Uctepe Kurqanlari - Wikipedia
Üçtəpə kurqanları - Mil düzündə ilk tunc dövrünə aid arxeoloji abidə.
Haqqında
redaktəМil düzündə Üçtəpə adlı yerdə üç böyük kurqan aşkar olunmuşdur. Bu kurqanların biri 1960-cı ildə A.A.İessen tərəfindən tədqiq edilmişdir. Bu kurqanların ən böyüyünün hündürlüyü 17 m-dir. A.A.İessenin tədqiq etdiyi ən kiçik kurqanın hündürlüyü 13 m, diametri 130 m- dir. Açıq rəngli torpaq kurqanının altında, 12,8 m dərinlikdə, diametri 25m, hündürlüyü 2 m olan daş təpəyə rast gəlinmişdir. Ondan aşağıdakı qamış döşəmənin altından torpaq qəbir aşkar olunmuşdur. Qəbirin uzunluğu 13,8 m, eni 1,5 m, dərinliyi 2,6 m-dir. Qəbirin örtüyü yanğından qaralmış iki sıra ağac tirdən ibarətdir. Örtülmüş sahənin uzunluğu 24 m, eni 7,5- 8 m- dir.
Qəbir kamerasının içəri tərəfi və örtüyü güclü yanğına məruz qalmışdır. Onun içərisi qırmızı oxra və kömür qarışıq daşla doldurulmuşdur. Burada, həmçinin qızarmış və yanmış gil qab parçalarına da rast gəlinmişdir. Qəbirin kurqan örtüyündə müxtəlif yerlərdə ağ daş qapaq, oxra əzmək üçün daş plitə, daş həvəngin parçası, dən daşı və keramika qırıqlarına təsadüf edilmişdir. Qazıntı zamanı müəyyən edilmişdir ki, orta əsrlərdə burada qəbir qazılarkən, qədim qəbirə deşik açılmış və onun içərisi tamamilə təmizlənmişdir. Yalnız bundan sonra güclü yanğın baş vermiş və qəbir örtüyü dağılaraq içəri tökülmüşdür.
A.A.İessenin fikrinə görə, Üçtəpə kurqanı aşağıdakı şəkildə düzəldilmişdir. Əvvəlcə bu sahədə qəbir kamerası qazılmış, onun torpağı kənara çəkilərək kameranın kənarına daş düzüldükdən sonra oxra və müxtəlif əşyalarla müşayiət olunan dəfn prosesi olmuşdur. Qəbirin üzəri tirlərlə və qamışla örtülmüşdür. Bu örtüyün üzərinə gil qablar qoyulmuş və daş kurqan düzəldilmişdir. Daş təpənin üzərində yerli torpaqdan kurqan düzəldilmişdir. Мüəyyən edilmişdir ki, kurqan üç il ərzində müəyyən fasilələrlə düzəldilmişdir. Şübhəsiz ki, dəbdəbəli dəfn ritualı ilə düzəldilən Üçtəpə kurqanı tayfa başçısına aid olmuşdur. Çox təəssüf ki, kurqan qarət edilmiş və qəbir avadanlığı oğurlanmışdır.
Qəbirdən götürülən ağacdan alınan tarix e.ə. 2550+120, kömür analizi isə e.ə. 2887+230- cu ili göstərmişdir. Tədqiqatçılar bu qəbri e.ə. III minilliyin ortalarına və sonuna aid etmişlər.
Mənbə
redaktə- Vəli Baxşəliyev. Azərbaycan arxeologiyası. I cild. Bakı, 2006.