Imre Kertes - Wikipedia
İmre Kertes (mac. Kertész Imre; 9 noyabr 1929[1][2][…], Budapeşt[1] – 31 mart 2016[3][2][…], Budapeşt[3]) — macar yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2002).
İmre Kertes | |
---|---|
mac. Kertész Imre | |
Doğum tarixi | 9 noyabr 1929[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 31 mart 2016[3][2][…] (86 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Parkinson xəstəliyi |
Dəfn yeri | |
Fəaliyyəti | yazıçı, tərcüməçi, romançı, jurnalist, ssenarist |
Əsərlərinin dili | Macar dili |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMacarıstanın ədəbiyyat sahəsində ilk Nobel laureatı İmre Kertes yəhudi əsillidir. Budapeştdə yoxsul ailədə doğulmuşdur. 1944-cü ildə, 15 yaşında ikən faşistlər onu da minlərlə həmvətəni kimi indiki Polşa ərazisindəki Auşvits-Birkenau (Osvensim) həbs düşərgəsinə salmışdılar. Məhrumiyyət həyatı sonra Buhenvald əsir düşərgəsində davam etmişdi. 1945-ci ildə sağ qalan digər hərbi əsirlərlə birlikdə azadlığa çıxmışdı. Ancaq ana tərəfdən qohumlarının hamısı həbs düşərgələrində məhv edilmişdi. Budapeştə qayıtdıqdan sonra o, müxtəlif macar qəzet və jurnallarında müxbir kimi çalışmışdı. Alman əsarəti və yəhudilərin həbs düşərgələrindəki həyatı yaradıcılığının aparıcı xətti olaraq qalmaqdadır. Uşaqlıq və yeniyetməlik dövrü müharibənin dəhşətli vaxtına təsadüf edən İmre Kertes ardıcıl təhsil ala bilməmişdi. Həyat universitetləri aclıq, xəstəlik və həqarətin hökm sürdüyü baraklar olmuşdu. Kertes "Binəsiblər" adlı ilk romanını müharibədən 30 il sonra çap etdirmişdi. Bu romanda alman həbs düşərgələrinin bütün dəhşətlərini taleyində yaşayan yeniyetmə Georq Köresin — müəllifin həyatı təsvir olunurdu.
Macarıstanda yaradıcılığına yetərincə diqqət görməyən Kertes nə qədər qəribə səslənsə də, dünyanın başqa bir ölkəsinə deyil, məhz Almaniyaya mühacirət etmişdi. Uzun illər boyu bu ölkədə yaşasa da o, əsərlərini yalnız macar dilində, macar oxucuları üçün yazır. Eyni zamanda alman dilindən bədii və elmi tərcümələri ilə tanınmışdır. Alman ədəbiyyatı və fəlsəfi fikrinin F.Nitsşe, Z.Freyd, L.Vitkenşteyn, E.Kanetti, Y.Rott və b. tanınmış nümayəndələrinin əsərləri İmre Kertesin tərcüməsində Macarıstanda geniş yayılmışdır. Keçmiş hərbi əsirlərin çoxu kimi Kertes də bu günə qədər nəm və iyli barakların, insanların diri-diri yandırıldıqları dəhşətli qaz kameralarının, üst-üstə qalaqlanmış meyitlərin xof və dəhşətini unuda bilməmişdir. Lakin diqqətəlayiq cəhət yazıçının yaddaşında qalanların yalnız dəhşətlər və fəlakətlər olmamasıdır. Kertes bütün bu iztirab, ölüm və qan içərisində öz simasını qoruyub saxlayan, sevən və nifrət edən, sevinən və kədərlənən, düşünən, mübarizə aparan, hətta gülməyi bacaran insan surətlərini yaratmışdır. Bütün bunları o, sonda haqqın təntənəsinə, ədalətin qələbəsinə inanan 15 yaşlı yeniyetmənin gözləri ilə görmüş və göstərmişdi. Müəllifin öz ssenarisi əsasında "Binəsiblər" romanı 2005-ci ildə macar kinematoqrafçıları tərəfindən ekranlaşdırılmışdır. Tənqidçilərin fikrincə, kitabla müqayisədə filmdə avtobioqrafik motivlər daha ifadəli təsir bağışlayır.
Yazıçı ikinci və sonuncu iri həcmli əsərində — "Doğulmamış uşaq üçün mərasim" (1980) romanında yenidən həbs düşərgəsi mövzusuna qayıtmış və ilk baxışdan inanılması mümkün olmayan bir hissi — barakların insanlar üçün doğma evə çevrilməsi prosesini təsvir etməyə çalışmışdı. İmre Kertesi fəal antikommunist adlandırmaq mümkün olmasa da, müxtəlif illərdə esse və məqalələrində Macarıstan və Rumıniya kommunust liderlərinin ünvanına bir sıra kəskin iradlar söyləmişdir. O, Rumiyadakı macar azlığının hüquqlarını müdafiə edən çağırış və bəyanatların da müəllifidir. Yaradıcılığının həcmi baxımından İmre Kertes ən az yazan Nobel laureatı adlandırıla bilər. O, cəmisi iki romanın, bir neçə hekayə və esselər kitabının müəllifidir. Yazıçının avtobioqrafik novellalarında zəif, köməksiz insan tarixin despotizmi və vəhşilikləri ilə üz-üzə qoyulur. Kertes demək olar ki, bütün yaradılcılığı boyu cəmiyyətin insan iradəsini əzməyə çalışdığını, insanın isə bütün mümkün vasitələrlə buna müqavimət göstərdiyini təsvir etmişdir.
2002-ci ildə İmre Kertes "insan gücünün və iradəsinin sarsılmazlığını böyük inandırıcılıq və bədiiliklə əks etdirdiyinə görə" Nobel mükafatı almışdır. Yazıçı Nobel mühazirəsini əsasən ictimai-siyasi problematikaya həsr etmişdi.
31 mart 2016-cı ildə Budapeştdə vəfat etmişdir.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Digital Literary Academy. 1998.
- ↑ 1 2 3 4 Imre Kertész // filmportal.de. 2005.
- ↑ 1 2 3 4 http://www.hirado.hu/2016/03/31/meghalt-kertesz-imre/.
Mənbə
redaktə- Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.