Interpretator - Wikipedia
İnterpretatorlar( ing. interpret, rus. интерпретировать, türk. yorumlamak) – deyimin və ya komandanın dekodlaşdırılması (translyasiya olunması) və yerinə yetirilməsi əməli. İnterpretasiya zamanı proqramın hər bir deyimi ayrıca translyasiya olunur və dərhal yerinə yetirilir, bundan sonra növbəti deyim translyasiya olunur və yerinə yetirilir və s. Bunun alternativ üsulu olan kompilyasiya, proqramın bütün deyimlərinin birdən icra koduna (obyekt koduna) çevrilməsini nəzərdə tutur; sonradan onun yerinə yetirilməsi isə ayrıca prosesdir.
Bu çevrilmə müxtəlif yollarla aparıla bilər: Birinci yol ilkin proqramın hər bir sətrini maşın koduna çevirən (translyasiya edən, ing. translate) proqramı başlatmaqdır. Bu proqram bir sətri çevirir və onu yerinə yetirilmək üçün mərkəzi prosessora verir, yalnız bundan sonra növbəti sətrin çevrilməsinə keçir. Belə proqrama interpretator deyilir.
Bu proqramı iki müxtəlif dilli şəxsin ünsiyyətinə kömək edən tərcüməçi ilə müqayisə etmək olar. Birinci şəxs nəsə deyir, tərcüməçi onun dediklərini tərcümə edir. İkinci şəxs cavab verir və onun cavabı birinci şəxsə tərcümə olunur. Bu proses bütün dialoq müddətində davam edir.
Bu yanaşmanın üstünlüyü onun istifadəçi üçün sadəliyindədir. Proqram yazılıb başladıldıqdan dərhal sonra kompüterin hər dəfə nə etdiyini görmək olur. Əgər proqramda nəyisə dəyişmək lazımdırsa, bu dəyişiklik edilir və proqram yenidən translyasiya olunur. Ancaq bu yolun bir çatışmazlığı var: proqram tam hazır olduqdan sonra da, hər dəfə icra olunmazdan qabaq onun hər bir sətri təzədən maşın koduna çevrilir və nəticədə proqramın ümumi icra müddəti uzanır.
Ədəbiyyat
redaktə- İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
[1].
İstinadlar
redaktə- ↑ İnformatika (ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün dərslik). İ.S.Sadıqov, R.Ə.Mahmudzadə, N.R.İsayeva. Bakı, "Bakınəşr", 2008, 128 səh.