Sebeke Seneti - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Şəbəkə sənəti — Yaxın və Orta Şərq memarlığında və dekorativ tətbiqi sənətində bədii konstruktiv forma olan qeyri-maddi mədəni irs nümunəsi.
Azərbaycan ustalarının yapışqan və ya mismarsız kiçik odun parçalarını rəngli şüşələrlə tamamlayaraq, hazırladığı pəncərə.[1]
XI əsr-XII əsrlərdən etibarən Azərbaycan memarlığında tətbiq edilir. Dekorativ sənət növlərindən olan şəbəkə incəsənət əsəri sənətkarın yığdığı rəngli kiçik şüşə parçalarını yapışqan və mıx olmadan bir-birinə bənd edən ağac elementlərindən ibarət müstəvidir. Şəbəkə sənətinin əsas "sirri" balaca alətlərin – arasına kiçik şüşə parçalarının qoyulduğu çıxıntısı və girintisi olan ağac hissələrin bir-birinə keçirilməsidir. Ağac hissələr bərk oduncaqlı ağac növlərindən – şümşad, qoz, fıstıq və palıd ağacından hazırlanır. Tor və ya barmaqlıq mənasını verən şəbəkənin naxışları Günəşi, həyat enerjisini, zamanın əbədi axarını və kainatın sonsuzluğunu simvolizə edir.[2]
Şəbəkənin quruluşu
redaktəŞəbəkə səthinin ölçüləri əşyaların funksional təyinatından asılı olaraq bir neçə kvadrat santimetrdən bir neçə kvadrat metrədək dəyişilə bilər. Şəbəkə sənəti əsərlərini memarlıqla əlaqəsindən asılı olaraq memarlıq qurğusunun hissəsi – qapı, pəncərə, pilləkən məhəccəri və şirma, çıraq, sandıq, dolab kimi interyerdə istifadə edilən ayrı-ayrı əşyalar olmaqla iki istiqamətdə təsnif etmək mümkündür. Şəbəkə ornamentinin əsasını daha çox düzgün formalı həndəsi fiqurlar təşkil etdiyi üçün şəbəkə kompozisiyalarının həmin fiqurların bucaqlarının sayına görə — "səkkiz", "on iki", "on altı" və s. təsnifatlaşdırılması da qəbul edilmişdi.
Azərbaycanda şəbəkə sənəti
redaktəBədii sənətkarlığın şəhər növü kimi şəbəkə sənəti və rəmzlərinin yayıldığı ərazilər Azərbaycanın tarixi şəhərləri – Şəki, Şuşa, Ordubad, Bakı, Gəncə, Lənkəran, Naxçıvan, həmçinin Rusiya Federasiyası ərazisində yerləşən, azərbaycanlıların yığcam yaşadığı Dərbənd şəhəri olmuşdu.
Şəbəkə sənətinin əsas mərkəzi bu ənənənin bu gün də daha artıq xalis, klassik görünüşdə təmsil olunduğu Şəki şəhəridir. Burada həmin sənət növünün XVIII-XIX əsrlərə aid edilən qiymətli inciləri cəmləşmiş, şəbəkə ənənəsi XX əsrin ortalarında bərpa edilərkən öz ikinci nəfəsini məhz buradan almışdı. Şəbəkə sənətinin klassik nümunəsi Şəkidə yerləşən Şəki xanlarının sarayıdır (1762). Sarayın məhz naxışları şəbəkənin canlı ənənəsini və onun vizual dilini tam həcmdə dövrümüzədək gətirib çatdırmışdı.
Şəbəkə sənəti və rəmzi özündə Azərbaycan xalqının, kiçik bölgə fərqləri nəzərə alınmazsa, vahid bədii ənənəsini əks etdirir. Misal üçün, hazırlanma texnologiyası baxımından Ordubad şəbəkələri ağac hissələrin bərkidilməsi zamanı bəzən kiçik mismarlardan istifadə olunması ilə fərqlənir. Vizual dil sahəsində Şuşanın bəzi kompozisiyaları xüsusi görünüşə malikdir: burada Zöhrabbəyovların evinin pəncərə şəbəkəsi həndəsi formaların sadəliyi və asketik rəng həlli ilə seçilir.
Şəbəkə sənətkarları
redaktəŞəbəkə sənəti və rəmzlərinin daşıyıcıları xalq sənətkarlarıdır. Tanınmış xalq şəbəkə ustalarından naxçıvanlı Mehdi Mehdiyevin (XIX əsr), Şahbuzlu Abuzər Bədəlovun (XVIII-XIX əsrlər), şəkili Abbasqulunun (XIX əsr) adlarını çəkmək olar. Bu sənətin bilavasitə ötürücüsü, canlı şəbəkə ənənəsini XX əsrə gətirib çatdıran Azərbaycan SSR əməkdar incəsənət xadimi Əbdülhüseyn Babayev (1877–1961) olmuşdu. Şəbəkə ənənəsinin yenidən canlanması daha çox usta Əşrəf kimi tanınan Əşrəf Rəsulovun (1928–1997) adı ilə bağlıdır. Bu gün həmin ənənəni onun oğlu Tofiq (1961-) və nəvəsi İlqar (1990-) davam etdirir. Onlardan başqa bu sahədə Soltan İsmayılov (Şəki), Hüseyn Mustafazadə (Şəki), Cabir Cabbarov (Ordubad), Rafiq Allahverdiyev (Şuşa) geniş fəaliyyət göstərirlər. Bu sənətkarlar tərəfindən bir sıra maraqlı əsərlər yaradılmış və keçmişin bəzi kompozisiyalarının bərpa işləri yerinə yetirilmişdi. Məsələn, Hüseyn Mustafazadə 2002–2004-cü illərdə Almaniyanın "Denkmalpflege Mecklenburg GmbH" (Şirkətin yeni adı: Neumühler Bauhütte GmbH) şirkəti ilə bağlanmış müqaviləyə əsasən, Şəki xanlarının sarayının bərpasında yaxından iştirak etmiş, sarayın qapı və pəncərələrini, tavanın böyük bir hissəsini yüksək bədii ustalıqla bərpa etmişdi.
Mənbə
redaktə- Ərtegin Salamzadə — Tofiq Rəsulov "Şəbəkə". İstanbul-2009;
- Керимов К. Д. Стенная роспись. — Б. Язычы, 1983
- Рудь И. Д., Цуккерман И. И. Искусство и теория информации. // Художественное и научное творчество.-Л. Наука, 1972.
İstinadlar
redaktə- ↑ К. М. Мамед-заде. Строительное искусство Азербайджана. — Баку: Элм, 1983.
- ↑ "AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRI". 2019-06-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-03-27.