Celebi Xalcalari - Wikipedia
Çələbi xalçaları və ya Çələbirt xalçaları — Qarabağ tipinə aid olan xovlu xalça.
Xalça | |
Çələbi xalçaları | |
---|---|
| |
Toxunması haqqında məlumatlar | |
Üslubu | Qarabağ xalçaçılıq məktəbi[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi məlumat
redaktəQarabağ tipinə aid olan qədim xovlu xalçaları yaçlı xalçaçılar "Çələbi" adlandırsalarda həmin xalçaları çox vaxt "Çələbirt" adlandırırdılar. Əslində isə xalçanın adı "Çələbi"dir – sonralar xalça alıcıları və tacirlər tərəfindən təhrif olunmuş və Avropada xalça sənətşünasları "Çelabirt" kimi tanınmışdır. Bu xalçanın ilk dəfə hazırlandığı yer Bərdədən 10 km şərqdə yerləşən Çələbilər kəndi olmuşdur. "Çələbi" xalçalarının kompozisiyası və quruluşu məhz bu kənddə yaranmış və təkmilləşmişdir; daha sonra Dağlıq Qarabağda, Aranda və xüsusilə, XIX əsrdən Qazax əyalətində və digər xalçaçılıq məntəqələrində yayılmaqla, onlar müxtəlf adlar altında məşhurluq qazanmışlar.
Azərbaycanın cənub-qərbində yerləşən Qarabağ xalça məktəbi iki regionda — dağlıq və aran zonalarında inkişaf etmişdir. Yazılı mənbələrdə ərəb tarixçiləri Əl-Müqəddəsi, Məsudi və b. tərəfindən X əsrdən başlayaraq yun və pambıq emalı ilə məşğul olan iri sənətkarlıq mərkəzi kimi adı çəkilən Qarabağın Dağlıq zonasında XIX əsrdə xalça istehsalında Şuşa şəhəri və Daşbulaq, Dovşanlı, Girov, Trniviz, Malıbəyli, Çanaxça, Tuğ, Tuğlar, Hadrut, Muradxanlı, Qasımuşağı, Qubadlı, Qozağ, Mirseyid, Bağırbəyli, Xanlıq, Tutmas kəndləri əsas rol oynayırdılar. Dağlıq zonaya nisbətən xammalla, şübhəsiz ki, daha yaxşı təmin olunmuş aran rayonlarında Cəbrayıl, Ağdam, Bərdə və Füzuli xalça istehsalında əsas yer tutur. Bu mərkəzin hər birində əhalisi satış üçün intensiv şəkildə xalça toxuyan çoxlu miqdarda kəndlər mövcud olmuşdur. Öz bədii quruluşu, texnoloji xüsusiyyətləri, rəng həlli baxımından Zəngəzur və Naxçıvan xalça istehsalı mərkəzləri də Qarabağ xalça məktəbinə daxildirlər. "Aran", "Bağçadagüllər", "Balıq", "Buynuz", "Bərdə", "Bəhmənli", "Qarabağ", "Qoca", "Qasımuşağı", "Ləmbərani", "Muğan", "Talış", "Ləmpə", "Malıbəyli", "Xanqərvənd", "Xanlıq", "Xantirmə", "Çələbi", "Şabalıdbuta", və s. çeşnili xalça kompozisiyaları Qarabağ xalçaçılıq məktəbinin klassik nümunələrindəndir. Qarabağda evlərin interyerlərinə uyğunlaşdırılmış 5 xalçadan ibarət dəst xalı — gəbələr geniş yayılmışdır.[2]
Bədii analizi
redaktə"Çələbi" xalçasının orta sahəsinin kompozisiyası bir böyük naxışdan (göldən) və ya bir sıraya düzülmüş bir neçə böyük naxışdan (göldən) ibarətdir. Onlar, adətən 80 sm-dən 150 sm-lik ölçüdə olur. 16 ləçəkdən ibarət olan bu göllər XIV – XVI əsrlərin peşəkar rəssamlarının yaratdıqları əyrixətli medalyonları təlqin edir. Əvvəllər bu təlqin etmə qırıq xətlərlə edilirdi, lakin sonralar texnoloji proseslər nəticəsində, o, öz ilkin görünüşü itirməyə başladı, yerli stilə uyğun olaraq görünüşündə dəyişiklik baş verdi. Əvvəllər Bakıda, Bibiheybət məscidində saxlanılan XVIII əsr xalçası üçün də bu təlqin etmə və bənzətmə xarakterikdir. Tədqiqatlar sübut edir ki, orta sahəsində bir böyük naxışın olduğu xalçalar, orta sahəsində bir neçə böyük naxışın olduğu xalçalardan daha gözəl görünür. Təsdiq edici fakt olaraq, XIX əsrə aid olan belə bir xalçanın Londonda, Viktoriya və Albert muzeyində saxlanmasına əsaslanmaq olar.
Texniki xüsusiyyətlər
redaktəXovun uzunluğu 6–10 mm-dir.
İstinadlar
redaktə- ↑ rstml Karabakh Carpets – Designs and Patterns (ing.). 2010.
- ↑ "AZƏRBAYCANDA XALÇA SƏNƏTİNİN İNKİŞAFI". 2021-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-24.