dəstəsini məğlub etsə də, Şeyxəli xan dağlara çəkilərək yenidən qoşun toplayır və Xuçni məntəqəsini ələ keçirir. Həmin ilin qışında Şeyxəli xan Akuşa qazisi Əbubəkr və II Surxay xanın oğlu Nuh bəylə birlikdə Qubaya hücum edərək, Zeyxur və Quba şəhərindən başqa bütün yaşayış məntəqələrini azad etdilər. Təkcə Zeyxur ətrafında mühasirəyə salınan rus dəstələri 317 nəfər itki verərək darmadağın olmuşlar. Dörd ay ərzində onlar keçmiş xanlıq ərazisini tutdular və yeni istehkamlar tikdilər. Şeyxəli xan müqavimətə Qrız kəndindən rəhbərlik edir və burada yeni qala-istehkam tikintisinə əmr vermişdi. Lakin general-mayor Xatuntsevin komandanlığı altında olan rus qoşunları onlara qarşı hərəkətə keçdi. Rustovda 4 saat davam edən döyüşdə ruslar itkilər versə də qalib gəlir, Şeyxəli isə məğlub olaraq Akuşa-Dargin bölgəsinə çəkilir. Qazi Əbubəkr qarşıdurma zamanı dünyasını dəyişir. Bundan sonra o, Sumbatla, Unsuqatla və Akuşa kəndlərində gizlənib.[13]
Vəziyyəti müharibənin davam etdirilməsi üçün əlverişsiz görərək 1812-ci ildə Surxay xan və Akuşa qazisi Rusiyaya sədaqət andı içdilər. Akuşinlərin andının şərtlərindən biri də Şeyxəlinin onlarla qalması idi, çünki o, onların kunakı (qonaqı) idi və adətlərə görə, onu təhvil verə bilməzdilər. Ruslar Surxay xandan da Şeyxəlini təhvil verməsini xahiş etdilər, lakin o da bundan imtina etdi. Şeyxəli xan Rusiya ilə vuruşmaq istəməyə davam etdi, lakin Akuşilər and içdikdən sonra artıq döyüş üçün heç bir üsul qalmadı. Xan rus komandanlığına məktub göndərərək bağışlanmasını xahiş etdi, lakin onlar ona inamsızlıqla yanaşdılar və onun "siyasi oyun" oynadığını təxmin etdilər. Ona gündə 10 gümüş rubl ödəməklə Qubada yaşamaq təklif olundu. Təklif xan tərəfindən rədd edildi. Şeyxəli xan cavab yazdı ki, "Quba xanlığı ona qaytarılmasa, Rusiyanın himayəsi altında olmaq istəmirəm".[10]
1813-cü ildə rus hərbi dairələrinin yazışma xəbərlərinə görə Şeyxəli dağıstanlıları üsyana razı salmaq üçün qacar şahından böyük dəstək almağa çalışır və bəzən buna nail olur.[10]
1816-cı ildə Aleksey Yermolov Gürcüstan, Həştərxan və Qafqaz quberniyalarında mülki bölmələrin müdiri təyin edildi. Onun feodal hakimlərə qarşı siyasəti kifayət qədər sərt idi və dağlılar üçün mübarizə çətinləşdi.
Buna baxmayaraq, 1818-ci ildə Şeyxəli xan Başlıkənd döyüşündə iştirak etdi və 20 minlik qoşunu ilə rus imperiya ordusunun böyük bir dəstəsini məğlubiyyətə uğratdı, ruslar 418 əsgər və zabir itirərək Dərbənd istiqamətində geri çəkildi. Şeyxəli xanın dəstəsi ölmüş rus əsgərlərinin qulaqlarını kəsərək qacar şahı Abbas Mirzəyə göndərmişlər.[14][15] Bundan sonra Şeyxəli Xan və kürəkəni Abdullahın dəstəsi Başlıdan ayrılaraq Qubaya getdilər. Başlıkənd döyüşü barəsində knyaz Mədətov Yermolova yazdığı məktubda qoşunlarının 500-dən çox itki (öldürüldü və yaralandı) verdiyini və bunun psixoloji cəhətdən də əsgərlərə təsir etdiyini yazırdı. Vasili Aleksandroviç Potto, rus hərb tarixçisi yazır ki, "bu məğlubiyyəti təkcə Dağıstan qeyd etmədi ... Təbrizdə, Qacar vəliəhdinin iqamətgahında da bu münasibətlə bir sıra şənliklər baş tutdu. Başlı döyüşü sona çatan kimi Şeyxəli xan qələbə meydanında kəsdiyi qulaqları və əlləri böyük bir "çanta ilə" oraya göndərdi. Elçi Abbas Mirzənin sarayında qəbul edildi, şəhərdə top atəşləri səsləndi və bayram üç gün davam etdi. Bu vaxt Təbrizə Avar xanından, Qazıqumıqdan, Tabasarandan və başqa azad cəmiyyətlərdən elçilər gəldi. Onların hamısına hədiyyələr və pullar verildi. Abbas Mirzə özü də onları müsbət qarşılayaraq, Dağıstanı ruslara qarşı həlledici mübarizədə dəstəkləyəcəyini elan etdi".[16]
1819-cu ilə qədər dağlara çəkilən Şeyxəli xan partizan müharibəsini davam etdirdi.
1819-cu ilin yazında dağıstanlılar Yermolova qarşı mübarizədə çeçenlərlə birgə hərəkət etmək qərarına gəldilər və usmi Adil Xan, Surxay və Şeyxəli xan Kürə və Quba xanlıqlarını ruslardan geri almağa başladılar. Bunun qarşısını almaq üçün knyaz Mədətov Tabasarana soxularaq Xuçnidə dağ qoşunlarını məğlub etdi və Qaytaq tamamilə işğal edildi.
1819-cu ildə Yermolovun Akuşaya hücumu zamanı Levaşi kəndi yaxınlığında döyüş baş verdi və Şeyxəli xan sonuncu döyüşündə məğlub oldu. Bu sarsıdıcı döyüşdən sonra Şeyxəli xan ölümünə qədər Dağıstanın Arakani və Balaxanı kəndlərində çətin mühacirət həyatı yaşadı.[17]
Xarici siyasəti
redaktəOsmanlı ilə münasibətləri
redaktəŞeyxəli xanın elçiləri ilə Osmanlılar arasında İstanbulda görüşlər olmuşdur. Xanlıq təbbələri Məkkədə olarkən, Yusif paşa onları rus qoşunlarının hücuma hazırlıq görməsi ilə bağlı xəbər vermişdi. Daha sonra Şeyxəli xan İstanbula elçi göndərmişdir.[18]
V. Zubovun başçılıq etdiyi rus qoşunlarının Azərbaycana hücumu Osmanlı İmperiyasını və şəxsən Sultan III Səlimi çox narahat etdi. Türkiyə bütün vasitələrlə Rusiyanın Cənubi Qafqazdakı əməliyyatlarının qarşısını almağa çalışırdı. Rus qoşunlarının Azərbaycanda hərəkətinin qarşısını almaq üçün yerli feodalları özünə cəlb edirdi. Bu məqsədlə Axısqa paşası öz adamlarını Şamaxı və Şəki xanlıqlarına göndərdi. Rus ordusunun cəzasından ehtiyat edən şamaxılı Mustafa xan və şəkili Səlim xan Osmanlı komandanlığının səsinə səs vermədilər. Şeyxəli xan və Qazıqumuqlu Surxay xan isə ruslara qarşı fəal döyüşürdülər.[19]
1810-cu ildə Fətəli şahın nümayəndələri Şeyxəli xanın yanında olmuş, ruslara qarşı vuruşduğu üçün ona qiymətli hədiyyələr və pul göndərmişdilər. Osmanlı sultanı da Azərbaycan və Dağıstan hökmdarlarını öz tərəfinə çəkmək üçün “şirnikləndirmə” üsulundan istifadə edirdi.[20]
Abbas Mirzə ilə əlaqələri
redaktəŞeyxəli xan Abbas Mirzə ilə sıx münasibətdə olmuşdur, onunla tez-tez əlaqə saxlayırdı.
1805-ci ildə Bakı xanlığına hücum edən rus donanmasının geri çəkilməsinə səbəb Abbas Mirzə ilə koordinasiyalı şəkildə hərəkət Şeyxəli xanın hərəkətləri olmuşdur.[21]
1806-cı ildə Abbas Mirzə Qarabağdan keçərək Şirvana gəldi və Ağsuya hücum etdi. Şeyxəli xan Abbas Mirzənin qoşunundan sərdar Pirqulu xan Qacarın başçılıq etdiyi bir dəstəni Qubaya dəvət etdi, özü isə bakılı Hüseynqulu xanla birlikdə Abbas Mirzənin yanına getdi.[22]
1812-ci ilin oktyabrında Abbas Mirzənin komandanlığı ilə 30 minlik İran ordusu rus qoşunlarına zərbə endirmək ümidi ilə Cənubi Dağıstan sərhədinə hərəkət etdi. Amma Abbas Mirzənin planları həyata keçmədi. Ruslarla birlikdə Dağıstan silahlıları müdafiəyə qalxdılar. Yerli əhali inadla müdafiə olunaraq öz mövqelərini mətanətlə saxladılar. Lakin, müqavimət məğlubiyyətlə nəticələndi və Gülüstan müqaviləsi imzalandı, Quba və Dərbəndin Rusiya imperiyasına keçməsi rəsmiləşdirildi.[23]
Şeyxəli xanın partizan müharibəsi zamanında Abbas Mirzə həm maddi, həm də mənəvi cəhətdən Şeyxəli xanla həmrəyliyini nümayiş etdirmişdir.
Son illəri
redaktə1806-cı ildə general Qlazenapın başçılıq etdiyi qoşunlar Dərbənd xanlığına yeridildi. Rus qoşunlarının Dərbəndə yaxınlaşması ilə şəhərdə Şeyxəli xanın tərəfdarları ilə əleyhdarları arasında mübarizə daha da şiddətlənir. [24] Dərbənd və Quba xanlıqlarının 1806-cı ildə işğalı ilə Şeyxəli xan ömrünün sonuna kimi mərkəzi Dağıstan və Azərbaycanın şimal bölgələri arasında hərəkətdə olub, partizan müharibəsinə rəhbərlik edib və xalqı mübarizəyə çağırıb.
Xüsusilə, Levaşi döyüşündən sonra Şeyxəli xan ömrünün son illərini Dağıstanın bir neçə kəndi arasında hərəkətli vəziyyətdə keçirdi, nəhayət Balaxanı kəndinə sığındı. 1819–1821(22)-ci illərdə general Yermolov kəndlərə basqın edir və Şeyxəli xanın gizləndiyi yeri axtarırdı. Məsələn, Unsuqul, Maydanskoye və Koysubula kəndlərində general sakinlərindən onu təhvil vermələrini tələb etsə də, nəticəsi olmadı.
Xanın ölümü ilə bağlı müxtəlif fikirlər var, əsas vurğulanan onun 1821[25](22)-ci ildə Balaxanıda təbii ölüm səbəbilə vəfat etməsidir, qeyd olunur ki, o Balaxanı kəndində dəfn edilib.[26][27]
Lakin, xanın hər hansısa sui-qəsd və ya silahlı toqquşma qurbanı olması ilə bağlı da fərziyyələr mövcuddur.
Ailəsi
redaktəQafqaz Arxeoqrafiya Komissiyası tərəfindən toplanmış aktlar əsasında 1875-ci ildə Tiflisdə çap olunan hesabatın II cildinin VI fəslində Şeyxəli xan iki dəfə evlənməsi barədə aşağıdakı faktlar yazılmışdır:[2]
- Zibanisə bəyim — 1795-ci ildə onunla ailə qurub və 1816-cı ildə uşaqsız vəfat edib. Bakı xanı Hacı Məlik Məhəmməd xanın qızı olub. Bakıda dəfn olunub.
- Mülayim xanım — 1805-ci ildə xanla evlənib və Şeyxəli xanın Ərdəbilə mühacirəti zamanı vəfat edib, orada dəfn olunub. Zeyxurlu Məhəmməd bəyin qızı idi.
- Sultanəhməd xan — 1807-ci ildə ikinci xanımdan dünyaya gəlib. O, Zöhrə adlı qacar nəslindən olan qadınla evlənmiş və 1853-cü ildə İranda vəfat etmiş və Ərdəbildə dəfn edilmişdir. Sultanəhməd xanın Fətəli xan adlı oğlu olub və o qacar şahzadəsi ilə evlənib. Həmin Fətəli xanın Həsənəli xan adlı oğlu olub.
Haqqında fikirlər
redaktəRus generallarının Quba xanlığının ləğvindən sonra baş verən üsyanlar və partizan döyüşləri zamanı apardığı yazışmalarda “Quba xalqı” bir qayda olaraq “vəhşi” deyə adlandırılır, Şeyxəli xan isə “yelbeyin”, “əxlaqsız”, “quldur” və “əclaf” ləqəbləri ilə təsvir olunurdu. Çünki, onlar “yadelli gəlmələrlə” barışmayan qürurlu və azadlıq sevər xalqın Şeyxəli xanın simasında öz başçısını gördüyü fikrini qəbul edə bilmir, eləcə də Şeyxəli xanın özünün və müttəfiqlərinin fəaliyyətinin öz mövqeyini, öz torpaqlarını və öz xalqını qorumaq kimi sadə bir məntiqə söykəndiyini ehtimal etmirdilər.[28] Onlar Şeyxəli xanın müqavimətinin gözdən salınması üçün onu təhqir edir və xalqın gözündən salınmasına çalışırdılar.
Bir neçə müsbət münasibətlə tanış olaq:
.... Şeyxəli xan çox şücaətli, comərd, səxavətli və yüksək himmətə malik bir zat idi. |
.... Xanlığın müstəqilliyini qorumaq üçün Şeyxəli xan qüdrətli Rusiya imperiyasına qarşı uzun, qeyri-bərabər, qəhrəmancasına mübarizə aparmışdır. |
Dərbənd xanlığının keçmiş hökmdarı Şeyxəli xan Zaqafqaziyada yerləşən rus hərbi hissələrinə qarşı dəfələrlə silahlı çıxışlar təşkil etmiş və Rusiyanın alovlu rəqibi sayılırdı.[29] |
Əlavə etmək olar ki, rus qafqazşünaslarının və sovet tarixşünaslığının əsərlərində Şeyxəli xan fərasətsiz, uzağıgörməyən, “xalqın nifrətini qazanmış” və atasına layiq olmayan xan kimi göstərilir. Lakin, təkcə 1806-1810-cu illər Quba üsyanının tarixinə dair araşdırmalar Fətəli xanın varisi haqqında deyilənlərlə ziddiyyət təşkil edir. Qafqazdakı rus qoşunlarının baş komandanı Tsitsianov Rusiya hökumətinə göndərdiyi raportların birində Şeyxəli xan haqqında yazırdı:[30]
.... Quba-Dərbənd xanı Şeyxəli xan qürurlu, hakimiyyətpərəst, dikbaş, fitnəkar, olduqca igid və şöhrətpərəst adamdır. |
.... Quba və Dərbəndin sonuncu xanı Şeyx Əli xan Qafqazın ilk mücahidi idi. Şeyx Əli xan 19-cu əsrin əvvəllərində Rusiyanın imperiya baxışları Qafqaza dikələndə bir müqavimət simvoluna çevrildi. Onun prinsipial mövqeyi və xalqının müdafiəsinə sadiqliyi gələcək onilliklər ərzində dağlarda əks-səda verəcək ildırımlı hərəkatın başlanğıcı oldu. Şeyx Əli xanın müqaviməti təkcə hərbi kampaniya deyildi, bu, Qafqaz xalqlarının öz mədəni kimliklərini və müstəqilliklərini qorumaq əzminin yüksək səslə bəyanı idi. Şeyx Əli xanın vəfatından bir müddət sonra, müqavimətin mirasını irəli aparmaq üçün yeni bir lider meydana çıxdı - Şeyx Şamil. Dərin mənəviyyatlı və hərbi fərasət sahibi olan Şeyx Şamil Şeyx Əli xanın irsindən ilham almışdır, bəli bu fikri söyləmək lazımdır. Ədalət və azadlıq axtarışında Şamil ilk mücahidlərin məğrur addımlarını unutmadı və onların sarsılmaz ruhunu şad elədi, öz mübarizəsilə.[31] "Quba Xanlığı" “Telegram” kanalı
|
İstinadlar
redaktə- ↑ "Varvara İvanovna Qafqazda olarkən Şeyx Əli Xan haqqında nələr yazmışdı?".
- ↑ 1 2 "Акты, собранные Кавказской археографической комиссией. Тифлис VI, II cild. 1875. səh. 907". 2023-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-10.
- ↑ Магомедов, 1999. səh. 255
- ↑ Мустафаев, Дж. М. Северные ханства Азербайджана и Россия: конец XVIII — начало XIX в. (rus). Элм. 1989. 40–45.
- ↑ 1 2 Магомедов, 1999 Arxivləşdirilib 2024-02-14 at the Wayback Machine. səh. 256
- ↑ Mustafazadə, 2005. səh. 197
- ↑ Mustafazadə, 2005. səh. 233
- ↑ Алкадари, Г. А. Асари Дагестан (Исторические сведения о Дагестане) (rus). Mahaçqala: „Терек". 1929. 100. 2021-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-17.
- ↑ Ибрагимбейли, Хаджи Мурат. Россия и Азербайджан в первой трети XIX века из военно-политической истории (rus). Moskva: Академия наук СССР. 1969. 73. 2021-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-15.
- ↑ 1 2 3 Алиев Б. Г., Муртазаев А. О. Акуша-Дарго в политике России в Дагестане в первой трети XIX в. Arxivləşdirilib 2022-06-05 at the Wayback Machine // History, Archeology and Ethnography of the Caucasus. — 2017. — 15 июня (т. 13, вып. 2). — səh. 40–54. — ISSN 2618–849X. — doi:10.32653/CH13240–54 Arxivləşdirilib 2022-06-05 at the Wayback Machine.
- ↑ Mustafazadə, 2005. səh. 226
- ↑ Mustafazadə, 2005. səh. 225
- ↑ Mustafazadə, 2005. səh. 228
- ↑ Mustafazadə, 2005. səh. 229
- ↑ Магомедов, 1999. səh. 309
- ↑ Александрович, Потто Василий. XIV. Разгром Мехтулы // Кавказская война. Том 2. Ермоловское время. Sankt-Peterburq. 1887. 2022-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-22.
- ↑ Потто В. А. XVI. Падение Акуши // Кавказская война. Том 2. Ермоловское время. Arxivləşdirilib 2022-08-09 at the Wayback Machine — М.: Центрполиграф, 2008.
- ↑ Mustafazadə, 2005. səh. 184
- ↑ Mustafazadə, 2005. səh. 190
- ↑ Mustafazadə, 2005 Arxivləşdirilib 2016-02-09 at the Wayback Machine. səh. 220
- ↑ Mustafazadə, 2005. səh. 213
- ↑ Mustafazadə, 2005. səh. 214
- ↑ Магомедов Н.А., 2012. səh. 193.
- ↑ Магомедов Н.А. Дербентско-Кубинское ханство и его влияние на политическое положение и экономическое развитие Дагестана (вторая половина XVIII – начало XIX в.) (rus). Махачкала: ИИАЭ ДНЦ РАН, АЛЕФ, 2012. 2012. 121. 2022-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-22.
- ↑ Рустамова-Тогиди C. Куба: апрель-май 1918 г. мусульманские погромы в документах Arxivləşdirilib 2021-10-26 at the Wayback Machine. — 2010. — səh. 25. — 562 səh. — ISBN 978-9952-8027-6-4.
- ↑ Исаев, Иса. ИСТОРИЯ ТАБАСАРАНА (rus). 2021.
- ↑ Туристско-рекреационный потенциал Унцукульского района республики Дагестан Arxivləşdirilib 2022-03-01 at the Wayback Machine. — 2018. — Т. 12, вып. 2. — səh. 56–62. — ISSN 1995–0675.
- ↑ Rüstəmova-Tohidi, Solmaz. Quba. Aprel-May 1918-ci il. Müsəlman qırğınları sənədlərdə (PDF) (az.). Bakı. 2013. 21. 2024-02-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-02-18.
- ↑ А. О. Муртазаев. Кайтаг в VIII - первой половине XIX В. (исследование политической истории и роли в системе политических структур Северо-Восточного Кавказа) (PDF) (rus). Махачкала: Алеф. 2015. 401. 2022-03-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-02-22.
- ↑ İbişov, Salman. Quba xanlığı: əhali tarixi və azadlıq mübarizəsi (PDF) (az.). Bakı: Elm. 2012. 121. 2023-04-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-02-17.
- ↑ "XVIII-XIX-cu əsrlərdə dağlarda iki şücaətli və mübarizə dolu ad imperiya təcavüzünə qarşı unudulmaz müqavimət sütunları kimi dayandı - Şeyx Şamil və Şeyx Əli xan". 2024-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-22.
Ədəbiyyat
redaktə- Бакунина Варвара Ивановна, Персидский поход в 1796 году.
- Abbasqulu ağa Bakıxanov. Gülüstani-İrəm (PDF). Bakı: "Minarə". 2000. 224 səh.
- Магомедов Р. М. Даргинцы в дагестанском историческом процессе. — Мх.: Дагестанское книжное издательство, 1999. — Т. II. — 520 с. — 3000 экз. — ISBN 5-297-00577-9.
- Mustafazadə, Tofiq. Quba xanlığı (az.). Bakı: Elm. 2005. 480 səh.