Ixtiyar Bextiyarli - Wikipedia
İxtiyar Bəxtiyarlı — kimyaçı, kimya elmləri doktoru, professor.
İxtiyar Bəxtiyarlı | |
---|---|
azərb. İxtiyar Bəhram oğlu Bəxtiyarlı | |
Doğum adı | İxtiyar Bəhram oğlu Bəxtiyarlı |
Doğum tarixi | |
Doğum yeri | Azərbaycan SSR,Ağdam |
Vətəndaşlığı | Azərbaycan |
Elm sahəsi | kimya |
Elmi dərəcələri | kimya elmləri doktoru, professor |
İş yerləri | AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutu |
Təhsili | ali |
Həyatı
redaktəİxtiyar Bəhram oğlu Bəxtiyarlı 17 iyun 1949-cu ildə Ağdamda anadan olmuşdur. O, 1966-cı ildə Ağdam 5 saylı orta məktəbi, 1972-ci ildə Azərbaycan Pedaqoji Universitetinin (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti)Kimya fakültəsini bitirmişdir. Ali təhsilini başa vurduqdan sonra İxtiyar Bəxtiyarlı üç il Cəlilabad rayonunun Allar kənd orta məktəbində ixtisası üzrə müəllim işləmişdir.[1]
İxtiyar Bəxtiyarlı 1975-ci ildə Azərbaycan EA Qeyri-üzvi və fiziki-kimya İnstitutunda aspiranturanın əyani şöbəsinə daxil olmuşdur. O, 2303.01 - Qeyri-üzvi kimya ixtisası üzrə 1980-cı ildə “Nadir torpaq elementlərinin oksitioqallatlarının və -indatlarının sintezi və fiziki-kimyəvi tədqiqi” mövzusunda namizədlik, 1995-ci ildə isə “Lantanoidlərin mürəkkəb oksisulfidlərinin əmələ gəlməsinin və faza çevrilmələrinin quruluş-kimyəvi əsasları” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Aspirantura müddəti qurtardıqdan sonra İ.Bəxtiyarlı fasiləsiz olaraq həmin institutda işləmiş və kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi vəzifələrində çalışmışdır.
1988-ci ildə İ.Bəxtiyarlı “Qeyri-üzvi kimya” ixtisası üzrə “Böyük elmi işçi” attestatına və “Respublika Xalq Maarifi əlaçısı” adına layiq görülmüşdür.
1999-cu ildə İ.Bəxtiyarlı Beynəlxalq Bioqrafiya Mərkəzi (Kembric, İngiltərə) tərəfindən “XX əsrin görkəmli adamı” seçilmiş, eyni zamanda elmə verdiyi töhfələrə görə “Görkəmli Nailiyyət” diplomu və medalı ilə təltif olunmuşdur. Mərkəz tərəfindən onun bioqrafiyası bir neçə ensiklopedik nəşrdə (Dictionary of İnternational Biography-DİB-Twenty seventh editions – Cambridge, England-1999; Outstanding people of the 20th Century-First edition - Cambridge, England-1999 və s.) çap olunaraq dünyanın qabaqcıl ölkələrinə göndərilmişdir.
2010-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən İ.Bəxtiyarlıya “Qeyri-üzvi kimya” ixtisası üzrə “professor” elmi adı verilmişdir.
İxtiyar Bəxtiyarlı Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunda Yarımkeçiricilər kimyası laboratoriyasının müdir müavini (1983-85), respublika məktəblilərinin kimya olimpiadası münsiflər heyətinin üzvü (1983-85), doktorluq dissertasiyalarının müdafiəsi üzrə BDU-da fəaliyyət göstərən Birləşmiş İxtisaslaşdırılmış Şuranın üzvü (1996-97) və s. işlərdə çalışmışdır.[1]
Hazırda o,Azərbaycan Milli Elmlər Akademiyası Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda "Keçid elementlərinin xalkogenidləri" laboratoriyasının rəhbəridir.
Elmi fəaliyyəti
redaktəİxtiyar Bəxtiyarlı elmi işində müəyyən etmişdir ki, lantanoidlərin bütün oksisulfidləri peritektik reaksiyalar vasitəsilə əmələ gəlir. Bu birləşmələrin və onların parçalanmasından yaranan bərk fazaların quruluşları arasında sadə planlı rekonstruksiya əlaqəsi ilə yanaşı onların bir-birinə çevrilməsini asanlaşdıran atomların kollektiv cüz’i sürüşmə mexanizmi də olmalıdır. Bu kriteriyalar peritektik reaksiyalarla əmələ gələn başqa sinif birləşmələrdə də ödənilir ki, bu da onun daha ümumi mahiyyət daşıdığını göstərir. Peritektik reaksiyalarla əmələ gələn birləşmələrin quruluşu ilə onların parçalanmasından əmələ gələn bərk fazaların quruluşları arasında belə bağlılıq onların birinin quruluşu məlum olduqda da, o birinin quruluşu haqqında qabaqcadan müəyyən fikir söyləməyə imkan verir və onların məqsədli sintezinin təşkilində, fiziki-kimyəvi xassələrinin izahında aparıcı ideyadır.[1]
İxtiyar Bəxtiyarlı (başqa əməkdaşlarla birgə) lantanoid oksisulfidlərinin alınması üçün iki yeni üsul və alınan bərk məhlullardan birinin katodolüminsent material kimi işlənə bilməsini tövsiyə etmişdir. Üsulların və materialların yeniliyi müəlliflik şəhadətnaməsi ilə təsdiq olunmuşdur. Onun elmi-tədqiqat işlərinin nəticələri 224 elmi əsərdə öz əksini tapmışdır.[1]
Belə ki, (Ga2S3)1-x(Eu2O3)x tərkibli bərk məhlul əsasında katodolüminofor ( M.Ş. №1424336 (SSRİ), 1988 ) , (Ga2S3)1-x(La2O3)x-y (Er2O3)y tərkibli şüşələr əsasında isə fotolüminofor sintez edilmiş və xassələri öyrənilmişdir. Bu lüminoforlar uzun müddət aqresiv mühitdə işləyərkən spektral xarakteristikalarını itirmir.
Er2O3- BaSiO3-ErF3 kvaziüçlü sistemində faza tarazlığını tədqiq edərək BaSiO3 əsasında bərk məhlul sahəsindən (BaSiO3)1-x (ErF3)x tərkibli nümunələrdə antistoks lüminessensiya xassəsi aşkar edilmişdir.
Sonra Yb3+ ionundan (YbF3) sensibilizator kimi istifadə edərək effektiv xassəli (BaSiO3)1-2x (ErF3)x (YbF3)x tərkibli antistoks lüminofor alınmış və işıqlanma mexanizmi öyrənilmişdir. Müəyyən olunmuşdur ki, tərkibdə Yb3+ ionu enerjinin Er3+ ionuna ötürülməsini gücləndirir və şüalanmanın infraqırmızı oblastan görünən oblasta çevrilməsi baş verir. Həmin materialın gecəgörmə cihazlarında, lifli xətti rabitə sistemlərində işləyə biləcəyi tövsiyə olunmuşdur (Azərb. Resp. Patenti İ 2009 0063, 2009). Antistoks lüminessensiya xassələri Pyer- və Mariya Küri adına Paris Universitetinin “ Nano-elmlər” institutunun professorları Karlos Bartou və Poll Benaloulun iştirakı ilə öyrənilmiş, alınan elmi nəticələr beynəlxalq elmi jurnalda birgə çap edilmişdir.
Nd2S3-Ga2S3-EuS sistemində əmələ gələn (EuGa2S4)1-x(NdGaS3)x və EuNdGa3S7 tərkibli monokristallar spektrin görünən oblastında yaşıl rəng verən lüminofor kimi televiziya və optiki informasiyaları əks etdirən ekranlarda istifadə oluna bilər. Ən başlıcası isə Nd3+ ionunun göstərilən matrisalarda yaxın infraqırmızı oblastda güclü şüalanma effektivliyə malik olması bu materiallardan lazer elementi kimi istifadə olunmasını təmin edir.
Bundan başqa İ.Bəxtiyarlı tərəfindən Sb2Te3-Gd2Te3-Bi2Te3 kvaziüçlü sistemində faza tarazlığı tədqiq edilərək sistemdə geniş qatılıq intervalında üçlü bərk məhlul sahəsi aşkar edilmişdir. Müəyyən edilmişdir ki, [Bi2Te3]1-y [(Sb2Te3)1-x (Gd2Te3)x]y tərkibli nümunələrdə (Sb2Te3)1-x (Gd2Te3)x miqdarını dəyişməklə “n” və “p” tip yarımkeçirici materiallar almaq mümkündür. Buna səbəb, qadoliniumun miqdarı artdıqca antistruktur defektlər yaradan bismutun qadaliniumla əvəz olunması hesabına yükdaşıyıcıların konsentrasiyasının dəyişməsidir. ”n” tip keçiricilikli
[Bi2Te3]1-y [(Sb2Te3)1-x (Gd2Te3)x]y və “p” tip keçiricilikli (Sb2Te3)1-x (Bi2Te3)x-y (Gd2Te3)y tərkiblər əsasında Peltye elementi yaradılmışdır.
Məlum olmuşdur ki, bu elementin termoelektrik effektivliyi ~300K-də maksimum qiymət alır və optimal cərəyanda ~40dərəcədə soytma verir. Bu isə ondan termoelektrik soyuducuların hazırlanmasında istifadə olunmasına imkan yaradır.Termoelektrik xassələrinin ölçülməsı və interperetasiyası AMEA-nın müxbir üzvü, f-r.e.d. professor C.Ş. Abdinovun iştirakı ilə aparılmışdır.
İ.Bəxtiyarlı 224 elmi əsərin (137 məqalə, 79 tezis, 3 müəlliflik şəhadətnaməsi, 1 patent, 3 kitabça və görkəmli kristalloqraf –vətəndaş alim, AMEA-nın müxbir üzvü X.S.Məmmədovun həyatı və elmi fəaliyyətinə həsr olunmuş elmi publisistik monoqrafiyanın) müəllifidir. Elmi əsərlərin əksəriyyəti keçmiş SSRİ məkanında və uzaq xaricdə ( ABŞ, İtaliya , AFR, Hollandiya, Çexiya, Türkiyə, Norveç, Avstriya, İspaniya və s.) çap olunmuşdur.
İ.Bəxtiyarlının elmi işlərinin nəticələrinə həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda nəşr olunan dövri elmi mətbuatda, monoqrafiya və dissertasiyalarda istinad edilmişdir. Bunlardan 1.MG Barker- Coordination Chemistry Reviews 1990-Elsevier; .Davidson-Coordination Chemistry Reviews, 1990-Elsevier; 3. AN Georgobiani, BG Tagiev, OB Tagiev...-İnorganic Materials, 2010-Springer; 4. GJ. Talwar ,CP Joshi, SV Moharil, SM Dhopte... –Journal of Alloys and..., 2011-Elsevier: .Rezania, , 2012-Elsevier; 6. NA Katcho, N Mingo, DA Broido-Physical Review B, 2012-APS; 7.A Gallo, A Arana, A Oyanguren, G.Garcia...- Journal of electronic..., 2013-Springer və s. İ.Bəxtiyarlı bir sıra beynəlxalq konfrans və simpoziumlarda: Bratislavada, (Çexoslavakiya, 1985), Moskvada (SSRİ, 1989), Bülderdə (ABŞ,1991) Genuyada (İtaliya,1994), Kradoda (İtaliya,1994) Stresada (İtaliya, 2000), Diyabəkirdə (Türkiyə, 2000), Osloda (Norveç,2001), Leobendə (Avstriya , 2001), Kislovodskidə (Rusiya, 2002), Karsda (Turkiyə, 2004), Sankt-Peterburqda (Rusiya, 2004), Ankarada (Turkiyə, 2006), Çernoqolovkada (Rusiya, 2006), Sankt -Peterburqda (Rusiya, 2006), Moskvada (Rusiya, 2007), Ulyanovskda (Rusiya, 2007), Sankt-Peterburqda (Rusiya, 2008), Bilbaoda, (İspaniya,2009), Lefkoşada (Şimali Kipr, 2011), Volqoqradda (Rusiya, 2011), Samarada (Rusiya, 2013) və s. ölkələrdə məruzə ilə iştirak etmişdir.
İ.Bəxtiyarlı bir çox xarici ölkə alimləri ilə fəal yaradıcılıq əlaqələri saxlayır və aldığı nətəcələrin onlarla müzakirəsini aparır.
O, Almaniyanın “Siemens VAİ” və Avstriyanın “RHİ” şirkətlərinin dəvəti ilə müvafiq ölkələrdə olmuş və həmin şirkətlərin müəsissələrində təcrübə mübadiləsi aparmış və aldığı nəticələri ixtisasçılarla (Martin Koch, Siemens VAİ, Offenburq, Germani, Monfred Schimitt, Siemens VAİ, Kehl, Germani,Martin Horak, RHİ, Vienna, Austria,Reinhard Elivengruber, RHİ, Henenberg, Switzerland) müzakirə etmişdir.
İ.Bəxtiyarlının elmi tədqiqatlarında yüksək temperaturlu termiki analizin bir hissəsi Sankt-Peterburqda Rusiya Elmlər Akademiyasının İ.V.Qrebenşikov adına Silikatlar Kimyası İnstitutunda REA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor B.B.Qusarovun rəhbərlik etdiyi «Nanoölçülü sistemlərin fiziki kimyası» laboratoriyasında aparılmışdır. Hazırda Belarusiya-Azərbaycan elmi əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi layihəsi çərçivəsində Belarusiya Dövlət İnformatika və Radioelektronika Universitetində kimya elmləri doktoru professor İ.V.Bodnarın rəhbərlik etdiyi kimya kafedrasının əməkdaşları ilə birgə elmi-tədqiqat işləri aparılır.[1]
İxtiyar Bəxtiyarlı bir sıra beynəlxalq konfrans və simpoziumlarda: Bratislava (Çexoslavakiya,1985), Moskva (SSRİ,1989), Bulder (ABŞ,1991), Genuya (İtaliya,1994), Krado (İtaliya,1994), Stresa (İtaliya,2000), Diyarbəkir (Türkiyə,2000), Oslo (Horveç,2001),Leoben (Avstriya,2001), İstambul (Türkiyə,2001) və b. şəhərlərdə məruzə ilə çıxış etmişdir.[1]
Bundan başqa Avstriyanın Leoben şəhərində Montanuniversitetinin “Qeyri-dəmir metallurgiyası” departamentinin əməkdaşları (professor Helmut Antrevowich və dok. Holger Scnideritsch) ilə birgə elmi tədqiqat işləri aparmaq haqqında razılıq əldə edilmişdir.Hazırda sənədləşdirmə işləri aparılır.
İ.Bəxtiyarlının rəhbərliyi ilə doqquz fəlsəfə doktoru dissertasiyası müdafiə olunmuşdur, üç doktorant, iki dissertant tədqiqat işini davam etdirir. Elmi məsləhətçi olduğu bir elmlər doktoru dissertasiya işi müdafiə edilmişdir. 26 fəlsəfə doktoru və elmlər doktoru dissertasiya işlərinə opponentlik etmişdir.
İ..Bəxtiyarlı elmi işlərlə yanaşı ictimai fəaliyyətlə də geniş məşğul olmuşdur. O, 1981-1986-cı illərdə Azərbaycan EA-nın Qeyri-üzvi və fiziki kimya İnstitutunda partiya təşkilatının katibi, 1983-1986-cı illərdə həmin İnstitutda «Yarımkeçiricilər kimyası» laboratoriyasının rəhbərinin müavini (rəhbərin səlahiyyətlərini icra edən maddi-məsul şəxs), 1983-89-cu illərdə respublika məktəblilərinin kimya olimpiadasında münsiflər heyətinin üzvü, 1996-1997-ci illərdə doktorluq dissertasiyalarının müdafiəsi üçün BDU-da fəaliyyət göstərən Birləşmiş İxtisaslaşdırılmış Şuranın üzvü və s. kimi ictimai işlərdə çalışmışdır. Hazırda o, Azərbaycan MEA-nın Kimya Problemləri İnstitutunun elmi-tədqiqat planında qeyri-üzvi kimya ixtisası üzrə aparılan mövzunun birinin elmi rəhbəridir, D 01.021 saylı Dissertasiya Şurasının və İnstitut Elmi Şurasının üzvüdür.
İxtiyar Bəxtiyarlı elmin populyarlaşması sahəsində xidmətlərinə görə dəfələrlə Respublika Bilik Cəmiyyətinin və D.İ.Mendeleyev ad. Kimyaçılar Cəmiyyətinin Respublika İdarə Heyətinin fəxri fərmanları ilə təltif olunmuşdur.
İstinadlar
redaktəƏdəbiyyat
redaktə- Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri. Bakı, Sabah, 2001