Cimerlik Gulesi - Wikipedia
Çimərlik güləşi ― Rəsmi olaraq 2005-ci ildən yarışları keçirilən güləş növü[1].
Çimərlik güləşi | |
---|---|
Ümumi məlumatlar | |
İcraçı qurum | Birləşmiş Dünya Güləşi |
İlk oyun | Lonq Biç, Nyu-York |
Xüsusiyyətləri | |
Tipi | Dünya miqyasında |
Cinsiyyətə görə | kişilər, qadınlar |
Beach Wrestling |
Tarixi
redaktəİlk dəfə 2004-cü ildə Beynəlxalq Birləşmiş Güləş Növləri Federasiyası (FİLA) dövründə çimərlik güləşi güləş növü kimi qeydiyyata alınıb[2]. Çimərlik güləşi həm kişilər həm də qadınların iştirak edə bildiyi idman növüdür. İdmançılar diametri 7 metr olan daxili qumla doldurulmuş çevrədə yarışırlar. Bu güləş növündə iştirak edən idmançılar yarışda güləş geyimi yox çimərlik geyimi geyinirlər. Bundan başqa onlar spandeks və ya idman şortlarından da istifadə edə bilərlər.
2015-ci ildə Beynəlxalq Birləşmiş Güləş Növləri Federasiyası (FİLA) beynəlxalq qaydalarda düzəlişlər etdi. Yeni qaydalara əsasən güləşçilər rəqibi yerə yıxaraq, dairədən kənara çıxararaq, və ya kürəyi üstə yıxaraq xallar əldə edə bilərlər[3]. İllik Dünya Çimərlik Güləş Çempionatlarına əlavə olaraq, çimərlik güləşi Gənclərin Olimpiya Oyunları, Asiya Oyunları, Aralıq Dənizi Oyunları və 2019 Dünya Çimərlik Oyunlarında yer almışdır[4]. Çimərlik güləşi üzrə Dünya Çempionatı seriyalar halında ilk dəfə 2019-cu ildən etibarən keçirilməyə başlamışdır.
Haqqında
redaktəYarış sahəsi
redaktəDünya Güləş Birliyinin təsdiq etdiyi çimərlik güləşi üzrə bütün yarışlar metal hissələri olmayan, qumdan fərqlənən tünd rəngdə 8–10 sm-lik lentlə dövrəyə alınan, diametri 7 metr olan dairədə keçirilir. Yarış sahəsi ən azı 30 sm narın qum qatı ilə doldurulmalıdır[5].
Qaydaları
redaktəGörüş yalnız ayaqüstü vəziyyətdə və fasilə olmadan 3 dəqiqə davam edir. Bütün fəndlərdə ayaqlardan istifadəyə icazə verilir. Hücum edən güləşçi ani olaraq dizini yerə qoyub fənd icra edə bilər. Ancaq həmin fənd uğursuz alınsa, yəni xal qazanılmazsa, o zaman rəqib güləşçiyə 1 xal verilir. Güləşçilərdən biri 3 və daha artıq xal qazanırsa, qarşılaşma vaxtından əvvəl başa çatır. Qarşılaşma 1:1 və ya 2:2 hesabıyla başa çatarsa, sonuncu xalı alan güləşçi qalib elan olunur. Görüş 0:0 başa çatarsa, çəkisi daha az olan güləşçi qalib elan olunur. Hər iki güləşçinin çəkisi eyni olarsa, püşkatmada kiçik nömrə çıxaran idmançı qalib elan olunur. Hər güləşçi görüş ərzində həkimin xidmətindən maksimum 2 dəqiqə istifadə edə bilər. Güləşmək üçün çağırılan idmançılar maksimum 2 dəqiqə ərzində yarış sahəsində olmalıdırlar[5].
Xalların qiymətləndirilməsi
redaktəÇimərlik güləşində fəndlər 1 və 3 xal ilə qiymətləndirilir[5].
- 1 xalla qiymətləndirilir:
— yarış sahəsində əllər nəzərə alınmadan bədənin hər hansı bir hissəsinin (baş, diz, qarın) yerə toxunması;
— güləş zonasından kənara çıxartma (baş və sinənin kənara çıxması da kifayət edir);
— qanunsuz hərəkət və aşkar passsivlik.
- 3 xalla qiymətləndirilir:
-ayaq üstə icra olunan fənd zamanı rəqibin körpü vəziyyətinə düşməsi.
Çəki
redaktəYarışın startından 2 saat əvvəl çəki prosesi olur. Çimərlik güləşində 3 yaş qrupu üzrə çəki kateqoriyaları mövcuddur[5].
Azərbaycanda çimərlik güləşi
redaktə2019-cu ilin sentyabr ayında Azərbaycanı təmsil edən Oyan Nəzəriani Xorvatiyanın paytaxtı Zaqrebdə çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsində çempion olaraq dünya çempionluğu kubokuna sahib çıxıb.[6][7]
2019-cu ildə Qətərin paytaxtı Dohada ilk Dünya Çimərlik Oyunları çərçivəsində Azərbaycanı çimərlik güləşi üzrə təmsil Pənah İlyaslı 70 kq çəki dərəcəsində gümüş[8], İbrahim Yusubov 80 kq çəki dərəcəsində gümüş[9], Oyan Nəzəriani isə +90 kq çəki dərəcəsində bürünc medala layiq görülüb.
21 sentyabr 2020-ci il tarixində Oyan Nəzəriani Çimərlik güləşi üzrə Azərbaycan yığmasının baş məşqçisi təyin edilib[10]. 11 sentyabr 2021-ci ildə Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə yeniyetmə və gənclərin Avropa çempionatı keçirilib. Çempionatda Oyan Nəzərianinin rəhbərliyi ilə Azərbaycanı təmsil edən 4 idmançının hər biri müxtəlif medallarla təltif ediliblər[11]. Onlar ümumilikdə 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar[12]. Azərbaycan yığması bu yarışda yeniyetmələr arasında komanda hesabında üçüncü yerə yüksəlib.
2021-ci il sentyabrın 26-da Rumıniyanın Konstanta şəhərində keçirilən çimərlik güləşi üzrə yeniyetmələrin və gənclərin dünya çempionatı keçirilib. Çempionatda Oyan Nəzərianinin rəhbərliyi ilə Azərbaycanı təmsil edən 4 idmançının hər biri müxtəlif medallarla təltif ediliblər. Onlar ümumilikdə 2 qızıl, 2 gümüş medal qazanıblar[13]. Yeniyetmələr arasında komanda hesabında isə üçüncü yerə layiq görülüblər[14].
2021-ci il sentyabrın 25-26-da Rumıniyanın Konstanta şəhərində keçirilən çimərlik güləşi üzrə böyüklər arasında dünya çempionatında Oyan Nəzəriani və İbrahim Yusubov hər biri gümüş medal qazanıblar[15].
İstinadlar
redaktə- ↑ "Beach Wrestling Committee" (ingilis). uww.org. 07.09.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13.01.2022.
- ↑ "Beach wrestling" (ingilis). fila-official.com. October 24, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 8, 2022.
- ↑ "Beach Wrestling Rules Adjusted". United World Wrestling. December 3, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 8, 2016.
- ↑ "UWW Disciplines". September 20, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 8, 2016.
- ↑ 1 2 3 4 "The Beach Wrestling World Series" (ingilis). cdn.beachwrestling.org. November 8, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 8, 2022.
- ↑ "Oyan Nəzəriani Zaqrebdə çempion oldu" (az.). awf.az. 7 sentyabr 2019. 16 sentyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.11.2022.
- ↑ "Zagreb Beach Wrestling World Series Final - Sep 2019" (PDF) (ingilis). unitedworldwrestling.org. 7-8 sentyabr 2019. 2022-01-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 02.11.2022.
- ↑ "Pənah İlyaslı Dünya Çimərlik Oyunlarında gümüş medal qazanıb" (az.). awf.az. October 14, 2019. October 16, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 8, 2022.
- ↑ "İbrahim Yusubov da Dünya Çimərlik Oyunlarının gümüş medalını qazanıb" (az.). awf.az. October 15, 2019. January 16, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 8, 2022.
- ↑ "Azərbaycan Güləş Federasiyasının iclası keçirilib". awf.az. 21 sentyabr 2020. 2020-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08.01.2022.
- ↑ "Çimərlik güləşçilərimiz Avropa çempionatında 4 medal qazanıblar" (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 13.09.2021. 08.11.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.11.2022.
- ↑ "Katerini Beach Wrestling World Series" (PDF) (ingilis). uww.org. sentyabr 2021. 08.01.2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 02.11.2022.
- ↑ "Çimərlik güləşçimiz Hüseyn Əliyev dünya çempionu olub" (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 23.09.2021. 23.09.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.11.2022.
- ↑ "Constanta Beach Wrestling World Series FINAL" (PDF) (ingilis). uww.org. sentyabr 2021. 08.01.2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 02.11.2022.
- ↑ "İki çimərlik güləşçimiz dünya ikincisi olub" (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 26.09.2021. 08.01.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.11.2022.