Ilandag Kitabesi - Wikipedia
İlandağ (Haçadağ) kitabəsi — Müasir Naxçıvan Muxtar Respublikası ərazisində Urartuların iki mixi yazısı, biri yaşayış yerindən 75 km cənub-şərqdə, İlandağda, digəri Fərhad evi adlanan Orta əsr karvansarasının yaxınlığında tapılmışdır. Fərhad evi kitabəsi tamamilə dağılmışdır. İlandağ kitabəsi adlana kitabə Culfa rayonunun Xoşkeşin kəndi yaxınlığında aşkar edilmiş və mixi kitabənin mətni S.Qaşqay tərəfindən tərcümə edilmişdir.
Məzmunu
redaktəİlandağ kitabəsi İşpuini və Menuanın adını xatırlayır, e.ə. 820 və 810-cu illərdə onların hərbi hücumları və qələbələrinndən bəhs edir. Bir metr uzunluğunda kitabənin mətnindən ayıdn olur ki, Işpuini və Menua Arsinie ve Ania torpaqlarını tutmuş, Pluadidə İlahə Haldinin şərəfinə kitabə qoymuş və qurban kəsmişlər. AMEA-nın müxbir üzvü, arxeoloq Vəli Baxşəliyevin fikrinəcə kitabənin təntənəli şəkildə yazılmasına baxmayaraq Urartular heç vaxt bu ərazini işğal etməmişlər. Tədqiqatçı fikrini Naxçıvan ərazisində Urartu qalalarının tikilməsi haqqında heç bir epiqrafik və arxeoloji dəlilin tapılmaması ilə izah etmişdir.[1] [2] Kitabədən aydın olur ki, Urartu çarları İşpuini və onun oğlu Meniua bu ərazilərə yürüşlər təşkil etmişlər. Kitabədə onların zəbt etdikləri ölkələr arasında üç şəhər dövlətinin adı çəkilmişdir – Arsine, Arsikua, Ayanianu. Urartu çarları tərəfindən ələ keçirilmiş şəhərlər tutulduqdan sonra onlar tərəfindən dağıdılmışdır. Kitabədə adı çəkilən toponimlərdən “Arsine” adının bu gün Naxçıvan ərazisindəki “Ərəzin” toponimi ilə bənzərlik təşkil etməsi diqqətçəkicidir. Bundan əlavə kitabənin mətnindən müəyyən etmək mümkündür ki, urartulular burada çox qalmamış bu ərazidən cənub istiqamətinə - Puluadi ölkəsinə hərəkət etmişlər. Kitabəyə əsasən Puluadi ölkəsində maldarlığın və qoyunçuluğun inkişafını da müəyyən etmək mümkündür. Bu ölkədə urartuluların ilahə Haldinin şərəfinə öküz və qoyun, onun arvadının şərəfinə isə inək qurban kəsmələri təsvir edilmişdir.
Kitabənin tərcüməsi
redaktəİlahi Haldinin əzəməti ilə İşpuini Sardurinin oğlu (və) Meniua İşpuininin oğlu Arsine şəhərinin ölkəsini zəbt etdilər. İş ölkəsini, Arsikua şəhərinin ölkəsini, Ayanianu şəhərinin ölkəsini zəbt etdilər, dağıtdılar. Pluadi ölkəsində onlar ilahi Haldiyə lövhə ucaltdılar (və) əmr verdilər: Puluadi ölkəsində ilahi Haldiyə öküz və qoyun, Haldinin arvadına inək (qurban) kəsilsin.[3]
Mənbə
redaktə- Naxçıvan tarixi. Üç cilddə I cild, Naxçıvan:Əcəmi, 2013, 452 s.
- Qaşqay S. Qədim Azərbaycan tarixi mixi yazılı mənbələrdə. Bakı:Təhsil, 2006, 148 s.
İstinadlar
redaktə- ↑ www.oglanqala.net
- ↑ Baxşəliyev V. Dəmir dövrünün şəhəri. “Naxçıvanda ilkin şəhər mədəniyyəti” saytının materiallarından - http://qedim.nakhchivan.az/ Arxivləşdirilib 2022-06-13 at the Wayback Machine
- ↑ Qaşqay S. Qədim Azərbaycan tarixi mixi yazılı mənbələrdə. Bakı:Təhsil, 2006, 148 s.