Insan Ve Heyvan Fiziologiyasi - Wikipedia
İnsan və heyvan fiziologiyası (yunanca fizio- təbiət, loqos- elm deməkdir) — öyrənilməsi və izahı üçün biologiya, fizika, kimya, riyaziyyat və kibernetika elmlərinin metod və anlayışlarından istifadə edərək heyvan və insanın funksional aktivliyi haqqında elmdir.
İnsan və heyvan fiziologiyası heyvan orqanizminin ətraf mühitlə olan qarşılıqlı təsir qanunauyğunluqlarını, müxtəlif yaşayış şəraitlərində onların davranışını, həmçinin müxtəlif böyümə və inkişaf mərhələlərində, təkamül və fərdi inkişafın gedişində fizioloji proseslərin yaranması və inkişafını öyrənir.
Fizioloji proseslərin gedişatının qanunauyğunluqlarını bilmək müxtəlif şəraitlərdə həyat fəaliyyətinin dəyişikliklərini öncədən görməyə imkan verir və istənilən istiqamətdə fizioloji proseslərin gedişatına müdaxilə etməyə yol açır. Odur ki, fiziologiya tibbin, baytarlığın və psixologiyanın nəzəri əsasıdır.
Tibbdə insan fiziologiyası anatomiya və histologiya ilə birgə bazisdir, həkim buna əsaslanaraq xəstə haqqında olan dağınıq fikir və faktları bir yerə toplayır, onun vəziyyətinin və iş qabiliyyətinin səviyyəsini qiymətləndirir. Funksional pozğunluqların dərəcəsinə görə, yəni vacib fizioloji funksiyaların normadan kənarlaşması ölçüsü və xarakterinə görə ─ orqanizmin fərdi, etnik, cinsi və yaş xüsusiyyətlərini, həmçinin yaşayış mühitinin ekoloji və sosial şəraitlərini nəzərə alaraq bu kənarlanmaları aradan götürməyə və orqanizmi normal vəziyyətə qaytarmağa cəhd edir.
Orqanizmin pozulmuş funksiyalarını korreksiya edərkən nəinki yaşama mühitinin təbiət-iqlim-istehsalat şəraitinin təsir xüsusiyyətlərinə, həm də antropogen çirklənmənin xarakterinə ─ qida məhsullarında, suda və atmosferdə olan zərərli yüksək toksiki maddələrin kəmiyyət və keyfiyyətinə diqqət etmək lazımdır.
İnsan və heyvan fiziologiyasının tarixi
redaktəHeyvan orqanizminin həyat fəaliyyətinin qanunauyğunluqları haqqında ilkin təsəvvürlər həkimlərin müşahıdələri ilə bağlıdır, praktika isə təkcə insanın anatomiyası biliklərini deyil, hətta orqanizmin funksiyalarının əsas prinsiplərini anlamağı tələb edir. Fizioloji qanunları aşkarlamağa ilk cəhd edən Hippokrat olmuşdur. O, xəstəliklərin yaranmasında Allahların müdaxiləsi ilə bağlı mövcud olan mövhumatı inkar edərək, təbii səbəblər nəticəsində olduğunu öyrədirdi. Hippokrat təlimi ondan ibarətdir ki, xəstəlik Allahların cəzası deyil, təbii faktorların, qidalanmanın, adətlərin, insan həyatının xarakterinin pozulmasının nəticəsidir. Hippokratın məcmuəsində xəstəliyin əmələ gəlməsində heç bir mistik xarakterli qeydlər yoxdur. Eyni zamanda Hippokrat öz təlimində bir çox hallarda düzgün olmayan istinadlara, səhv anatomik və fizioloji nəticələrə, həyat şirələri haqqında təlimlərə də əsaslanıb.[1][2][3].
İnsan və heyvan fiziologiyasının məsələləri
redaktə- İnsan və heyvanın həyat fəaliyyətinin qanunauyğunluqlarının öyrənilməsi
- Xəstəliklərin və patoloji vəziyyətlərin müalicəsinin nəzəri əsasının işlənib hazırlanması, insanların sağlamlığının qorunması və möhkəmləndirilməsi
İnsan və heyvan fiziologiyasının tədqiq istiqamətləri
redaktə- Ali sinir fəaliyyətinin fiziologiyası mərkəzi sinir sisteminin ali şöbələrinin (baş beynin böyük yarımkürələr qabığı və ona yaxın təpələr) funksional qanunauyğunluqlarını öyrənir, insan və heyvanın davranış aktlarını və onların ətraf mühitlə qarşılıqlı təsirini təmin edir və hissiyatın, qavrayışın, təfəkkürün, yaddaşın material əsasını təşkil edir.
- Neyrofiziologiya sinir sisteminin funksiyalarını öyrənir, sinir sisteminin müxtəlif şöbələrinin struktur - funksional təşkilini, orqanizmin funksiyalarının tənziminin mərkəzi mexanizmlərini araşdırır, mərkəzi sinir sistemində reseptorlardan ötürülən siqnalların və kodlaşmanın əsas prinsiplərini, bu sistemin müxtəlif səviyyələrində məlumatın işlənilməsini və sinir proseslərinin gedişatının ümumi qanunauyğunluqlarını aşkar edir.
- Visseral sistemin fiziologiyası ayrı-ayrı toxuma və orqanların xüsusiyyətini, həmçinin onların funksional sistemdə birləşməsinin qanunauyğunluqlarını öyrənir.
- Müqayisəli fiziologiya heyvan orqanizmlərinin təkamül (filogenez) və fərdi (ontogenez) inkişafında fizioloji funksiyaların inkişaf xüsusiyyətini tədqiq edir.
- Yaş fiziologiyası canlı orqanizmlərin qocalma proseslərinin aparıcı mexanizmlərini və qanunauyğunluqlarını öyrənir.
- Xüsusi fiziologiya əsasən insanın spesifik şəraitdə olan fəaliyyətini nəzərə alaraq orqanizmin həyat fəaliyyətinin ümumi və xüsusi qanunauyğunluqlarını öyrənir. Buna görə xüsusi fiziologiyaya aşağıdakılar aid edilir: ekoloji fiziologiya, əməyin, idmanın fiziologiyası, psixofiziologiya, kosmik, aviasion, sualtı və s.
- Fizioloji kibernetika bioloji sistemlərin struktur və funksional təşkilini, həmçinin onlardan məlumatın alınması, dəyişdirilməsi və işlənməsi qanunauyğunluqlarını öyrənir.
Məşhur tədqiqatçılar
redaktə- İvan Pavlov
- İvan Seçenov
- Anoxin, Pyotr Kuzmiç
- Bernar, Klod
- Bertalanfi, Lüdviq fon
- Meçnikov, İlya İliç
- Uxtomskiy, Aleksey Alekseyeviç
- Şerrinqton, Çarlz Skott
İstinadlar
redaktə- ↑ Jones W. H. S. Hippocrates Collected Works I. Cambridge Harvard University Press. 1868. 2011-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-31.
- ↑ Garrison Fielding H. [Philadelphia History of Medicine] (#bad_url). W.B. Saunders Company. 1966. səh. 92—93.
- ↑ Nuland Sherwin B. [Knopf Doctors] (#bad_url). 1988. səh. 7. ISBN 0394551303.