Ikimertebeli Karvansara Susa - Wikipedia
İkimərtəbəli karvansara — XIX əsrdə Şuşada inşa edilmiş karvansara.[1][2] Şuşanın Şeytan Bazar adlanan hissəsində mehmanxana tipli və iki mərtəbəli karvansaradır. On dokkuzuncu əsrin ikinci yarısında (1888–1889) Məşədi Hüseyn Mir Səyyaf oğlu, Hacı Əmiraslan bəyin karvansarasını alandan sonra, onu sökərək yerində inşa etdirmişdir.[3] Bu üzdən karvansara xalq arasında Hacı Səyyaf oğlu karvansarası kimi tanınırdı. Onun yerində məşhur Şuşa memarı Kərbəlayi Səfıxan Qarabaği Məşədi Şükür Mirsəyyaf oğlunun yeni tələblərə cavab verən karvansarasını tikdi. Mövcudluğunun ilk günlərindən o, Şuşada ən çox qonağı olan karvansaraya çevrildi. Məşədi Hüseyn vəfat edəndən sonra, oğlanları Qəhrəman və Məşədi Şükür karvansaranı şərikli işlətməyə başlayırlar. Bu karvansara istər böyüklüyünə, istərsə də memarlıq üslubuna görə, şəhərdəki digər karvansaralardan seçilirdi.[3]
İkimərtəbəli karvansara | |
---|---|
39°45′47″ şm. e. 46°45′23″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Status | Ölkə əhəmiyyətli abidə |
Şəhər | Şuşa |
Yerləşir | H.Rzayeva küçəsi, 9 |
Sifarişçi | Məşədi Hüseyn Mir Səyyaf oğlu |
Tikilmə tarixi | XIX əsr |
Üslubu | Şərq |
İstinad nöm. | 346 |
Kateqoriya | Qala |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Memarlıq quruluşu
redaktəMəşədi Şükür Mirsəyyaf oğlunun karvansarası ikimərtəbəli daş bina idi. İkinci mərtəbədə qonaqlar üçün iyirmi beş otaq vardı. Adətən, qonaqlar, tacirlər və nadir hallarda səyyahlar olurdu. Karvansaranın qalan hissəsində bir neçə tacir kontoru və otuza yaxın müxtəlif tacir dükanı yerləşirdi. Təzə karvansaranın yeniliyi binanın içərisində, ikinci mərtəbədə təxminən 9x8 metr ölçüdə ibadət zalı olan üçnefli məscidin olması idi.[4]
Fəaliyyəti
redaktəƏn yaxşı Avropa mehmanxanalarında olduğu kimi qonaqlara dərzilər, papaqçılar, bərbərlər və çəkməçilər xidmət göstərirdilər. Karvansara öz gözəl xidməti ilə tacirləri və səyyahları cəlb edirdi. Bugünkü dillə desək, nömrələrə təlabat o qədər çox idi ki, yaxınlıqda ikimərtəbəli bir binanın tikilməsi lazım gəlirdi. İkinci mərtəbədə kirayənişinlər qalırdı. Birinci mərtəbədə isə müxtəlif ticarət mağazaları vardı. Sovet dövründə Məşədi Şükür Mirsəyyaf oğlunun karvansarası ticarət kompleksinə çevrilmişdi
Tarixi
redaktəXIX əsrin ikinci yarısında (1888–1889) Məşədi Hüseyn Mir Səyyaf oğlu Hacı Əmiraslan bəyin karvansarasını alandan sonra söküb, yerində təzəsini tikdirmiş və xalq arasında Mir Səyyaf oğlunun karvansarası kimi tanınmışdır. Məşədi Hüseyn vəfat edəndən sonra oğlanları Ağa Qəhrəman və Məşədi Şükür karvansaranı şərikli işlətməyə başlamışlar, istər böyüklüyünə, istərsə də memarlıq gözəlliyinə görə şəhərdəki digər karvansaralardan seçilirdi.
- Birinci mərtəbədə iyirmiyə qədər dükan dəlləkxana, çəkməçi, dərzi, sərrac, papaqçı, nalbənd və sair dükanlar, bir neçə ticarət dükanı, dini ayinləri icra etmək üçün məscid fəaliyyət göstərirdi.
- İkinci mərtəbədə isə tacirlərin, səyyahların, ümumiyyətlə, şəhərin qonaqlarının dincəlməsi üçün 25 otaq vardı.
- Şimal tərəfdən — çöl tərəfdən əlavə 4 dükan, 3 böyük dalan və qapançı vardı.
- Karyansarada təkcə Qafqazın şəhərlərindən yox, həm də İran, İraq, Türkiyə, Ərəbistan, Orta Asiya, Rusiya və başqa Avropa ölkələrindən gələn tacirlər də qalırdı. Son dövrlərə qədər burda örtülü şəhər bazarı fəaliyyət göstərirdi.
Karvansara vəqf mülkiyyətinə daxil idi. Onun kitabəsindəki vəqfnaməni Əli Hacı Abbasoğlu yazmışdır. Vəqfnamənin mətni dörd parça əhəng daşı üzərində fars dilində nəstəliq xətlə qabarıq surətdə həkk olunmuşdur:
Yuxarıda: - Bismillahi ərrəhmani ərrəhim. Məşədi Mir Səyyafın oğlu, cənab müstətab (böyük hörmət sahibi) Məşədi Seyid Hüseyn aşağıda göstərilən əmlak və dükanlarını özünün tikdirdiyi Əqsa məscidinə vəqf edir (bağışlayır). Əvvəla, Böyük meydanın qərb tərəfində yerləşən karvansaranın hamısını. Sonra ona tabe olan və birləşən daxildəki hücrələri və əlavələri.
Sağ tərəfdə: - Ordakı yuxarı və aşağı mərtəbə, qarşıdakı karvansaranın xaricindəki dükanlar, şimalda vaqe olan dörd dükan. Hacı Sadıq oğlu Bağırın şərik olduğu on beş dükanın yarısı, şimal tərəfdəki üç qəssab dükanı, karvansara və dükanları ilə birlikdə hamısı Əqsa məscidinə şəri vəqf edilir.
Ortada: - Mütəvəllilərə (nəzarətçilərə) tapşırıq və xərcləmə qanunları. Əmlakdan gələn mədaxili - gəliri üç hissəyə ayırmaq lazımdır. Həmişə cərəyanda (dövriyyədə) olan birinci qismi, Allah eləməmiş, Əqsa Hüseyniyyə məscidi xərab olarsa, təmirinə xərc edilsin. İki qalan hissədən yüz manat mütəvəllilərin (başçıların) illik maaşına ayrılsın. İldə əlli manat da hər gün Hüseyniyyə məscidində camaat namazı qılan mollaya verilsin. Bir nəfər azançı və bir nəfər mücavirə (baxıcıya) ildə qırx manat.Hər il məhərrəm ayında mərsiyə oxuyan mollaya iyinni beş manat. Hər məhəlləyə ildə beş put qara neft və üç manat nəqd. İldə üç nəfər piyada zəvvara və dəfninə ehtiyac görülən yoxsul ölənlərin dəfninə 15–20 manat. Bahalıq illərində şəhər fağırlarına buğda, un və ya çörək almaq üçün üç yüz manat. Vəqf edənin dörd baş ailəsi üçün nəsilbənəsil (ömürlük) 530 manat. Yenə də vəqf edənin Məkkəyə getməsi və başqa xərcləri üçün 500-dən 700-dək. Bunları ayırdıqdan sonra nə qalarsa, hər həftənin cümə axşamı otuz fağırın hərəsinə üç manat.
Solda: - Hər il məhərrəm ayının birinci ongünlüyündə təkyələrdə su gətinnək, körpü salmaq, Qasım otağı bəzəmək, heydəri nəzir, ərəb dəstəsi düzəltmək və səkkiz girvənkə qənd almaq üçün hər birinə üç manat, Qarabağ camaatının müdaxiləsi - məsləhəti ilə mövqufat işlərini gönnək, əmlakı qoruyub-hifz etmək üçün nə qədər diridir, vəqf edənin iştirakı ilə xərclər edilsin.
Şəri vəqfın qaydaları yerinə yetirildi".[5]
İstinadlar
redaktə- ↑ www.karabakh.az. "ŞUŞA" (az.). 2018-07-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-13.
- ↑ "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı". e-qanun.az. 12 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 apr 2022.
- ↑ 1 2 map.virtualkarabakh.az. "İkimərtəbəli karvansaray" (az.). 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-13.
- ↑ "Çingiz Qacar, Köhnə Şuşa, Bakı, Şərq-Qərb nəşriyyatı, 2019, 344 səh". www.ebooks.az. 17 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 apr 2022.
- ↑ "Yunis Hüseynov,Şuşa salnaməsi. Şuşa nəşriyyatı, 2015". /www.ebooks.az. 27 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 apr 2022.
Xarici keçidlər
redaktə- İkimərtəbəli karvansaray
- Arxivləşdirilib 2020-08-14 at the Wayback Machine
- "İkimərtəbəli karvansaray Şuşa şəhəri, Şeytan bazar". https://karabakh.center. İstifadə tarixi: 30 apr 2022.