Imamzade Turbesi Naxcivan - Wikipedia
Naxçıvan İmamzadə türbəsi — Naxçıvan şəhərin cənub-şərq hissəsində, qədim Yezidabad qalasının qərb tərəfində yerləşən və XVIII əsrə aid olan tarix-memarlıq abidəsidir. Şəhərin digər vacib abidəsi olan Nuh türbəsinin yaxınlığında yerləşən Naxçıvan imamzadəsi bir-biri ilə yanaşı yerləşən üç türbə binasından ibarətdir. Binaların üçü də Səfəvi memarlığının və yerli Naxçıvan-Marağa memarlıq məktəbinin xüsusiyyətlərini özündə birləşdirir.
İmamzadə türbəsi | |
---|---|
39°12′10″ şm. e. 45°24′41″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Naxçıvan |
Yerləşir | Heydər Əliyev küç. |
Aidiyyatı | Səfəvilər imperiyası |
Sifarişçi | Hacı Polad bəyin oğlu Rufan bəy |
Tikilmə tarixi | 1722-1732 |
Üslubu | Naxçıvan-Marağa memarlıq məktəbi |
Vəziyyəti | fəaliyyət göstərir |
İstinad nöm. | 5297 |
Kateqoriya | türbə |
Əhəmiyyəti | yerli əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəİmamzadələrin meydana gəlməsi Səfəvilər dövrü üçün xarakterik hesab edilir. İmamzadə kompleksinə daxil olan türbənin içərisindəki məzarın üzərində kitabə olmadığından, onun kimə məxsus olması haqqında məlumat yoxdur. Yerli əhalinin bildirdiyinə görə bu qəbir şiələrin səkkizinci imamı İmam Rzanın oğlunun qəbridir. Bu fikri rus alimi V. M. Sısoyev də qeyd etmişdir.[1] Bu türbənin xalq arasında imamzadə adlandırılması da məlumatın düzgünlüyünü təsdiq edir. Təəssüf ki, qəbiüstü kitabə günümüzədək gəlib çatmamışdır. İndiki vəziyyətdə qəbir qara mərmər daşla üzlənmişdir.
XX əsrin 20-ci illərində Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin göndərişi ilə Naxçıvanda olmuş epiqraf İ. Əzimbəyovun tədqiqatlarından aydın olur ki, vaxtilə onun üzərində — şimal-qərb tərəfində nəsx xətti ilə yazılmış kitabə olmuşdur. [2] Həmin kitabədən məzmunundan aydın olur ki, bu abidə Səfəvi şahı II Təhmasibin zamanında, yəni 1722–1732-ci illərdə Hacı Fulad bəyin oğlu Həzrət Rufai bəy tərəfindən inşa etdirilmişdir. [3] Bu kitabə təbii aşınma zamanı dağılmışdır. Türbə 2017-ci ildə təmir edilərkən İ. Əzimbəyovun məqaləsindən istifadə edilərək kitabənin yerinə yenisi qoyulmuşdur. [3] Kitabədə yazılır:
1722-1732-ci illərdə bu İmamzadə, ərəb və əcəmin ixtiyar sahibi, səxavətli xaqan, möhtərəm əmir, ən böyük sultan, şah oğlu Şah Əbu Müzəffər Təhmasib Bahadır xanın hökmdarlığı dövründə, günahları bağışlamağa layiq, mərhum Hacı Polad bəyin oğlu sahibkar, zəmanənin xeyirxahı olan Rufan bəyin əmri ilə tikilmişdir.[3] |
Memarlıq xüsusiyyətləri
redaktəNaxçıvan imamzadəsinin əsasını abidənin cənub tərəfində yerləşən türbə təşkil edir. Türbənin kvadratşəkilli əsas üzərində inşa edilmiş, kvadratdan səkkizbucaqlıya, ondan isə silindirik gövdəyə keçid verilmiş, sferik günbəzlə tamamlanmışdır. Türbənin günbəzə keçid hissəsi stalaktitlərlə həll edilmişdir. [4] Silindrik barabanın naxışları Bərdə türbəsi və Şeyx Səfi türbəsinin naxışları ilə eyni olub kufi xətti ilə icra olunmuş dəfələrlə təkrarlanan "Allah" sözündən ibarətdir. [3] Bu naxış effektinin yaradılması üçün memarlar bişmiş qırmızı kərpic və firuzəyi rəngli kaşılardan istifadə etmişlər. [4] Türbənin içərisində uzunluğu 150 sm, hündürlüyü 88 sm, eni 115 sm olan, sənduqə tipli bir qəbir vardır. [3]
Bu kompleksin türbəyə bitişik [5] dördbucaqlı formasında olan birinci salonu ondan şimalda yerləşir. Türbədən bu salona təxminən 1,5 m ucalığında olan, türbənin şimalında yerləşən giriş qapısından daxil olmaq olur. Bu salonun dam örtüyü düzdür. Birinci salondan şimalda isə ona bitişik, lakin həcminə görə ondan bir qədər böyuk ikinci salon yerləşir. Birincidən fərli olaraq ikinci salonun dam örtüyü günbəzşəkillidir. Bu salon günbəzdə olan dörkünc pəncərələrlə işıqlandırılmışdır. Kompleksin giriş qapısı bu salonun qərb tərəfindəndir. [5] Əvvəlcə qəbirüstü türbə, sonra isə türbəyə bitişik digər salonlar inşa edilmişdir. Bu salonların türbəyə gələn ziyarətçilər üçün tikildiyini də demək olar. [6]
Türbə ətrafındakı digər qəbirlər
redaktəKompleksin ətrafında orta əsrlərə aid qəbiristanlıq olmuşdur. Zaman keçdikcə buradakı qəbirlərin bir hissəsi dağılmış, bir hissəsi isə indiyədək qalmaqdadır. Orada torpağın altından aşkar edilmiş 16-cı əsrə aid məzar kitabələri tədqiq edilmişdir. Burada bişmiş kərpicdən hörülmüş tağvarı sərdabələrə təsadüf olunmuşdur. Zaman keçdikcə nekropolun yeri dəyişmiş və abidənin yaxınlığındakı təpəyə keçmişdir. Orta əsrlərdə ərazidə fəaliyyət göstərən bəzi sufi təriqətlərinin üzvləri kompleksdən bir müddət özlərinin yaşayış, ibadət və zikr yeri–xanəgah kimi istifadə etmişlər.
İstinadlar
redaktə- ↑ Сысоев, В.М. Нахичевань на Араксе и древности Нах. ССР (отчет о поездке летом 1926 г.) (Известия «Азкомстарис»а, вып. 4 (тетрадь 2).). Баку. 1929. səh. 107.
- ↑ Азимбеков, И. Мусульманские надписи Тифлиса, Эривани и Нах. ССР (Известия «Азкомстарис»а, вып. 4 (тетрадь 2)). Баку. 1929. 310–311.
- ↑ 1 2 3 4 5 Səfərli, H.F. Naxçıvanda sufiliklə bağlı mərkəzlər. Bakı: Elm və təhsil. 2013. 180–181.
- ↑ 1 2 Саламзаде, 1964. səh. 58
- ↑ 1 2 Саламзаде, 1964. səh. 59
- ↑ Salamzadə Ə.V., Məmmədzadə K.M. Azərbaycan memarlığının Naxçıvan məktəbi abidələri. Bakı: Elm. 1985. 191.
Ədəbiyyat
redaktə- Salamzadə Ə.V., Məmmədzadə K.M. Azərbaycan memarlığının Naxçıvan məktəbi abidələri. Bakı: Elm. 1985, 268 s.
- Сысоев, В.М. Нахичевань на Араксе и древности Нах. ССР. Oтчет о поездке летом 1926 г. Известия «Азкомстарис»а, вып. 4, тетрадь 2. Баку. 1929, 87-121.